Gülən Qərb mətbuatında tərəfdarlarını güdaza verib, özünü "təmizə çıxarır"

Gülən Qərb mətbuatında tərəfdarlarını güdaza verib, özünü “təmizə çıxarır”

Müəllif: Redaktor

Baş Redaktor

Qərb öz “ayran”ına turş demək istəmir. 15 iyul gecəsi qiyamçıları Ərdoğanı öldürə bilmədiklərinə görə, qınayan qərb mətbuatı indi isə Güləni təmizləməyə çalışır. Son olaraq, mövzuya qayıdan Böyük Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ordudakı “təmizləmə” əməliyyatı 15 iyul çevriliş cəhdindən əvvəl planlaşdırılıb.

Yeniçağ.Az Tükiyə mediasına istinadən xəbər verir ki, bu barədə Bruno Uoterfield adlı müəllif Brüsseldə yerləşən və Avropa İttifaqının (Aİ) kəşfiyyat qurumu olan INTCEN-ə əsaslanaraq, məlumat yayıb. B.Uoterfieldin xəbərində bildirilir ki, bu hesabat Türkiyə hökumətinin 15 iyul çevrilişinin arxasında Fətullah Gülənin dayandığına dair iddialarla ziddiyyət təşkil edir.

“The Times” qəzeti “BBC Türkcə”nin ötən il avqustun 24-də yayımladığı bir materialda yer almış bu ehtimalları bir daha xatırladıb:

“Bu çevrilişə orduda gözlənilən “təmizləmə” əməliyyatının qorxusu altında cəhd göstərildi. Yəni çevriliş cəhdinin arxasında gülənçilər, kamalçılar (sekulyarlar), AKP-yə müxaliflər və fürsət gözləyənlərdən ibarət bir qrup hərbçinin dayanması mümkündür. Gülənin bu cəhddə birbaşa iştirak ehtimalı isə aşağıdır. Çevrilişə cəhd əvvəldən planlaşdırılan “təmizləmə” əməliyyatını sürətləndirən bir təsir effekti yaratdı”.

Qəzetin yazdığına görə, sözügedən məlumatda Fətullah Gülənin müridlərinin on illər ərzində dövlətin daxilində gizli şəkildə təşkilatlanaraq, “Ərdoğanın hərəkətlərinə nəzarət edə bilən və ölkədəki vəziyyətə təsir imkanı qazanan” bir gücə çevrildikləri, lakin ordudakı gülənçilərin çevriliş etmək iqtidarında olmadıqları bildirilib. Bu amilin Türkiyə hökumətinin məlum iddialarına zidd olduğu vurğulanıb:

“Ərdoğana müxalifətdə olan sekulyar qüvvələr Avropa İttifaqının (Aİ) kəşfiyyat qurumlarının Türkiyədə həyata keçiriləcək geniş “təmizləmə” əməliyyatı haqqında xəbərdarlıqlarına etimadla yanaşdılar. Eyni zamanda, Suriyadakı vəziyyətə və kürdlərin bu ölkədəki fəaliyyətinə müdaxilə olunmasına etiraz edən dairələr bu iddianı daha da “şişirtdilər”. Ərdoğan isə uğursuz çevriliş cəhdindən yararlanaraq, ölkədə fövqəladə vəziyyət elan etdi və AKP hökumətinə müxalifətdə olanlara qarşı irimiqyaslı təzyiq kampaniyasına başladı. Büyük həbs dalğaları əvvəldən planlaşdırılmışdı”.

Göründüyü kimi, Qərb Avropa İttifaqının (Aİ) kəşfiyyat qurumu olan INTCEN-in təqdimatında 15 iyul çevriliş cəhdini birbaşa hazırladığı şübhə doğurmayan Fətullah Güləni məsuliyyətdən kənarda saxlamağa çalışır. O baxımdan, “The Times” nəşrinin INTCEN-ə istinadla guya çevriliş və həbs planlarının Ərdoğan tərəfindən “əvvəlcədən hazırladığı”na dair iddianı yenidən ortaya atması təəccüblü deyil. Belə təəssürat yaratmağa çalışılır ki, guya çevriliş təşəbbüsü “öz dəriləri”ni xilas etmək istəyən bir qrup hərbçi tərəfindən irəli sürülüb və bu işlərin FETÖ liderinə heç bir aidiyyatı yoxdur. Yəni təlimat verdikləri Fətullah Güləni “təmizə çıxartmağa” çalışan Qərbin kəşfiyyat xidmətləri diqqəti ondan yayındırmaq üçün bu kimi əsassız versiyaları ortaya atırlar. Çünki Gülənin şəxsində Türkiyəyə qarşı planların mərkəzində olan “iri piyada”nı itirmək Qərb kəşfiyyatının ifşası və iflasının təsdiqi olacaq.

Amma davam edən istintaq və məhkəmə proseslərində verilən təkzibedilməz şahid ifadələri bir daha təsdiqləyir ki, 15 iyul çevriliş cəhdində mərkəzi fiqur məhz FETÖ lideridir. Və həmin planda bu və başqa rol həvalə edilmiş istər mülki, istərsə də hərbçi müttəhimlər hərəkət əmrini Güləndən aldıqlarını etiraf ediblər. Eyni zamanda, kəşfiyyat məlumatları, üzə çıxarılan sənədlər, çevrilişin “qərargah üzvləri” arasında aparılmış yazışmalar da onların Gülənin əmri əsasında hərəkət etdiklərini ortaya çıxarıb. Ortadakı sübutlar Qərb kəşfiyyatının Güləni “sudan quru çıxarması”na heç bir şans saxlamır.

“The Times”ın çevriliş təşəbbüskarlarının gülənçi, kamalçı, AKP-yə müxalif qruplardan ibarət olmasını qabartması da təsadüfi deyil. Sözsüz ki, çevriliş cəhdinin zərbə qüvvəsi gülənçilər olub. Türkiyə cəmiyyətinin digər seqmentlərini də onlarla bir sıraya qatmaq cəhdi “yayındırıcı manevr”in başqa formasıdır. Bu iddiada olanlara 15 iyul gecəsini xatırlatmaq lazım gəlir. Həmin gecə Türkiyəni düşünən on milyonlarla insan siyasi baxışlarını kənara qoyub, dövlətinə sahib çıxaraq çevrilişin qarşısını almaq üçün küçə və meydanlara axışdı.

O qüvvə xarici mərkəzlərdə hazırlanan istənilən çirkli planları puça çıxartmağa qadir AKP-çi, kamalçı, MHP-çi və digər ideologiyaların daşıyıcısı olan fərdlərdən ibarət möhtəşəm Türk xalqı idi. Bunu heç kəs unutmasın.

Sonda bir məsələni də qeyd etməliyik ki, fətullahçılar muzdlu yazarlar tutaraq, həmin qəzetlərə də külli miqdarda “yardım” ödəyərək, öz xeyrinə yazılar dərc etdirməsi ilk dəfə rastlanılan hadisə deyil. Bu yazının da sifarişli yazı olması şübhə doğurmur.

A.Zeynalov
Yeniçağ.Az

Xəbərlər, Dünya, Manşet, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti