!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Gücümüz olmadığı zamanlarda Güney Azərbaycanı farslara vermişik, amma indi..." - CamaI Yanğınla MÜSAHİBƏ

!Reklam – Yazi

Dünyada iki bu cür dövlət tapa bilməzsən ki, Türkiyə ilə Azərbaycan qədər yaxın, doğma olub bir- birinin kədərinə, sevgisinə bu qədər ortaq olsun.

Bu cür yaxınlığın körpüsü vətənsevər insanların çiynində uzandıqca gələcəyə doğru uzanır. Camal Yanğın da iş adamı olaraq, Azərbaycan sevgisini özündə daşıyan şəxslərdəndir.

Yeniçağ.Az Camal Yanğınla müsahibəni təqdim edir:

– Maraqlıdır, Bakıya gəlişiniz necə olub? Bu haqda danışmanızı istərdim…

– Bakıya gəlişim təsadüfü deyildi. Uşaqlıqdan bəri Bakı haqda məlumatım var idi. O vaxt xəritələrdə ümumi olaraq Sovetlər Birliyi yazılırdı. Amma biz bilirdik ki, orada bizim qardaşlarımız yaşayan bir ölkə var. Burada türk dövlətləri – Qazaxıstan, Türkmənistan, Özbəkistanın olmasından xəbərdar idik. Bu ölkələr arasında bizim üçün ən maraqlısı Azərbaycan idi . Düzdür, digər ölkələr də bizə doğmadır, qardaşdır. Ancaq Azərbaycan bizim əkiz qardaşımızdır. Mən 1992-ci ildə bura gələndə bir daha buna əmin oldum. Ölkədə vəziyyət qarışıq idi. Heydər Əliyev hələ Bakıda deyildi o vaxt.

O zaman burada hansı işlər görə biləcəyim haqda düşünürdüm. Türkiyəyə qayıtdım. Türk dünyası ilə maraqlanan dostlarımı ətrafıma toplayıb Bakıya gətirdim. Dedim ki, baxın, bura bizim vətəndir. Biz bu vətənə kömək etməliyik. Əcnəbilər kimi gəlməliyik bura. Qoy, qonşu ölkə bura təzyiq etməsin. Bilirsiniz, bir ölkədə xarici vətəndaşların çox olması həmin ölkənin sığortasıdır.

– Təhlükəsizlik üçün sığortadır

– Xaricilərin olduğu ölkələrdə onlar həmin ölkəni tərk etmədən ora hər hansı hücum edilə bilməz. Çünki səfirliklərdən də maraqlanıb soruşurlar ki, burada onların nümayəndəsi qalıb, ya yox.

İndi Azərbaycan müharibə şəraitindədir. Ermənilər dinc durmur. Rusiya onu dəstəkləyir. İran Azərbaycanı sıxır. Ona görə də Türkiyə burada olmalıdır ki, bir qarant olsun. Bax, mən o niyyətlə gəlmişdim. İş qurduqdan sonra isə buraya çox bağlandım. Bizim digər ölkəllərdə də işlərimiz var. Ancaq mən başqa ölkədə 3 gün qalıramsa, Azərbaycana gələndə ən azı 10 gün qalıram. Çünki burada sıxılmıram, darıxmıram. Bura mənim üçün vətəndir. Ona görə də Azərbaycanın adını qoymuşam “Ata Vətən”, Türkiyənin adını qoymuşam “Ana Vətən”, Kiprin adını qoymuşam “Kiçik Vətən”.

Beləliklə, mənim 3 vətənim var. Əgər bu 22 illik iş həyatımda bir faydam olubsa, çox xoşbəxtəm. İllər ərzində yüzlərlə iş yeri bizim sistemdən yetişib çıxıb və mən bununla fəxr edirəm. Bu gün ticarətdə onlar bizim rəqibimiz olsa da, mən onları dost hesab edirəm. Hamısı bizim dostlarımızdır. İmkan olanda yığışırıq, görüşürük, xoş günlərimizi qeyd edirik. Pis günlərdə bir-birimizə dəstək oluruq. Bizim birliyimizə mane olan qüvvələr var və biz onların öhdəsindən gəlib bu birliyi qoruyub saxlamalıyıq.

Bu günlərdə Rəcəb İvedikin filmindən bir fraqment sosial mediada müzakirə obyektinə çevrildi. Xoşagəlməz söhbətlər yarandı. Baxın, bəzi qüvvələrin də istəyi budur.

– Sanki, bu mübahisələri körükləyənlər var…

– Əlbəttə, buna sevinən o qədər insan oldu ki. Ona görə də reaksiyaları düzgün verməliyik. Biz lazımi cavabı verdik. Düşünürəm ki, artıq şişirtmək lazım deyildi. İndi əslində bizim aramızdakı qardaş nazıdır və bu olmalıdır. Amma iqtisadi cəhətdən bunu qabartmaq olmaz. Çünki iqtisadi əlaqələr qardaşlıqdan ayrı bir şeydir.

– İki ölkə arasında iqtisadi əlaqələrin 25 illik bir tarixi var. Elə bu, bütünlükdə sizin fəaliyyət dövrünüzü əhatə edir. İndi Türkiyədə müəyyən siyasi gərginlik, siyasi çalxantılar var. Bu iqtisadi əlaqələrə necə təsir edir?

– İndi savaş topla, tüfənglə olmur, iqtisadiyyatla olur. İqtisadi cəhətdən bir ölkəni problemə salarsansa, onda həmin ölkəni hərtərəfli ələ keçirərsən. Türkiyənin iqtisadiyyatı çox güclüdür. İqtisadiyyatımıza hücumlar var. Bütün bu terror və qarşıdurmaların altında iqtisadiyyat dayanır. Çünki Türkiyə bölgədə böyüyən, inkişaf edən, sərmaya qoyan, xarici investorları ölkəsinə dəvət edə bilən bir siyasi qüvvənin idarəsindədir. Bu siyasi qüvvə öz yolu ilə gedir. Dünya liderlərinə qulaq asmır. Öz qərarlarını özü alır. Və bildirir ki, ən yaxşısı mənim millətimin bildiyidir. Amma bu vaxta qədər dünya belə öyrəşməmişdi. Dünyanın kapitalist gücləri telefonu götürüb” Bunu belə etmək daha yaxşı olar, bu, belə daha sərfəli olar” – deyə təlimatlar verirlər.

Ancaq mən düşünmürəm ki, hansısa başqa ölkə sənin ölkənin yaxşılığı üçün bir iş görsün. Türkiyə Azərbaycan istisnadır.

Bizim prezident də hər zaman bildirir ki, mən sizinlə müzakirə etməyə hər zaman hazıram. Amma sizin dediklərinizinə mütləq əməl olunacağına qərar vermirəm. Bu da təbii olaraq, onları özündən çıxarır. Onlar türk dünyasının birləşməsini istəmirlər. Bilirsiniz, hazırda Türkiyənin 2023-cü il böyük layihəsi var. Bu həmin qüvvələri narahat edir. Düşünürlər ki, bu ölkə iqtidadi cəhətdən güclənərsə, siyasi məsələlərdə məni dinləməz.

Nə vaxta qədər biz sizə boyun əyməliyik? Nə zamana qədər bizim kürəyimizdən düşməyəcəksiniz? Nə vaxta qədər biz sizi çiynimizdə daşıyacağıq? Axı bunun bir sonu olmalıdır. Hər ölkənin imtina edə bilmədiyi qərarları olmalıdır. Məsələn Türkiyə Ermənistanla sərhəd qapılarını açmamaqda qərarlıdır. Amma bir də görürüsən ki, həmkarlardan biri deyir ki,Türkiyə sərhəddi açır. Başa düşmək lazımdır ki, Türkiyə sərhəddi açmaz. Türkiyə sərhəddi bir şərtlə açar. O da 1992-ci ildə qoyulub. Hansı ki, orada qeyd olunub ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını tərk etməyincə Türkiyə sərhəddi açmayacaq. Tutaq ki, sərhəd açıldı. O zaman Türkiyə prezidentinə sual olunacaq ki, 1992-ci ildə qoyulan maddə aradan qalxdı mı? Torpaqlar boşaldıldı mı? Yox! Onda niyə açdın? Bu sualı Türkiyə camaatının qarşısında verə bilməzsən. Çünki Türkiyə əhalisinin 99.9 faizi Ermənistanla sərhəddin açılmasını istəmir.

Nəyə görə istəmir? Qarabağın Azərbaycana qaytarılması tələbinin yerinə yetirilmədiyinə görə. O torpaqlar geri qaytarılmayınca, azərbaycanlı qardaşlarımız öz doğma yurdlarına qayıtmayınca o sərhəd açılmayacaq. Təbii ki, bunun iqtisadi təsirləri var. Amma gərək qardaş qardaşdan arxayın olsun.

– Bildiyim qədərilə, sizin iqtisadi baxımdan Şimali Afrika, Türk Cumhuriyyətlərinə doğru genişlənmə planınız var.

– Bilirsiniz, Əlcəzair olsun, Şimali İraq olsun, Suriya olsun, İran olsun, hamısında bizim qardaşlarımız var. İranın 50 faizi mənim qardaşlarımdır. İndi bunu necə kənara atmaq olar? Gücümüz olmadığı zamanlarda onu farslara vermişik, amma indi bizim gücümüz var. Təbii ki, bu, siyasi yox, iqtisadi genişlənmədir. Çünki artıq bizim sərhədlərimiz bəllidir. Türkiyənin belə bir qaydası yoxdur ki, sərhədlərini böyütsün və ya başqa ölkə üçün açsın.

Atatürk deyib ki, “Yurdda sülh, cahanda sülh”. Biz də onun göstərişinə əməl edirik. O bizə bəsdir.

Moldoviyaya səfər planlaşdırıram. Orada bizim türk qardaşlarımız var. Xristian olduqları üçün özlərini bizdən kənarda qalmış hiss edirlər. Ancaq mən demişəm ki, sizin türk olmağınız bizə yetərlidir. Biz gedib görmək istəyirik ki, orada yaşayan qaqauzlara necə kömək edə bilərik? Onları biraz sıxışdırırdılar. Xristian olduqları üçün onların ya adını, ya da soyadını dəyişib türklükdən çıxarıblar. Məsələn, baş nazirin müavini Vadim Çoban. Və ya nazirin köməkçisi Aleks Qara. Vadim hara, Çoban hara? Aleks hara, Qara hara? Artıq assimliyasiya gedir. Biz onların daxili işlərinə qarışmırıq. Sadəcə türk olaraq qalmaqlarına çalışırıq. Çünki onlar bizim ayrılmaz hissəmizdir. Yeni prezident isə bildirib ki, mən onlarla tam işbirliyində olacam.

– Sosial sahədə faəliyyətiniz maraqlıdır. Hansı işlər həyata keçirirsiniz?

– İş adamları bütün fəaliyyətlərini pul qazanmaq prosesinə yönəltməməlidir. Sosial məsələlərdə aktiv olmalıdır. Yığıncaqlar keçiririk, kasıblar, şəhid ailələri, qocalar evi, uşaqlar evi və s. var. Müxtəlif proqramlar daxilində biz onlara yardım göstəririk. Bizə birbaşa müraciətlər də çox olur. Onda isə heç nə edə bilmərik. Biz bir qurumuq. Məsələn, uşaqlar evinə yardım etmək üçün Təhsil Nazirliyinə yazıb bildiririk ki, bizim belə bir layihəmiz var. Nazirlik araşdırma apardıqdan sonra bizə razılıq verir. Layihəyə uyğun olaraq, uşaqları aparıb gəzdiririk, geyindiririk, qayğı göstəririk.

Yaxud universitetlərlə bağlı layihələrdə tələbələri dəvət edib onlara təcrübə keçirik. Onların təhsilinə ATİB büdcəsindən ayırdığımız maliyə ilə yardım edirik.

– Siz Azərbaycanda “İlin ən müvəffəqiyyətli iş adamı” adına layiq görülmüsünüz…

– Sağ olsunlar ki, məni bu ada layiq biliblər. Türkiyədə bir jurnal bunu təşkil edib. İnternet vasitəsilə səsvermə keçirilib. Müxtəlif dünya ölkələrindən bu səsverməyə qoşulanlar olub. Təvazökarlıqdan kənar olsa da, qeyd etmək istərdim ki, mən türk dünyasında kifayət qədər tanınıram. Müxtəlif ölkələrdə görüşlərim olur, böyük layihələr həyata keçiririk. Bunun nəticəsidir ki, finala çıxan 3 namizədin 2-nin birlikdə topladığı səs mənim topladığım səsdən az oldu. Təbii ki, bu mənim hər sahədə uğurlu insan olduğum mənasına gəlmir. Öz sahəmdə fəaliyyətimin bəhrəsidir bu.

Türkiyədə İqtisadiyyat naziri də çıxışında bildirib ki, mən heç təəccüblənmədim ki, bu ada Camal layiq görülüb. Çünki hansı ölkəyə getsəm, onu orada görürəm. Hansı ölkədə iş adamlarından söhbət açılsa, Camal Yanğından hamı ürəkdolusu danışır, minnətdarlıq bildirir. Ona görə də onun qalibiyyəti heç də təsadüfi olmadı.

ATİB-in bir çox ölkələrdə formu baş tutub. Biz iş adamı kimi məsuliyyətimizi anlayırıq. (faktor.az)

Söhbətləşdi: Əziz Əlibəyli

Yeniçağ.Az

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv