Yazı İçi 468×60

Sentyabr ayının sonlarında Bakı Əl oyunları Sarayında V Beynəlxalq kitab sərgi-yarmarkasının təmtəraqlı açılış mərasimi baş tutub. Yarmarka Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Açılış mərasimində Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. O, belə bir tədbirin ölkədə keçirilməsinin əhəmiyyətindən danışaraq yarmarkaya insanların marağının yüksək olduğunu vurğulayıb. Qarayevlə yanaşı mərasimdə Baş nazirin müavini, tanınmış yazıçı Elçin Əfəndiyev və digər yazıçı, şair, publisist, jurnalist və tələbələr iştirak ediblər.

3 gün ərzində ədəbiyyat sevərlərə 40-dan çox xarici və 100-dən çox yerli müəlliflərin kitabları təqdim edilib.

Kənardan göründüyü kimi adi yarmarkadır. Odur ki qeyri-ixtiyari olaraq sual yaranır: tədbiri xatırladaraq sizin dəyərli zamanınızı niyə alırıq?

Sərgi ərəfəsində Yenicag-a məlumat daxil oldu ki, Azərbaycan gömrük işçiləri Bakıdakı sərgiyə təqdim edilməli olan yüzlərlə kitaba həbs qoyublar. Türkiyə, Rusiya və digər ölkələrdən olan naşirlər yüklərini ala bilmədikləri üçün sərginin təşkilatçılarına müraciət ediblər. İlk olaraq məsələni şərh etməkdən imtina edən Gömrük Komitəsi daha sonra kitablar arasında “qadağan olunmuş ədəbiyyat” nümunələrinin olduğunu, buna görə də onlara qaçaqmal kimi həbs qoyulduğunu açıqlayıb. Naşirlər isə sözügedən kitabların dünyaca məşhur yazıçı və şairlərə, Nobel mükafatı laureatlarına məxsus olduğunu, klassik, detektiv və macəra janrında yazıldıqlarını bildiriblər.

Mədəniyyət və Turizm Nazirliyindən edilən çox saylı zənglərdən sonra “qaçaqmal” kimi həbs qoyulan kitablardan bir qismi qaytarılıb. Bütün dünya üzrə açıq satışda olan kitabların digər bir qismi isə gömrüyün müsadirəsindən çıxa bilməyib.

İndi bu vəziyyətdə 2 ehtimal var:

1. Gömrük Komitəsinin işçiləri ədəbiyyata olduqca bağlı insanlardırlar. Odur ki, kitabları oxumaq üçün özlərində saxlayıblar.

2. Komitənin işçiləri o qədər savadsızdırlar ki, kitabın məzmununu bu qədər müddət ərzində araşdıra bilməyiblər. Başa düşməyiblər ki, sərgidə adətən, ən çox satılan, milyonlarla tirajı olan kitablar təqdim edilir və onlar dünya üzrə qadağan olunmurlar.

Redaksiyamıza daxil olan məlumata əsasən, həmin nəşrlər arasında hətta bizim şairlərdən birinin türk dilində çap olunan şeirlər toplusu da olub. Gülməlidir, elə deyilmi?

Əslində iş nə kitabdadır, nə də Gömrük Komitəsinin əməkdaşlarında. Məsələ ondan ibarətdir ki, iki dövlət qurumu öz aralarında heç bir qalmaqal olmadan yola gedə bilmir. Gömrük Komitəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən tədbirin işinə mane olmağa cəhd edir, hətta şantaja əl atır. Bütün bunlar isə Azərbaycanın imicinin zədələnməsinə, dövlət əhəmiyyətli tədbirin işinin axsamasına səbəb olur. Dövlətin idarəetmə sistemində böhran yaranır. Azərbaycan üçün imicini qorumaq bu dəqiqə hava-su qədər əhəmiyyətlidir. İki qurum arasında yaranan anlaşılmazlıq isə bu imicə zərbə vurmaqdan başqa bir işə yaramır.

Savadsızlıq, ibtidai təhsilin belə olmaması ölkənin bütün sferalarına ziyan vurur. Əgər bu gün Gömrük Komitəsinin əməkdaşları dünya bestsellerlərini qadağan olunmuş ədəbiyyat nümunələrindən fərqləndirə bilmirlərsə, sabah asanlıqla bombanı adi cihazla və ya unu narkotiklə səhv sala bilərlər. Bu isə Azərbaycan dövlətinin gələcəyini, milli təhlükəsizliyi təhdid altında qoyur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1703
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."