!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

G-20 hansı dərdlərə dərman olacaq? – Şərh

!Reklam – Yazi

n_75061_1Natiq Miri: “G-20-lərin görüşündə Suriya məsələsinin öz həllini tapacağını düşünmürəm”

Noyabrın 15-16-da Türkiyədə G-20-in növbəti sammiti işinə başlayacaq. Burada artıq münasibətləri çoxdan soyumuş ABŞ-la Rusiya rəhbərlərinin üz-üzə gələcəyi gözlənilir. Eyni zamanda, hər iki dövlər arasınd mühüm məsələlər üzrə müzakirələr də yəqin ki, sammitdə diqqət mərkəzində olacaq. Bu fonda G-20-in Türkiyə sammitində Vaşinqtonla Moskva arasında əvvəlki soyuqluğun müəyyən qədər aradan qaldırılması, Suriya, Ukrayna kimi məsələlərdə narazı məqamların azaldılması istiqamətində müəyyən irəliləyişlərin ola biləcəyini görəsən gözləməyinə dəyərmi?

Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, bu sammitdə Moskva ilə Vaşinqtonun Suriya və Ukrayna məsələsində yaxınlaşması istiqamətində ciddi addımların atılacağını düşünmür: “G-20-lərin Türkiyə sammitində əsas müzakirə mövzularından biri sözsüz ki, Suriya məsələsi olacaq. Suriya problemi hazırda Qərb dünyasını da humanitar səviyyədə vurmağa başlayıb. Artıq yarım milyona qədər Suriya və digər Yaxın Şərq ölkələrindən insanlar Avropaya qaçıb. Bu humanitar faciənin qarşısını almaq üçün Suriya məsələsi həmin tədbirdə bir nömrəli məsələ olacaq. Ancaq bu çərçivədə Suriya məsələsinin öz həllini tapacağını düşünmürəm. Fikrimcə, Rusiya Suriyaya müdaxilə etməklə prosesi uzun perspektivə qədər yürütmək fikrində olmayıb. Kreml düşünürdü ki, bir neçə həftəlik bombardmanla, İran və Hizbullahın köməyilə Suriya ordusu itirilmiş mövqeləri geri qaytaracaq. Bununla da Rusiya Suriyada öz mövqeyini, həm də Əsədin mövqeyini gücləndirəcək. Nəhayət aparıcı dünya gücü olaraq Suriya məsələsində Rusiya dominant dövlət rolunu ələ alacaq. Ancaq proseslər göstərdi ki, bu o qədər də asan deyil. Bombardmanlar demək olar ki, tamamilə effektsiz oldu. Əsəd rejimi İran və Hizbullahın yardımına baxmayaraq ciddi quru əməliyyatları keçirə bilməyib. Bir neçə yaşayış məntəqəsini geri almışdılar ki, onu da yenidən itirdilər. O baxımdan düşünürəm ki, Rusiyanın ortada ciddi nailiyyəti də yoxdur. Onu da nəzərə alaq ki, Moskvanı Suriyaya buraxmaqda ABŞ-ın da ciddi geostrateji maraqları olub. Çünki, ABŞ bilir ki, indiki iqtisadi böhran, neftin qiymətinin çox aşağı olduğu bir zamanda Rusiya hər gün 4 milyon dollar Suriya cəbhəsində pul xərcləyir. Rusiyanın ehtiyat resursları bu fonda ancaq bir il müddətində onun ehtiyaclarını ödəyə biləcək. Bu baxımdan uzaq perspektivdə Moskva Suriyada qalmaq gücündə deyil. Ona görə də Rusiya Suriyada sülh prosesini başlamaq üçün danışıqlara getməyə məcbur oldu. Zamanında müxalif qüvvələri də Moskvaya dəvət etməklə Əsəd rejimi ilə onların danışıqlarını bərpa etmək istədi. Amma hələlik bu proses də effektiv deyil. Çünki, müxalifət hiss etdi ki, Moskvanın özünün burada geosiyasi maraqları var və Kreml Əsədin iqtidardan getməsi üçün hər hansı ciddi qərarlar qəbul etmək iqtidarında və hazır deyil. Bu baxımdan qənaətimcə zaman keçdikcə Rusiyanın Suriyadakı mövqeləri zəifləməyə başlayacaq. Əksinə, ABŞ-ın rəhbərlik etdiya koalisiya daha da güclənəcək. Artıq Qərb İraqda bir neçə quru əməliyyatı keçirməklə İŞİD-in əlində olan bəzi strateji bölgələri geri alıb. Bu proses Suriyada da davam edəcək. Ola bilsin, Türkiyə də həmin quru əməliyyatlarında iştirak etsin. Belə proses inkişaf etdikcə, İŞİD-in mərkəzi olan Rakka şəhərinin də onlardan geri alınması prosesi uzaqda deyil. Bu fonda isə ABŞ və onun müttəfiqlərinin mövqeyi güclü olacaq. Belədə Rusiya Qərbin ortalığa qoyduğu və Əsədsiz gələcək Suriya modeli üzrə həll planını qəbul etmək məcburiyyətində qalacaq. ABŞ Rusiyanı moderator səviyyəsində görmür və görməyəcək. Qərb uzaq perspektivdə Rusiyanın getdikcə zəifləyəcəyini düşünür. Çünki neftin qiyməti Rusiyanın müdaxiləsi başlayanda 47,92 dollar idisə, bu gün brend markalı neft 44 dollara enib. Amma Rusiya bu qənaətdə idi ki, hərbi müdaxilə ilə neftin də qiyməti qalxacaq. Amma onun qiyməti gerilədi. Bu onu göstərir ki, prosesi yürüdən və idarə edən tək qüvvə ABŞ-dır. Rusiya Əsədsiz 6 aylıq keçid hökumətinin yaradılmasına razı olarsa proses sürətlənə bilər. Ancaq Moskva hələlik bunu etmək iqtidarında deyil. Çünki indilikdə prosesə İran ciddi mənada əngəldir. Düşünürəm ki, G-20 səviyyəsində hələlik Suriya probleminin birmənalı həllini görməyəcəyik. Ola bilsin qısa müddətli, bəzi geosiyasi razılaşdırmalar əldə olunsun, xüsusilə də Ukraynadakı savaş kontekstində. Ancaq Suriya ilə bağlı bu sammitdə də ciddi qərarların veriləcəyini gözləmirəm”.

 

ELÇİN

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv