!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fidan Axundova: “Mən həyatın “döydüyü”, övladı olmayan qadınam: nəyimə paxıllıq edirlər ki?”

!Reklam – Yazi

Bu görüş illər əvvəllər olmalıydı – qismət bu günə imiş… Onda məni cəlb edən nələrsə vardı. Və mən bu nələri onu – Fidan Axundovanı görən an anladım: onun gözləri qəlbinin səmimiyyətini pıçıldayırdı.

Sevilən aktrisanın Yenicag.az-a verdiyi müsahibəni təqdim edirik.

– Fidanı tanıyanlar “mərd, ağzıbütöv” xanımdır, deyirlər. Neçə illər sənətdə olan biri kimi dəyişmədən qalmaq çox çətindir.

image00002– Bayaq bir nəfər mənə deyir ki, sənə ona görə sirrimi deyirəm ki, səndən söz çıxmayacağına əminən. Başqa cür ola bilməz. Onda mən Fidan olmaram ki… Amma deyim ki, irəli getmək üçün gərək o girdaba düşəsən. Mən teatrda işlədim. Amma inanın ki, o girdaba düşmədim. Yenə də sözün düzünü dedim, özü də düz sahibinin üzünə… və bir gün başa düşdüm ki, mən o mühitdə qala bilmərəm.

– Xarakterin mane oldu?

– Hə, mən riyakarlığı, ikiüzlüyü bacarmadım. Və deyim ki, bu xüsusiyyətim mənə irəli getməkdə çox mane olub. Əgər bunları bacarsaydım, indi bilirsiz hardaydım? Elə yaxşı ki bacarmamışam. Yoxsa insanların sevgisini qazanmazdım. Çox şükür bu günə ki məni sevən tamaşaçılar var. Özü də ən çox ona şadam ki, daha çox qadınların rəğbətini qazanmışam. Yolda, tədbirlərdə, toylarda analar yaxınlaşır, şəkil çəkdirir, xoş sözlər deyirlər. Bundan böyük dəyər varmı? O anlarda şükür edirəm ki, demək insanlara içimdəki o işığı göstərə bilmişəm.

– Qadınların sevgisi də, nifrəti də başa düşüləndir. Allah kişilərin nifrətindən və dedi-qodusundan saxlasın.

image00006– Kişilərin qeybətindən olmaz… Son illər kişilərin qeybəti daha çoxalıb.

– Bir dağlı qızı üçün əsl kişi obrazı necədir?

– Qoruyan, idarə edən və yönəldən – mənim üçün əsl kişi obrazı budur. Baxmayaraq ki, mən dominant insanam, həmişə içimdə bir hökmranlıq, dediyimin olması hikkəsi var, amma düşünürəm ki, ailədə kişinin sözü keçməlidir. Kaş siz biləsiz ki, mən nə qədər narahat adamam. Evdə hamı yatar, Fidan qaza baxar, suyu bağlayar, işığa nəzarət edər. Xalam qızı deyir ki, sən balalarını qanadının altına yığan qırt toyuğa oxşayırsan. Evdə kim hara gedirsə, arxasınca gəzirəm.

– Evinizdə neçə nəfər var ki?

– Mənəm, bir də yoldaşım… Amma qonaq-qaram çox olur. Hətta onları yola salanda belə zəng edib, çatıb-çatmadıqlarını soruşuram. Bilmirəm yaxşıdır, ya pis, mühafizəkarlıq artıq mənim canımdadır. Yönləndirməyi sevirəm. Kişi xüsusiyyətlərim çoxdur. Oturum, baş verən bir hadisəni analiz edim, nəticə çıxarım, durum… əsl mənlikdir. Dəhşətli dərəcədə də qısqancam. Amma büruzə vermirəm.

– Sənin kimi qadının kişisi də qısqanc olar.

– Düzdür, o, mənə çox inanır. Amma istədiyim sərbəstliyi verməyib. Sizə bir söz deyim? Əgər mən kişi olsaydım elə qadın xasiyyətimdəki kimi kişi olardım. Çünki mən it kimi sadiq insanam. Özümü yanımdakı kişi üçün deyil, özüm üçün qoruyuram. Özümə artıq heç nəyi sığışdırmıram. Düşünürəm ki, güzgüyə baxanda da gözlərimdən utanmamalıyam. Mənimçün ən dəhşətlisi öz gözümdən düşməkdir. Hərdən bilirsiz, nə fikirləşirəm? O ikiüzlü, yaltaq insanlar var ey, görəsən onlar özlərini kənardan görürlər?

Uşaqlığım üçün darıxıram…

image00018– Həyatının 40-cı zirvəsinə hansı yaşdan baxırsan?

– (düşünür) Çox qəribədir ki, 37 yaşından deyirəm ki, 40 yaşım var. İnstaqramda 23 il bundan əvvəlki qrup yoldaşlarımı tapdım. Görüş təyin etdik, evdən normal çıxdım, yüksək əhvalda vədləşdiyimiz yerə getdim. Elə ki onları gördüm… Mən bütün görüş boyu ağladım. Hətta evdə də nə qədər ağladım. Onları görəndə başa düşdüm ki, sən demə, mən 17 yaşında uşaq olmuşam. O qızların simasında uşaqlığımı tapdım. Və anladım ki, mən uşaqlığım üçün darıxıram. Ümumiyyətlə, yaşım barədə düşünməkdən qorxuram. Mən yaşın rəqəmindən yox, görüntüdən narahatam.

– Məncə, sən həmişə formada olacaqsan.

– Yəqin ki… Bayaq evdən çıxmazdan əvvəl 10 dəfə güzgünün qabağında o yan-bu yana fırlandım, özümə baxıb, necə göründüyümü bacımdan soruşdum. Sonra da dedim ki, sən məni başa düşməzsən. Axı o məndən 10 yaş kiçikdir. Mənim də yaşım az olanda heç nə vecimə deyildi, baxmayaraq ki, onda daha toppuş idim, amma indi hər cizgimə önəm verirəm.

– Səncə, qadını güclü edən nədir?

– Söykəndiyi çiyin, bir də mənəvi yükü… Əgər söykəndiyin çiyin güclüdürsə, içinin yükü elə də ağır olmayacaq, vay o günə ki qadın təkbaşına qala, əsl dəhşət ondadır. Baxın, mənim 40 yaşım var, uşağım yoxdur. Amma mən bunun ağırlığını elə də hiss etmirəm. Çünki məni güclü edən kişi bütün əskiklikləri doldurur, hər şeyi əvəz edir. Düz 8 ildir… Bir kəlmə desin ki, hər şey yaxşı olacaq, dünyam gülüstana dönür. Mən ona elə inanıram ki… O dəqiqə ruhlanıram və düşünürəm ki, “hə, deməli, həqiqətən də hər şey yaxşı olacaq, çünki bunu kişi dedi”.

– Bəlkə sən övladlığa uşaq götürüb saxlayasan?

– Yox, yad adamın uşağını götürə bilmərəm. Özümüzünkülərdən kiminsə uşağı olsa… bəlkə qərar verərəm.

– Belə çıxır ki, sən “Pərvanələrin rəqsi” serialında öz obrazını yaratmısan?

– Demək olar ki… Amma oynadığım Aytən obrazı ilə bir fərqliliyimiz var: mən heç vaxt ana ola bilməyəcəyimi həyat yoldaşımdan gizlətməzdim. Və əgər bilsəydim ki, həyat yoldaşım kimisə sevir, onu heç vaxt məcburən yanımda saxlamazdım. Buna qürurum yol verməzdi.

image00004– Demək, sən bu gün sevdiyin kişinin çıxıb getməsinə sakitcə icazə verərsən?

– Çox rahat şəkildə gedə bilər; əgər bilsəm ki, o adam məni yox, başqasını sevir. Bu gün də ona deyirəm ki, əgər hiss etsən ki, daha məni sevmirsən, de və get. Özümü o dərəcədə əzdirmərəm ki, ya öyrəşmək, ya da yazığı gəlir deyə, yanımda olsun, yox… Mütləqdir ki, ailədə sevgi olsun. Mən sevgi qadınıyam, sevgisiz yaşaya bilmərəm. Allahımı, özümü, yoldaşımı, doğmalarımı, gördüyüm işi, hətta bişirdiyim yeməyi belə sevirəm. Və bu, ölüncəyə qədər belə olacaq.

AzDRAMA-nın rəhbərliyi ilə yola gedə bilmədim

– Səhv etmirəmsə, sən bir müddət Akademik Milli Dram teatrında da çalışmısan.

– Bəli, amma orada işləməyimin ömrü uzun çəkmədi. 2004-cü ildə, öz xahişimlə ərizə yazıb, işdən çıxdım.

– Niyə?

– Rəhmətlik Əliabbas Qədirovla yola gedə bilmədim. Onda mən televiziyada da fəaliyyət göstərirdim. Dedilər seç: ya televiziya, ya teatr?! Mən də televiziyanı seçdim. Və düşünürəm ki, heç də səhv etməmişəm. Həm də bir az əhval-ruhiyyə adamıyam; səhər işə get, axşam qayıt… bu, mənlik deyil. Yəni mən çərçivələrə sığmayan adamam. Amma etiraf edim ki, hərdən teatr üçün darıxıram. Çox istərdim ki, bu gün Medeya obrazını oynayım. Bir də mənfi xarakterləri canlandırmaq istəyirəm. Rejissorlardan soruşuram ki, niyə mənə mənfi rol vermirsiz? Deyirlər, axı sənin simanda o yoxdur. Elə məsələ də bundadır da… Mən o rolu simamım əksinə olaraq elə yaradaram ki… Çünki orda iş var. Mülayim, gülərüz obrazları yaratmağa nə var ki….

– Yəni bunu sənin simanda görəcək bir rejissor tapılmadı?

– Əslində, Rövşən İsax bunu etmək istəyirdi. Sonra nəsə fikrindən daşındı.

– Mənimçün bir nüans maraqlıdır: dağlı qızı hara, aktrisalıq hara?

image00022– Əslində, mən tibb texnikumunu bitirmişəm, ixtisasca tibb bacısıyam. Hətta əməliyyat blokunda cərrah köməkçisi də işləmişəm. Düz 1 il çalışdım; o bir ildə iki ölüm gördüm. 20 il keçib, o ölümlər hələ də yadımdadır. Bir gün başa düşdüm ki, bu iş mənlik deyil, qandan qorxuram. Sonra teatra üz tutdum, yumşaq da səsim vardı. Yoxladılar dedilər, səndən yaxşı aktrisa olar. İlk tamaşamı da elə Akademik Milli Dram Teatrının səhnəsində, pantomim rolla oynamışam. Sonra İncəsənət Universitetinə qəbul oldum, Həsən Turabovun kursunda oxudum. Amma düşünürəm ki, günü bu gün də teatrda olsam, məsuliyyətsiz aktrisa olardım. Yəni birdən kefim istəməz, tamaşaya da getmərəm, hər şey alt-üst olar.

– Ailənizin kişiləri Fidanın aktrisalıq qabiliyyətini necə qiymətləndirir?

– Atam arada gülümsünür, hiss edirəm ki, rollarım xoşuna gəlir. Yoldaşım isə deyir ki, əgər sənin istedadsız olduğunu hiss etsəydim, oturub səninlə söhbət edər, bu yoldan çəkindirərdim. Əslində, heç onun nəsə deməyinə ehtiyac da qalmazdı. Mən özüm çəkilərdim. Çünki özüm-özümü yeyən adamam, mənə tənqidçi lazım deyil. Baxın, mən neçə illərdir şeir yazıram, amma üzə çıxartmıram, ayıbdır axı, mən şair deyiləm ki….

– Çöhrəsi bu qədər gözəl olan Fidanın qüsurları nədir?

– Diqqətsizəm. Bir insanla saatlarla söhbət edərəm, o gedəndən sonra onun əynində nə olduğunu qəti şəkildə yadıma sala bilmərəm. Bilirsiz niyə? Çünki mən ünsiyyətdə olduğum insanın gözlərinə baxıram, əyninə yox. Mənə insanın gözləri, sözləri, bir də aurası maraqlıdır. Mən o qədər hissiyyatlıyam ki… Hətta inanmazsız ki, mən hər gün nənəmi yanımda hiss edirəm. Mən onun ən sevimli nəvəsi olmuşam.

– Sevimli nəvə, övlad, qadın, aktrisa… Göz-nəzər yıxar səni…

– Əslində, mənim elə birinci evim göz-nəzərdən dağıldı. Vallah, mən bu insanları anlamıram. Ay Zakirə xanım, sizcə mənim nəyimə paxıllıq edirlər? Baxın, qadın kimi həyat tərəfindən yetərincə döyülmüşəm. Deyim ki, həddən artıq şanslı da deyiləm. Övladım da yoxdur. Elə də dəbdəbəli həyat yaşamıram. Axı bir qadın mənim nəyimə paxıllıq edə bilər ki? Bilmirəm vallah. Bəzən elə suallar olur ki, cavabını tapmıram.

– Bu gün ən ali duan nədir?

image00010– Özümə, doğmalarıma can sağlığı arzulayıram. İkinci, qəlb rahatlığı, bir də “bəsdir” deyənə qədər ruzi…

– Bəs övlad?

– O Allah verən paydır. Versə də, verməsə də məsləhət onundur.

– Bəlkə sən ürəkdən istəyəsən…

– Qorxuram. (səsinin tonu dəyişir) Bilirsiz, mən övlad məsələsini hələ də özümdə dəqiqləşdirməmişəm. Hələ də bilmirəm ki, mən ana olmaq istəyirəm, ya yox. Anam həmişə deyir ki, sən ana olmadan ana olmusan. Çünki mən ömrüm boyu bacı-qardaşımın qayğısını çəkmişəm. Hətta bir dəfə soruşdum ki, ay mama, mən sənin nəyinəm? Dedi, atam da, anam da, bacım da, qardaşım da, oğlum da, qızım da sənsən. Dedim, çəkə bilmirəm axı. Dedi, çəkərsən. Həyatımda elə hadisələr baş verdi, mən elə təlatümlərdən çıxdım ki… sonda bir şeyi dəqiqləşdirdim: bu həyatda yük çəkmək üçün doğulmuşam. Çiyinlərim yorulsa, ayaqlarım titrəsə də….

Zakirə Zakirqızı
Yenicag.az

Fotoqraf: Cəmalə Əlizadə

www.yenicag.az

9789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv