Gömrükdə xoşagəlməz mənzərə – Video

Müəllif: Redaktor

Editor

clipboarDövlət Gömrük Komitəsi (DGK) son günlər bir sıra kütləvi informasiya vasitələrində, xüsusilə də sosial şəbəkələrdə gömrük postlarında lentə alınan, dəqiq mənbəyi məlum olmayan və gömrük əməkdaşlarının əsasən də qadınlara “kobud” rəftarını əks etdirdiyi iddia edilən videolarla bağlı açıqlama yayıb.

Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir ki, bu videolar məqsədli olaraq və əsasən ölkənin gömrük orqanları, gömrükçülər haqqında mənfi rəy formalaşdırmağa imkan verəcək şəkildə montaj olunaraq ictimaiyyətə çatdırılır.

Məlumatda deyilir ki, həmin videolara baxmaq kifayətdir ki, gömrük əməkdaşlarının hansı şəraitdə çalışdıqları, hansı təhqir və şəxsiyyəti alçaldıcı ifadələrə məruz qaldıqları haqqında insanlarda lazımi fikir formalaşsın:

“Müasir şəkildə inşa edilən, gömrük prosedurlarının həyata keçirilməsi üçün vacib olan avadanlıqlarla təmin edilən binaya daxil olan bəzi vətəndaşlar malların avadanlıqlar vasitəsi ilə yoxlanılmasına imkan vermir, gömrükçülərin qanuni iradlarını qəbul etmək istəmir, bir sözlə qanuna tabe olmaqdan imtina edir. Nəticədə kadrlardan göründüyü kimi gömrük-keçid məntəqələrində xoşagəlməz mənzərələrin şahidi oluruq. Üstəlik bu problemlərin yaranmasının səbəbkarları əsasən xırda ticarətlə məşğul olan, gün ərzində dəfələrlə sərhədddi qarşı tərəfə keçən bir qrup insandır.

Əksər hallarda gömrük-keçid məntəqələrində qanunlara tabe olmaqdan imtina edən bu şəxslərin hərəkətləri gömrük postlarında quraşdırılan avadanlıqların, 100 minlərlə manat dəyərindəki xüsusi qurğuların sıradan çıxmasına səbəb olur”.

Komitə bildirir ki, ölkəmizin gömrük sərhədindən insanların, malların və nəqliyyat vasitələrinin keçidi müvafiq qanunvericiliklə tənzimlənir və gömrük-keçid məntəqəsində xidmət göstərən gömrükçülər və avadanlıqlar Azərbaycan Respublikasının, onun hər təbəqədən olan vətəndaşlarının sərhəddən təhlükəsiz və rahat keçidini təmin etmək üçün nəzərdə tutulub.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır