!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncəli deputat özünü Ulu Öndər və Prezidentdən ağıllı hesab edir? – Yenilənib, mövqe

!Reklam – Yazi

12305631_10206941932899564_1559009733_nBu günlərdə jurnalist həmkarlarımız ilə birgə layihə çərçivəsində Gəncə şəhərində olduq. Səfərimiz zamanı məclislərin birində Gəncədən yenicə deputat seçilən 32 yaşlı Naqif Həmzəyev ilə görüşümüz oldu.

Gənc deputat Gəncədə aparılan quruculuq işlərindən, işsizliklə bağlı görülən və görüləcək layihələrdən ağız dolusu danışdı. Daha sonra isə üzünü media nümayəndələrinə tutub- “mənə suallarınızı verə bilərsiniz, mən jurnalistlərin, gənclərin dostuyam” dedi. Elə bu an uzun müddətdir ki, narahatlıq doğuran, mətbuatda tez-tez müzakirə edlən bir məsələ ilə bağlı sual ünvanladım:
“Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?”.
Sualımdan diksinən millət vəkili bir qədər də üz-gözünü turşudub, Azərbaycan Cumhuriyyətinin, milli istiqlal hərəkatının lideri, “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarının banisi Məmməd əmin Rəsulzadəyə olan nifrətini izhar etdi. Jurnalistlərin gözü önündə bu cür dialoqumuz oldu:

– Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar.

– Şərqdə ilk demokratik…

-Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı.
Bu zaman kənardan da müdaxilələr olur:

– Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı…

– O, bizim nə qədər sərvətimizi talayıb…

– Bunlar (mən nəzərdə tutuluram) Rəsulzadə fanatıdırlar.

Deputat canfəşanlıqla Rəzulzadəyə qara yaxmaqda, jurnalistləri şoka salaraq, mürtəce fikirlərini söyləməkdə davam edirdi:

– Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cumhuriyyətin qurulmasında təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cumhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?!
Hazırda Gəncədə Nizami Gəncəvinin və digər tarixi şəxsiyyətlərimizin həyat və yaradıcılığı ilə bağlı işlər görülür, onlara aid abidələr qoyulur.

Cumhuriyyətin ildönümü ilə əlaqədar şəhərimizin Gülüstan qəsəbəsində “İstiqlal” parkı açılıb.

– Gələn qonaqlara, xarici turistlərə parkı necə təqdim edirsiz- satqın Rəzulzadənin qurduğu istiqlaliyyətə aid “İstiqlal” parkı?

– Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə republikanı Gəncədə deyil, Tiflisdə qurub… Qoy bu barədə Müsavat Partiyasının üzvləri məşğul olub, onunla bağlı məsələləri həll etsinlər. Bir dəfə də olsun müsavatçılardan kimsə onun büstünün qoyulduğu quruma zəng edib başına torba keçirilməsinin səbəbini soruşub?…

Siz 28 May günü Gəncəyə gəlsəniz görərsiz ki, biz necə bayram keçiririk. Hətta on yerə əklil qoyuruq.

– Məsələn, hara?

-Gəlib öz gözlərinizlə görə bilərsiz hara.

Dialoqun bu yerində jurnalist həkarlarımdan biri dözməyərək atmaca atır:

-Gəlin birlikdə Rəsulzadəni vətən xaini elan edək və beləcəyə məsələyə son qoyulsun…

Anladım ki, söhbəti davam etdirməyin heç bir mənası yoxdur. Bu gün artıq yüksək vəzifə tutan məmurlarımız tərəfindən tarixi şəxsiyyətlərimiz barəsində qarayaxmalar eşidəndə, onların satqın adlandırlmasının şahidi olanda heç də təəccüblənmirik. Bu, reallıq da olsa dəhşətli, qorxuncdur. Pafosla deyilən “xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etdik, tariximiz haqqında məlumat verdik, adət-ənənələrimizi təqdim etdik, Azərbaycan həqiqətini dünyaya çatdırdıq” sözlərə bunu deyən şəxslərin heç özləri də inanmır.

Naqif Həmzəyevə gəlincə, mətbuatda yayılan son məlumatlara görə, yenicə deputat olan bu gənc zamanında Azərbaycan hakimiyyətinə qarşı sərt mövqe tutan bir sıra siyasətçilərlərlə canbir, dilbir olub. Çox qəribədir ki, bundan öncə YAP-ı (Yeni Azərbaycan Partiyası) söyən Naqif Həmzəyev sonradan elə həmin partiya tərəfindən namizədliyi irəli sürüb və hazırda eyni zamanda YAP-ın Gəncə şəhər təşkilatının sədridir. Bu müəmmaların qaranlıq tərəfləri çoxlarına məlumdur. Lakin bir sual yəqin ki, çoxlarını düşündürür- Rəsulzadə niyə bir çox məmurları qorxudur, ona qarşı bu cür kinin məğzi nədir?

Beləcə, o gün Gəncədə Rəsulzadəyə qarşı əsl münasibətin şahidi olduq. (Müsavat.com)

***

Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

***

YAP-çı deputatdan fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycan xalqı, xüsusilə, Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir. Bu, doğrudan da bizim tariximizin şanlı səhifəsidir, müsəlman aləmində ilk demokratik respublika olmuşdur. Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir. Müstəqillik mövzularında araşdırmalar nəticəsində yaradılan əsərlərə böyük ehtiyac vardır. Çünki bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bizim əsas müstəqillik bayramımız da 28 May bayramıdır. Çünki o vaxt Azərbaycanın dövlətçilik əsasları qoyulmuşdur”.

***

Heç kəsə sir deyil ki, hələ ulu öndər Heydər Əliyev də Məmmədəmin Rəsulzadə şəxsiyyətinə hörmət etdiyini, ehtiramla yanaşdığını dəfələrlə nümayiş etdirib. Ümummilli lider Türkiyəyə səfər edərkən Rəzulzadənin məzarını ziyarət edib, ona olan ehtiramını nümayiş etdirib. Bu gün də bu münasibət prezident İlham Əliyevin timsalında bir daha bəyan olunur. Prezident İlham Əliyevin dilindən desək, Rəzulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir. Ulu öndər Heydər Əliyevin güya Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə ögəy münasibət sərgilməsi barədə fikir söyləyənlər yaxşı olar ki, bu videoçıxışa da diqqətlə baxsınlar!

***

Yenicag.az-ın məlumatına görə məsələyə münasibət bildirən millət vəkili Naqif Həmzəyev bunun açıq qərəz olduğunu deyib: “Məqalə həmin dialoqun ruhuna tamamilə ziddir. Orada xanım jurnalistin təqdim etdiyi kimi təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib”

www.yenicag.az

942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv