!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Finca Azərbaycan” Qarabağ əlilini intihara sürükləyir – Müraciət

!Reklam – Yazi

1454938694_finca2Tovuz rayonu, Vahidli kənd sakini, II qrup Qarabağ əlili Abdullayev Elbrus Sakit oğlu prezident İlham Əliyevə müraciət edib. KIV-lərə də göndərilən məktubda Qarabağ əlili “Finca Azərbaycan” bank olmayan kredit təşkilatının (BOKT) ona yaratdığı problemin həllində dəstək istəyir.

Məktubu olduğu kimi təqdim edirik:

Möhtərəm prezident!

Mən 2-ci qrup Qarabağ müharibəsi əliliyəm. Əlil olduğuma görə iş tapmağım demək olar ki, mümkünsüzdür. 3 kiçik yaşlı övladımı dövlətimizin biz əlillərə verdiyi pensiya-müavinət və həyat yoldaşımın aldığı 140 manat maaşla birtəhər dolandırırıq.

2015-ci ilin sentyabr ayında uşaqların böyüdüyünü, xərclərin artdığını nəzərə alıb, heyvan almaq məqsədilə “Finca Azərbaycan” bank olmayan kredit təşkilatının Tovuz filialına kredit üçün müraciət etdim.

Təşkilatdan bildirdilər ki, istədiyim 6 min AZN-in hamısını manatla verə bilməzlər, yarısı dollarla olmalıdır. Onların təkidi ilə 3 min manat və 3 min dollar olmaqla iki kredit götürdüm. Həmin kreditlərin birinə 135 dollar, birinə də 135 manat aylıq ödəniş edirdim. Bundan əvvəl də həmin qurumdan kredit götürmüşəm və hər ay vaxtlı-vaxtında, hətta vaxtından əvvəl ödənişlərimi etmişəm. Başqa banklarda da adıma kredit olub, mən müsbət tarixçəli müştəriyəm, heç vaxt gecikdirməmişəm ödənişlərimi, banklar qarşısında öhdəliyimi qüsursuz yerinə yetirmişəm. Lakin ötən ilin dekabrında ikinci devalvasiya baş verəndən sonra “Finca Azərbaycan”la aramızda problemlər yaşanmağa başladı. Quruma bildirdim ki, mən artan faizləri ödəyə bilməyəcəm, əvvəlki məbləği ödəyəcəm.
Möhtərəm prezident! Mənim aylıq pensiya və müavinətim son artımdan sonra 330 manat civarındadır. Bu, o deməkdir ki, aldığım pensiya və müavinəti az qala bütünlüklə kreditə ödəyirəm. Krediti təsərrüfatımı genişləndirmək üçün götürmüşdüm. Bu məqsədlə 1500 manatdan heyvan almışam, indi isə həmin heyvanın bazarda qiyməti 700-800 manata düşüb. Yəni dolanışığım çətinləşib. Bununla belə, mən krediti ödəməkdən tam imtina etməmişəm, BOKT əməkdaşlarına da bildirmişəm ki, mənə güzəşt edilsin, hələlik köhnə məzənnə ilə ödəniş edim, kredit müddətinin sonunadək imkanım olarsa artan faizləri də ödəyərəm. Lakin onlar mənim heç bir xahişimə məhəl qoymadılar.

Xüsusilə maliyyə naziri Samir Şərifovun sonuncu açıqlamalarından sonra tələbləri artdı. Belə ki, öncə məni ofisə dəvət edib ağ kağıza imza atdırmaq istədilər. Guya mənə ediləcək güzəşti rəhbərliklə razılaşdırıb ora yazacaqlar. Haqqımı-hüququmu, yaşadığım ölkənin qanularını bildiyim üçün bundan imtina etdim. Bu dəfə mənə təklif etdilər ki, dolları yeni məzənnə ilə hesablamaqla, üstəlik də əsas borcun faizini də üzərinə gəlməklə hesablayıb, alınan məbləği də yenidən 23 faizlə mənə kredit versinlər. Bu zaman müddəti 5 ilə uzadacaqlar və nəticədə mənim aylıq ödənişim azalacaq. Amma hesablayanda aydın olur ki, mən indiyədək qaytardıqlarımdan əlavə onlara 8500 manat da ödəməliyəm.

Bu, o deməkdir ki, mən götürdüyüm kreditin 50-60 faizindən də çox faiz ödəməliyəm. Halbuki Siz özünüz də dəfələrlə bildirmisiniz ki, banklar yüksək faizlə kredit verməyi dayandırmalıdırlar. Belə çıxır ki, sizin çağırışlarınıza heç bir məhəl qoyulmur, əyalətdi, ucqar rayondu deyə banklar və BOKT-lar istədiklərini edirlər.

Mən bir neçə dəfə BOKT-a gedib ödəniş etmək istədim, məndən manatla ödəniş qəbul edilmədi. Tələb etdilər ki, dollar alıb dollarla ödəyim. Guya onların ixtiyarı yoxdur manatla ödəniş qəbul etməyə. Bu halda sual yaranır ki, bəs dollar bahalaşanadək niyə qəbul edirdilər? Tovuz ucqar rayondur, dollar tapılmır, tapılan da rəsmi məzənnədən çox baha qiymətə satılır.

Cənab prezident!

Məlumunuz olsun ki, yalnız mən belə durumda deyiləm: yüzlərlə, minlərlə insan xalqın, dövlətin çətin günündən yararlanaraq beşqat qazanc əldə etmək istəyən fırıldaqçıların qanunsuz əməllərindən cana doyub.

Onlar kimlərəsə arxayın olub sadə insanları dövlətdən, Sizdən narazı salmaqla məşğuldurlar.
İnsanlar həddən artıq çətin durumdadırlar, hər kəs ümidlə hansısa güzəştin ediləcəyini gözlədiyi halda maliyyə naziri Samir Şərifov açıqlama verərək vaxtında bankların yüksək faizlə kredit verməsinin qarşısının alınmamasını tənqid edir, indi heç bir güzəştin olmayacağına işarə vurur, bu qurumlar da həmin çıxışdan vəcdə gələrək vətəndaşların üzərinə gedirlər. Vətəndaşlar isə çıxış yolunu bir çox hallarda ölümdə, intiharda görürlər.

Möhtərəm prezident!

“Finca Azərbaycan”ın yerli şöbəsi hər dəfə məni məhkəməyə verilməklə hədələyir. Dövlətimin, xalqımın yolunda canımı qurban verərəm, uf demərəm. Amma bu fırıldaqçıların təzyiqi ilə həbs olunmaqdansa, 3 övladımla birlidə intihar etməyi daha üstün tutaram.

Xahiş edirəm, məni və ailəmi bu fırıldaqçıların, soyğunçuların təzyiqlərindən qoruyun! Təşkilatla aramızda yaranan problemin həllində yardımçı olun”.

AFN.az olaraq məsələyə qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. “Finca Azərbaycan”da bizi səbrlə dinləyib və sorğu təqdim etməyimizi xahiş etsələr də, ünvanladığımız sorğuya cavab verməkdə o qədər də maraqlı olmadılar. Sadəcə, bildirildi ki, “FINCA Azerbaijan” rəhbərliyinin mediada gedən sonuncu müsahibəsində müştərilərə hazırkı iqtisadi şəraitdə kömək edilməsi üçün bir sıra addımlar atıldığı qeyd edilib.
Qeyd edək ki, BOKT-un direktoru Timoti Tarant mətbuata müsahibəsində müştərilərə güzəşt edildiyini(?) vurğulayıb: “İndiki çətin iqtisadi şəraitdə yeni məzənnə rejiminə keçə bilmələri üçün biz hər bir müştəri ilə fərdi işləyərik və əlimizdən gələni edib onlara kömək etməyə çalışırıq.
Kredit müddətini artırırıq. Bəzi müştərilərimizə krediti manata çevirmək imkanı yaradırıq. Bəziləri üçün gözləmə müddətinin vaxtını artırırıq. Hər bir təklifimiz müştəri ilə olan əməkdaşlıq münasibətlərindən asılı olaraq dəyişir və onların ödəmə qabiliyyəti nəzərə alınır. Müştərinin müsbət kredit tarixçəsinin olmasını, bizimlə uzun müddət əməkdaşlıq etməsini və s. amilləri də nəzərə alırıq”.
Göründüyü kimi, cənab Timoti Tarant da konkret olaraq güzəşt edildikdə əlavə faizlərin hesablanıb-hesablanmadığını bildirməyib.

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv