yenicag.az
yenicag.az

Flora Kərimovanın qızı: “…, yalnız ondan əziyyət çəkmişəm”

Flora Kərimovanın qızı: “…, yalnız ondan əziyyət çəkmişəm”

Müəllif: Redaktor

Editor

60076_yhnwnctza3Flora Kərimovanın qızı həyat yoldaşından ayrılma səbəbini açıqladı

Yenicag.az teleqraf.com-a istinadən xalq artisti Flora Kərimovanın Londonda yaşayan və fəaliyyət göstərən qızı Zümrüd Şəfiyeva ilə müsahibəni təqdim edir:

– Zümrüd xanım, Londonda yaşayırsınız. Gəlişinizin səbəbi nədir və nə qədər vətəndə qalacaqsınız?

– Həmişəki kimi anamı, ailəmi görmək istədim. Eləcə də, dostlarımı. Həmişə deyirəm, “çox xoşbəxtəm”. Hər zaman yaxşı dostlar qismətim olub. Vətənim üçün darıxmışdım. Oktyabrın sonunadək burada qalacağam.

– Bildiyimizə görə, Londonda həm təhsilinizi davam etdirirsiniz, həm də işləyirsiniz?

– Londonda psixologiya fakültəsini bitirmişəm. Artıq kliniki psixologiya üzrə təcrübə keçirəm. İnşallah yaxın günlərdə doktoranturaya daxil olmağa hazırlaşıram. Fiziki və əqli xəstələrin sosial müdafiə sistemində işləyirəm. Dövlət tərəfindən maliyyələşən o tipli mərkəzlər psixoloqlar və həkimlərlə əlaqədə işləyirlər. Londonda xəstəliyə bir həyat tərzi kimi baxırlar, xəstəlik kimi deyil. Maksimum dərəcədə insanların xəstəliyə adaptasiyasına çalışırlar və xəstə insanların müstəqil olmasına şərait yaradırlar. İki ildir ki, o sistemdə işləyirəm. Amma yaxın günlərdə ikinci işə də düzəldim. Dövlət xəstəxanasında psixoloq köməkçisi kimi fəaliyyət göstərirəm. Çox məsuliyyətli bir işdir.

– Ailə həyatı qurduqdan sonra Londona köçdünüz. Bu proses necə oldu?

– Bəli 2006-cı ildə ailə qurdum və Londona köçdüm. O ailə uzun müddət İngiltərədə yaşayırdı. Keçmiş həyat yoldaşımla Bakıda tanış olmuşduq, Bakıya tez-tez gəlib-gedirdilər. Ailəvi münasibətlərimiz vardı, anası anamla rəfiqə idi, ancaq mən onu tanımırdım. Əslində, bizim ailə qurmağımızın öz tarixçəsi var. Bir-birimizi sevib evlənməmişik. Anam və keçmiş qayınanam Tərlan xanım arasında anlaşma oldu ki, bizi evləndirsinlər. Evlənməmişdən bir həftə əvvəl bildim ki, toyum olacaq. Yoldaşım o vaxt BBS-nin rus bölməsində prodüser işləyirdi. Ümumiyyətlə, o zamanlar çox qəribə qız idim. Münasibət, ailə qurmaq və övlad haqqında heç düşünmürdüm. Öz qapalı dünyam var idi, daha çox təhsil və karyera haqqında düşünürdüm. O zaman belə qızlar çox deyildi.

– Ailə qurduqdan sonra Londonda yaşamağa başladınız və həm də təhsil aldınız. Bu haqda danışmağınızı istərdik…

– Londonda yaşamağa başladıqdan sonra təhsilimi davam etdirmək qərarına gəldim. Həkim kimi işləmək istəyirdim, amma tibbi təhsil qərb ölkələrində çox vaxt tələb etdiyi üçün tibbə yaxın olan və uzun müddət marağında olduğum sahəni, kliniki psixologiyanı seçdim. Sənədlərimi London Şəhər Universitetinə verdim və qəbul edildim. Universitetdən əvvəl kollecdə oxumuşam, çünki ingilis dilinin qrammatikasını asanlıqla mənimsəməyimə baxmayaraq, o dildə səlis danışa bilmirdim.

– Yoldaşınızdan ayrılmısınız. Ayrılığa səbəb nə oldu?

– Öncə onu bildirim ki, keçmiş həyat yoldaşımla yeddi il bir yerdə olduq və o illərin bir günü üçün belə peşman deyiləm. Çünki çox gözəl anlar yaşandı. Çox yaxşı insan idi. Ailəsi və yaxınları da məni çox sevirdilər. Ancaq təbiətcə olduqca müxtəlif insanlar idik. Həyat fəlsəfəmiz uyğun gəlmədiyinə görə ayrıldıq. Hazırda onunla deyil, ailəsi ilə əlaqəm var. Bununla yanaşı, yaxın qohumları ilə də çox isti münasibətim davam edir.

– İkinci dəfə ailə qurmağı düşünürsünüzmü? Həyatınızda kimsə varmı?

– Bəli, hər bir qadın kimi, mən də ailə həyatı qurmaq istərdim. Təbii ki , mənim yaşımda olan xanımların pərəstişkarları olur və mən də istisna deyiləm. Amma həyatımın yoldaşı adlandıracağım biriylə hələ tale qovuşdurmayıb məni. Bu görüşün mənə nəsib olacağına inanıram, lakin nə zaman baş verəcəyini yalnız Allah bilir…

– Doqquz ildir ki, Londonda yaşayırsınız. Bu illər ərzində ingilislərdən hansı xüsusiyyətləri götürmüsünüz?

– İngilislərdən təmkinli olmağı, rahatlığı və sərbəstliyi öyrənmişəm. Şərq insanları çox emosional olur. İngilislər soyuq görsənsələr də, ünsiyyətdə çox sadə və mülayimdirlər. Onlar ünsiyyət mədəniyyətinə çox fikir verirlər. Təbiətən qapalı bir insan olduğum üçün Bakıda yaşayanda özümü daxilən bir o qədər rahat və sərbəst hiss etmirdim. Orada daxili baryerim götürüldü. London dünyanın ən tolerant şəhəridir. Orada çox ölkələrin mədəniyyəti təmsil olunur. Dünyanın hər bir ölkəsinin nümayəndəsi var və hər xalqın nümayəndəsi öz mədəniyyətini, adət-ənənəsini, yaşam tərzini təmsil edir. Onlarla qurulan ünsiyyət insanın dünyagörüşünü çox sürətlə inkişaf etdirir. İstənilən ölkənin mədəniyyətindən agah olursan, sanki dünyanın nə qədər maraqlı, rəngarəng ve məstedici olduğunun fərqinə varmağa başlayırsan. Bu da insanın həyat fəlsəfəsini və dünyaya baxışını çox dəyişdirir.

– Nə vaxta qədər Londonda yaşamağı düşünürsünüz?

– Təbii ki, hər zaman Azərbaycan üçün darıxıram. Və həmişə söyləyirəm ki, rahatlığım yaşadığım ölkəyə, qəlbimdəki sevgim isə vətənimə bağlıdır. Nə vaxta qədər Londonda yaşayacağım haqqında dəqiq fikir bildirə bilmirəm. Çünki taleyimiz bütövlüklə bizdən asılı deyil. Həyatımızın necə qurulacağını yalnız Allah bilir. Ona görə də şəxsi həyatım ve karyeram ilə əlaqədar əvvəlcədən nəsə söyləyə bilmərəm.

– Azərbaycanda evlənib burada yaşamağa razı olarsınızmı?

– O ailə quracağım şəxsin insani keyfiyyətlərinə bağlıdır. O insanda daxili dünyamın əksini görsəm təbii ki, razı olaram.

– İlk evliliyinizi sevgi əsasında qurmamısınız. İkinci evliliyinizi sevgi, yoxsa məntiq əsasında quracaqsınız?

– Fiziki bağlılıq çox tez rəngini itirir. Hər iki tərəfin həlledici məqamlarda baxışları eyni olmalıdır. Demirəm ki, həyata baxışları və xasiyyətləri tamamilə eyni olsun, yox, çünki elə olduğu halda da insanlar bir-birindən tez bezirlər. Düşünürəm ki, cütlüklərin münasibəti qurulan zaman bir-birinə baxmaqdansa, eyni istiqamətdə baxsalar daha möhkəm olar.

– Çox sadə bir xanımsınız. Bu sizin xarakterinizdir, yoxsa xaricilərdən götürdüyünüz bir xüsusiyyətdir?

– Bu xüsusiyyət mənim xarakterimdir. Uşaqlıqdan beləyəm və sadə olmağım təbii halımdır. Sadə olmamağımın də səbəbini başa düşmürəm və niyə də sadə olmamalıyam? Mən Flora Kərimova deyiləm axı. Baxın, Flora xanım həqiqətən də sadə insandır, sadəliyinə heyranam, hətta səcdə edirəm. Ümumiyyətlə, həyatda sadə insan olmaq lazımdır, sadəlövh yox. İnsan özünə hörmət etməlidir. Çünki sadəlik insana yalnız baş ucalığı gətirir.

– Bəs, Flora xanım ana kimi necədir?

– Əvvəlcə yaxşı şeylərdən danışaq, çünki cüzi iradlarım da olacaq (gülür). İndiyə qədər heç yerdə bu haqda danışmamışam.Uşaqlıqdan sevgi içində böyümüşük. Sevgi uşağı yedizdirmək, gəzdirmək ve geyindirmək deyil. Sevgi deyəndə nədənsə bəzi valideynlər elə bilir ki, söhbət maddi xərclərdən gedir. Sevgi valideynin fiziki və qəlb istiliyinin övladına verməsi, övladının daxili dünyasından xəbərdar olması deməkdir. Və Flora xanımın bu qabiliyyəti o qədər nəhəngdir ki, söz tapmaq belə çətindir. Düşünürəm ki, bu xüsusiyyəti onun daxili dünyasının zənginliyidir. İndi gəlirəm cüzi iradlara (gülür). Nə olardı, Flora xanım mənə bir qədər müstəqillik verəydi? Həyatda yalnız ondan əziyyət çəkmişəm. Lakin anlayıram ki, o, bunu sevgisinin çoxluğundan edib.

– Bütün analar elədir…

-Təbii ki, elədir. Razıyam sizinlə. Sadəcə, psixologiya elmindən xəbərdar olan biri kimi qeyd etmək istərdim ki, uşağı sevib, qayğısına qalmaqla bərabər, ona müəyyən qədər müstəqillik və seçim imkanı vermək vacibdir. Uşaq özünü sərbəst və müstəqil hiss etməlidir. Mən xaraktercə sakit insan olmuşam. Uşaqlıq illərimdə daxili sərbəstliyim olmadığına görə, gənclərin çoxunda olduğu kimi, müəyyən komplekslərim də olurdu. Şükür Allaha, artıq o komplekslərdən azadam. Bunda İngiltərənin böyük rolu oldu. Valideynlərə tövsiyə edirəm ki, övladlarını qorumaqla yanaşı, onlara müstəqil varlıq kimi davranmağı unutmasınlar.

– Bir az da uşaqlığınızdan danışaq. Uşaqlıq illəriniz necə keçib?

– Uşaqlığım anamın sevgisi, Yaqut xanımın qayğısı, qardaşımın nazımla oynaması ilə keçib. Yeddi yaşım olanda atam dünyasını dəyişib.Və əfsuslar olsun ki, atam haqqında çox danışa bilmirəm. Sadəcə, onun ağır, təmkinli və işıqlı obrazı yadımdadır. Çox danışmağı sevməzdi, aşağı səs tonu vardı. Atamın incəsənətlə əlaqəsi yox idi, amma anam deyir ki, fortopianoda ifa etməyi bacarırdı. O, Azərbaycanın ilk iş adamlarından idi. Mənim bəxtim gətirib ki, valideynlərimin ikisi də həyatda çox layiqli yer tutmaqlarına baxmayaraq, vicdanlı ve sadə insanlar olublar.

– Flora xanım sənət adamıdır. Uşaqlıq ilərinizdə sizə yetərli qədər vaxt ayıra bilirdimi?

– Təbii ki, vaxt ayıra bilirdi. Flora xanım çox xoşbəxt insandır ki, onu ətrafında sevən və qayğısına qalan insanlar var. Ona görə Yaqut xanıma “çox sağ ol” demək istəyirəm. Çünki o bütün məişət qayğılarını öz çiyinlərinə götürmüşdü və hazırda da elədir. Flora xanım bu qədər şanslı olduğuna görə özümü də çox xoşbəxt hiss edirəm. Bu qədər sevilmək, çox adama qismət olmur.

– Flora Kərimovanın qızı kimi sizi cəmiyyətdə necə qarşılayırlar?

– Hər zaman yalnız dərin rəğbət və səmimi sıcaqlıq görmüşəm.

Müsahibə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti