Milli Qran Primiz nə zaman baş tutacaq?

Müəllif: Redaktor

Editor

qran

Almaniyanın nüfuzlu Auto Motor und Sport resursu gələn mövsümün ilkin təqviminin birinci versiyasını dərc edib – əslində, yarışların konkret vaxtları göstərilməyib, sadəcə ümumi məlumat verilib.
Yenicag.az F-1.az-a istinadən xəbər verir ki, 2017-ci il mövsümü ənənəvi olaraq Melburnda, amma çox gec başlayacaq – Avstraliya Qran Prisi martın 26-na planlaşdırılıb. Xatırladaq ki, 2011-ci ilin mövsümü martın 27-də başlamışdı, amma ondan sonra mövsümə daha erkən start verilirdi. Eyni zamanda, qeyd edək ki, 2013-cü ildən sonra ilk dəfə startda iki yarışı cəmi 1 həftə ayıracaq, yəni Melburndan cəmi 1 həftə sonra peleton Şanxaya səfər edəcək.

Builki mövsümdə Malayziya Qran Prisi mövsümün sonunda keçirildiyi üçün Çin Qran Prisi təqvimdə ikinci yeri almışdı, yerli yarışın təşkilatçıları bundan məmnun olublar və gələn il də Çin yarışı ikinci olacaq, Malayziya yarışı isə mövsümün sonunda yer alacaq.

Təqvimin ilkin versiyasına görə, Şanxaydan sonra ikihəftəlik intervalla Bəhreyn, Rusiya, İspaniya, Monako və Kanada yarışları keçiriləcək. Almanların bu məlumatına əsaslansaq, onda Kanada Qran Prisi iyunun 11-də baş tutacaq. Bu il Bakıda keçirilən Avropa Qran Prisi Kanadadan 1 həftə sonra iyunun 19-na təsadüf etmişdi, amma yarışın təşkilatçısı Başı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov yarışdan sonra bildirmişdi ki, gələn il yarışımızın Kanadadan 2 həftə sonra keçirilməsinə çalışacaq. Ona görə də böyük ehtimalla bizim Qran Pri iyunun 25-də baş tutacaq.

Auto Motor und Sport bildirir ki, gələn il də təqvimdə 21 yarış yer alacaq, hətta Almaniya Qran Prisi Hokkenhaymda keçiriləcək. Sonda xatırladaq ki, təqvimin ilkin versiyası sentyabrın 28-də Parisdə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclasında rəsmən elan olunacaq.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır