Yazı İçi 468×60

Ötən şənbə-bazarın xeyli hissəsini “Jurnalistlər binası”nın həyətində keçirməli oldum. Yox, narahat olmağa dəyməz, həmin günlər nə zəlzələ baş vermişdi, nə də yanğın-filan olmuşdu. Evdən də qovulmamışdım. Sadəcə…

Ölkə başçısının Milli Mətbuat günü ərəfəsində mənzil hədiyyə etdiyi jurnalistlər öz yeni evlərinə baxmaq üçün məhəlləmizə gəlirdilər. 2013-cü ildən bu məhəllədə – “Jurnalistlər Şəhərciyi”ində yaşayan sakinlərdən biri kimi həmkarlarımı və təzə qonşularımı qarşılayırdım. Dostlara “Evinizə xoş gəldiniz”-demək necə də gözəl bir hiss idi.

İntiqam Mehdizadənin, Yusif Rzayevin, Akif Cabbarlının, Amil Novruzovun, İxtiyar Hüseynlinin, İradə İbrahimovanın, Seymur Elsevərin, İmran Bədirxanlının və digər həmkarlarımın, dostlarımın ailə üzvlərinin necə sevindiyini görməyə dəyərdi.
Zöhrə Əliyevanı, Elxan Şükürlünü, Ləman Ələşrəfqızını, Anar Mahmudoğlunu, Seymur Verdizadəni, Rasim Mustafaoğlunu, İlqar Tağıyevi… də yeni binanın həyətində eyni şövqlə qarşılamağa hazır idim, amma alınmadı. Adlarını çəkdiyim həmkarlarımı jurnalistlər üçün inşa olunan ikinci binada qonşu kimi görmək mümkün olmadı. 255 mətbuat adamının adı qeyd edilən siyahıda bu dəyərli qələm yoldaşlarımı, imzaları oxuculara tanış gələn dostlarımı görə bilmədim.
Son günlər 255 nəfərlik siyahı təftiş olunur, eninə-uzununa tənqid edilir. Təəssüf ki, təhqir dolu fikir yazanlar, hətta qarğış yağdıranlar da tapılır. Bayaq qeyd etdiyim kimi, mətbuatımızın inkişafına töhfə verən, bu sahədə xidməti olan bəzi jurnalistlər dövlətimizin, onun başçısının qiymətsiz hədiyyəsindən yararlana bilmədilər. Bunu böyük bir faciəyə çevirmək, sosial şəbəkələrdə, bəzi saytlarda həm dövlətə, həm həmkarlarına açıq, gizli savaş açmaq, qarğış yağdırmaq, dövlətin xoş niyyətli addımına dodaq büzmək nə dərəcə doğrudu? Necə deyərlər, quşun dimdiyi yemə çatmayanda deyir ki, yemin keyfiyyət sertifikatı yox idi…
Mənzilə ehtiyacı olan jurnalistlər üçün növbəti-üçüncü binanın da tikiləcəyini nəzərə alsaq, deməli, bu gün müxtəlif səbəblərdən siyahıdan kənarda qalan dəyərli həmkarlarımız bir neçə ildən sonra öz yeni evlərinin işığını yandıra biləcəklər. Onlar da tezliklə “Jurnalistlər Şəhərciyi”nin sakini olacaqlar. Bir məsələni də qeyd etmək də faydalı olar, məlum siyahıdan kənarda qalan həmkarlarımız arasında dövlətimizin fəxri adlarını alanlar da var. Deməli, rəsmi qurumlar, mətbuatın fəaliyyətinə birbaşa cavabdeh şəxslər dostlarımızın bu sahədəki uğurlu işini zaman-zaman qiymətləndirirlər və yəqin ki, növbəti ev siyahısında da onlar diqqətdən kənarda qalmayacaqlar.

Bu gün “Jurnalistlər Şəhərciyi”nə köçməyə hazırlaşan yeni sakinləri təftiş edənlər, onlara qarğış yağdıranlar, jurnalist həmrəyliyindən başqa Allah bilir nə ilə məşğul olanlar bəlkə elə onda da sakit dayanmayacaqlar. Bəlkə deyəndə ki… Başına gələn başmaqçı olar. 2013-cü ildə Milli Mətbuat günü ərəfəsində jurnalistlər üçün tikilən birinci binada ev alacaq qələm adamlarını müəyyənləşdirmək üçün redaksiyalarda iclaslar keçirilirdi. “Ədalət” qəzetində çox demokratik şəraitdə toplantı təşkil olundu, dəyərli yazıçımız, qəzetin təsisçisi Aqil Abbas müdafiə etdiyi namizədin adını səsləndirdi, Baş redaktor İradə Tuncay digər bir əməkdaşımızın, təcrübəli jurnalistin də siyahıda qeyd olunmasına tərəfdar çıxdı. Redaksiyada çalışan əməkdaşlar da namizəd irəli sürdülər. Açıq səsvermədən sonra hər üç namizədin adı protokola salındı. Bütün bu şəffaf proses Mətbuat Şurası sədrinin, KİVDF-nin rəhbərinin və bu qurumun Müşahidə Şurasının sədrinin gözləri qarşısında baş verdi.

Lakin iclasın sənədləri Mətbuat Şurasına gedib çatmamış redaksiyada çalışanlardan bir-ikisi hay-küy salmağa, az qala BMT-nin Baş katibinə, Qvatemalanın daxili işlər nazirinə şikayət məktubları yazmağa başladılar. Mənzil alan jurnalistlərin adları aşıqlananda isə Qorki demişkən, bu “ictimai qozbellər” qarğış etməkdən, erməni südü əmənlərlə əlbir olub Aqil Abbasla mənzil alan jurnalistlərin arasını vurmağa çalışdılar və bəzən də buna nail oldular.

Bütün bunları boşuna xatırlatmadım, bəziləri həmişə ən şəffaf siyahıda da bir əmma axtarmağa, görülən müsbət işlərə ləkə yaxmağa çalışır, bunu özlərinə həyat tərzi seçirlər.

İnsanın daxili işıqlı olanda o, həmişə işıq gələn tərəfə addımlayır. Daxilində zülmət oynayanlar qaranlığa doğru can atır. Peşə bayramları ərəfəsində dövlət tərəfindən yeni mənzillə mükafatlandırılan həmkarlarımıza qarğış edənlərdən yox, onları “Jurnalistlər Şəhərciyi”ndə qarşılayanlardan olaq…

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."