!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülən Şəbəkəsinə Azərbaycanda münasibət dəyişib, dəyişməyib? – SORĞU

!Reklam – Yazi

fetonun-taziyesinde-pkkya-tek-laf-yok-h1465461432-e697adXəbər verildiyi kimi İslam Konfransı Təşkilatı (İKT) Türkiyədə hərbi çevriliş cəhdində təqsirkar bilinən, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəhullah Güləni terrorçu, onun rəhbərlik etdiyi  şəbəkəni isə terror təşkilatı kimi tanıdı. Qeyd edək ki, Azərbaycan da İKT-də həmin məsələyə səs verib. İKT üzvlərindən ancaq Misir qərar əleyhinə çıxış edib. Görəsən, Azərbaycanda necə düşünürlər, Gülən şəbəkəsi terror şəbəkəsidirmi? Gülənin Azərbaycana faydası, yaxud zərəri dəyib? Bu gün Gülənin mövqeləri Azərbaycanda güclüdür, ya yox?

Açığı, Gülənə qarşı mübarizə aparanlarla yanaşı zamanında Güləni müdafiə edənlərin də bu gün fikirlərini dəyişib-dəyişmədikləri çox maraqlıdır. Bu baxımdan fərqli mövqelərdə dayanan tanınmışlardan bu məsələyə münasibət öyrəndik.

Tənzilə Rüstəmxanlı: “Bu terror təşkilatının Azərbaycan dövlətinin içinə nə qədər sıza bildiyi ciddi araşdırılmalıdır”

1466105861_tenz1

Azərbaycanda Gülənə qarşı ilk çıxanlardan biri, fətullahçıların şəhid etdiyi yazar Nəcib Hablemitoğlunu 1999-cu ildə Azərbaycana dəvət edərək, fətullahçılar əleyhinə seminarlar verdirən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirdi ki, həm Gülən və onun təşkilatı, həm də PKK terror qurumlarıdır və hər ikisini də bitirmək gərəkdir:  “Türkiyədə baş verən olaylar bir daha göstərdi ki, Gülən cəmiyyəti  terror  təşkilatıdır.  İllərdir  ki, Gülən hərəkatının çox təhlükəli bir hərəkət olduğunu deyən  insanlar  zamanında eşidilsəydi  Türkiyə hökuməti bu günkü durumla üz-üzə qalmazdı.   1998-1999-cu illərdə Türk Dünyası Araşdırmalar Vəqfinin  başqanı Turan Yazqan gülənçilərin necə bir örgüt olduğunu, iplərinin kimlərin əlində saxlanıldığını gözəl şəkildə araşdırıb yazmışdı.  Ak Partiya hökuməti dönəminə qədər gülənçilər  ehtiyatla, gizli-gizli dövlətin içinə, orduya, məmurluğa, polisə hər yerə sızmağa başlamışdılar.  Bunları da təhsil pərdəsi , kültürəl fəaliyyət adı altında edirdilər ki, kimsə onları duymasın.  Sovetlər dağılar dağılmaz  Gülən camaatının  məktəblərinin açılması başlanıldı. Gülənin dəstəsi türk dünyasının yenicə müstəqillik qazanan cümhuriyyətlərinə də beləcə məktəb adı ilə daxil oldu, təhsili ələ aldılar.  Beləcə şeyxlərinə sadiq müridlər yetişdirdilər. Bu gün Türkiyə Silahlı Qüvvələrində silahlı üsyana qalxan, dövlətə millətə silah çəkən, qətliam yapanlar da türk əsgəri uniformasının içinə girmiş, əslində Gülənin müridləridir. Onlar dövlətini, dövlətin cümhurbaşqanını  deyil, öz şeyxlərini dinlədilər. O zaman da deyirdik, Allah qorusun, sabah bir müharibə çıxsa, bu şeyx müridləri dövlətin əmrini deyil, bağlı olduqları həmin qurumun əmrini icra edəcəklər, hətta  gərəkirsə silahı millətinə də çevirəcəkdilər.  Ergenekon zamanı qurunun oduna yaşı yandırmaqla nə qədər günahsız insanları həbs etdilər.  İndi də eyni şey davam edir. Hazırda  Gülən camaatının məsələsi gündəmə gələn  dövrdə  kimin kimdən qisas almaq niyyəti varsa, bir-birinin gülənçi olduğu barədə fikirləri gündəmə gətirirlər.  Buna yol verilməməli, Ergenekonun acı təcrübəsindən dəsr çıxarılmalıdır.  Gülənə müridlik edən hansısa bir əsgərə görə Türkiyənin şanlı-şərəfli ordusunu da şərə salmaq yolverilməzdir.  Bütün bunlara rəğmən türk əsgəri neçə illərdir PKK-ya savaş açıb.  Türkiyədə ən böyük örgüt Gülən camaatının silahlı çevriliş etməsidir, amma ən təhlükəlisi dövlətə silah çəkib 35 min insanın günahsız  ölümünə bais olan PKK terror örgütüdür.  Gülən ilə bərabər, PKK terror örgütü, onun ideoloqları, dəstəkləyənləri də  cəzalandırmalı, edam onlara da şamil edilməlidir. Edam gələcəksə, ilk öncə Abdulla Öcalan asılmalıdır.  Yəni deməyim odur ki, yaranmış vəziyyətdən istifadə edib PKK-çılar iki gündür  yenidən  terror hərəkətlərinə yol verirlər.  Bu gün dövlətə silah çəkən ən böyük düşmən PKK-dır, onunla bərabər Gülən. Hər ikisi də terror örgütüdür. Onların hər ikisini də bitirmək lazımdır”.

Rüstəmxanlı düşünür ki, Gülənin Azərbaycan üçün ümumiyyətlə heç bir xeyri olmayıb: “20-25 ildir ki, Gülən camaatı ilə savaşıram.  Onların ölkımiz üçün hansısa xeyrini görməmişəm,  əksinə dövlət üçün təhlükəli olduqlarını görmüşəm.  Bu barədə də ölkənin vacib qurumlarına da yazmışam, zamanında bu haqda müraciətlər etmişəm.  Azərbaycanda hazırda elə qurumlar var ki, onlarda çalışanların çoxu da Gülən camaatının adamlarıdır və iş başındadırlar. Onlar dərilərini dəyişsələr də, qurd dərisində çaqqal olduqlarını hər kəs bilir.  Bir sıra millət vəkilləri var ki, zamanında onlara dəstək veriblər. İndi də vəzifədə olanları var. Heç bilmirəm polisimizin, ordumuzun içinə nə qədər sızıblar. Bunlar hamısı araşdırılmalıdır”.

Birlik sədri Gülənin ölkəmizə də güclü təsir etdiyini söylədi: “Gülənçilərin Azərbaycanda təsirlərinin güclü olduğundan danışmaq  və yaxud danışmamaq  əhəmiyyət kəsb etmir.  Deyilib, yazılıb da, onların ölkəmizdə güclü təsirləri də var. Uzağa getməyək,  bizim neft şirkətinə bağlı PETKİM-in rəhbəri onlarla əlaqəsinə görə həbs olunub.  Biz 3 ildir bunu deyirdik.  Azərbaycan da bu məsələdə dövlətimizin adına ciddi addımlar atmalıdır və bu Türkiyəyə xoş getsin deyə edilməməlidir.  Azərbaycan dövlətinin salamatı üçün vəzifədə olan gülənçilər bir an öncə uzaqlaşdırılıb cəzalandırılmalıdırlar”. 

Mehman Əliyev: “Müəyyən adamların Gülənlə hansı formada bağlılığı…”

get_img“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Yenicag.az-a açıqlamasında Gülən şəbəkəsinin terror şəbəkəsi olub-olmadığı haqqında məlumatsız olduğunu söylədi: “Mən o sahədə mütəxəssis deyiləm və əlimdə Gülənin terrorçu olub olmadığı barədə heç bir sənəd yoxdur”.

Həmsöhbətimiz hesab edir ki, “Təhsil nöqteyi-nəzərdən Gülənin fəaliyyətinin Azərbaycana kifayət qədər faydası olub. Ancaq siyasi tərəflərə gəldikdə, müəyyən adamların Gülənlə hansı formada bağlılığı, onlar burada hansı işləri apara bildiyi, hansı maraqları güddükləri, hansı maraqlara işlədikləri haqqında məlumatsızam. Belə məlumatlar ola bilsin ki, milli təhlükəsizlik orqanlarında olsun”.

 

Qənirə Paşayeva: “Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir, onun zəifləməsindən isə biz də itirərik”

qenire_2015

Milli Məclisin deputatı Qənirə Paşayeva isə Yenicag.az-a bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi sözügedən məsələdə də qardaş Türkiyənin yanındadır: “Bilirsiniz ki, Türkiyə dövləti Gülən şəbəkəsini terror şəbəkəsi elan edib. Türkiyə bunun üçün əllərində gərəkən sübutlar və faktların olduğunu da bildirir. Türkiyə və Azərbaycan qardaş və dost dövlətlərdir.  Azərbaycan hər zaman qardaş Türkiyənin maraqlarını qoruyub, nəzərə alıb və ona zərər dəyən heç bir addımı bu günə qədər atmayıb və bu gündən sonra da atmayacaq. Təbii ki, Türkiyədən bununla bağlı faktlar Azərbaycana təqdim edilərsə, dövlətimiz də qardaş ölkədən gələn məsələləri ciddi şəkildə nəzərə alır. Bu faktlar təqdim olunduqda Azərbaycan bu günə qədər Türkiyənin marağına zidd heç bir addım atmadığı kimi, bundan sonra da atacağını düşünmürəm. Ankara bununla bağlı müxtəlif ölkələrə müraciətlər göndərir. Azərbaycana bu istiqamətdə müraciətin daxil olub-olmadığını demək səlahiyyətində deyiləm. Çünki bu rəsmi qurumlar səviyyəsində həyata keçirilir. Türkiyə tərəfindən bununla bağlı gərəkən faktlar təqdim edilibsə, hesab edirəm ki, Azərbaycan tərəfi hər zaman olduğu kimi yenə də qardaş ölkəyə münasibətdə bu günə qədər zərərli addım atmayıb və bu gündən sonra da atmayacaq. Hər zaman Türkiyənin yanında olmuşuq, bu ölkədən belə bir istək gələrsə mütləq Azərbaycan dövləti də ona baxacaq. Təbii ki, rəsmi qurumların yerinə hansısa açıqlama verməyim də doğru deyil. Amma bir millət vəkili kimi mən də bildirmişəm ki, çevrilişin hədəfi Türkiyədir, bizim üçün Türkiyə dövlətinin güclü olması hər şeydən önəmlidir. Biz Türkiyə üzərində oynanılan böyük oyunların əleyhinəyik, bu məsələdə də birmənalı olaraq onun yanındayıq”.

Gülənin Azərbaycana faydası, yoxsa zərəri dəyib məsələsində millət vəkili qeyd etdi ki, Türkiyəyə dəyən hər bir zərərin əleyhinədir. Çünki bu həmçinin Azərbaycanın da ziyanınadır: “Hazırda Türkiyədə bu məsələ açıqlanır ki, Gülən şəbəkəsi Türkiyə dövlətinə çox böyük zərər vurub və vurur. Təbii ki, bu fonda Türkiyəyə zərər vurulubsa,  ona vurulan zərər Azərbaycana da vurulan zərərdir. Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə zəifləyərsə, bu hamımıza, bütün türk-müsəlman coğrafiyasına mənfi təsdir edər. Ona görə də Türkiyə əleyhinə olan hər bir şeyin əleyhinəyəm. Bir şey Türkiyəyə zərər vurursa, biz də hər zaman Türkiyə dövlətinin yanındayıq. Hər birimizin marağı odur ki, Türkiyə güclənsin. Onun güclənməsi Azərbaycanın güclənməsidir.  Onun zəifləməsindən isə biz itirərik. Mən Türkiyəni özümə Azərbaycan qədər vətən bilən insanlardanam. O üzdən kim olursa-olsun, istər PKK terror təşkilatı, ümumiyyətlə hansı terror qrupu olur-olsun, Türkiyəyə qarşı kimlər tərəfindən zərər gələcəksə, Azərbaycan da onların əleyhinədir”.

 

Rəşad Məcid: “Gülən məktəblərində dinə meylliyi hiss edirdim”

 71898_h3bkhzavnm

Güləni Azərbaycanda bir zamanlar müdafiə edən tanınmışlardan biri “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid idi. 17-25 dekabr çevrilişə cəhdindən sonra başlayan fətullahçılara qarşı mübarizə ilə bağlı “Nurçuluq budursa” yazısında Rəşad müəllim qeyd etmişdi ki, “Qaldı Rəcəb Tayyib Ərdoğana və Türkiyədəki siyasi davalara, hələ bu proseslərin ilkin mərhələsində Anar müəllimin birnigarançılığının şahidi oldum. Dedi ki: «Qorxuram məsələ böyüyə, bu universitetləri, məktəbləri bağlayalar. Heyifdi!»  Düzü, mən vəziyyətin bu hal alacağını təsəvvür eləmirdim. Görünür yaş, təcrübə insanın intuisiyasını daha da gücləndirir.

…Bir qədər sonra sayın başbakan efirdən alov püskürdü.  “Övladlarınızı bu okullardan çıxarın”, – deyə hayqırdı!

Xarizmatik lider saydığım, natiqliyinə və siyasi gedişlərinə heyran olduğum, hətta xeyli müddət tərəfini tutduğum Tayyib bəy son bir ildir, səhv buraxa-buraxa gedir!..”

İndi isə Rəşad Məcid hesab edir ki, Azərbaycan bu məsələdə Türkiyənin yanında olmalıdır: “Azərbaycanla Türkiyə yaxın, doğma dövlətlərdir. Hələ Ərdoğan hakimiyyətə gələn ilk dövrlərdə onun haqqında “Bir şeyirin qələbəsi” adlı yazım çıxıb. Burada onun fəaliyyəti, Türkiyənin inkişafındakı rolunu yüksək qiymətləndirmişəm. Hesab edirəm ki, Ərdoğan həqiqətən də Türkiyəni inkişaf etdirib. Azərbaycan bu məsələdə də Türkiyənin rəsmi mövqeyini dəstəkləyir. Həmişə də Türkiyə dövlətinin yanındayıq”.

Baş redaktorun fikrincə, Gülənin ölkəmizdə təhsil sahəsində xeyirləri də olub: “Bu şəbəkənin məktəbləri, orada oxuyan azərbaycanlılar xeyli savadlı idilər. Onlar imtahanlarda böyük bal toplayırdılar. Bu mənada həmin məktəblərə birmənalı olaraq mənfi münasibət yersizdir. Amma özüm də həmin məktəblərdə dinə meylliyi hiss edirdim. Bu da onun qüsuru idi. Ərdoğan da dedi ki, 4 il öncə onlar da həmin məktəbləri yüksək dəyərləndirirdilər”.

Həmsöhbətimiz hesab etmir ki, Azərbaycanda Gülən şəbəkəsi güclü olub: “Azərbaycan elə bir ölkədir ki, orada heç bir şəbəkə ciddi şəkildə qəbul edilmir. Hansısa dalğaya uyğun olaraq tək-tək insanlar ona maraq göstərə bilər. Lakin Azərbaycanda o cür dini təriqətlərin ciddi ideoloji təsirləri olmayıb”.

 Əli Əliyev: “Gülən şəbəkəsi terrorla bağlı bir qurumdur”

eli_eliyev

Vətəndaş və İnkişaf Partiyasinin (VİP) sədri Əli Əliyev də bildirdi ki, Gülən şəbəkəsi terrorla bağlı bir qurumdur: “Türkiyə mətbuatında verilən məlumatlardan nəticə çıxararıqsa, Gülənin rəhbərlik etdiyi qurumun 15 iyul dövlət çevrilişində iştirakda suçlandırıldı. Aparılan bütün araşdırmalar da göstərir ki, bu təşkilatın açıq və gizli nümayəndələri bu və ya digər şəkildə dövlət çevrilişində iştirak edib. Təbii ki, bu statusda olan təşkilatın terror qrupuna aid edilməsi məntiqlidir. Məlumatıma görə Gülənin dövlət çevrilişində iştirakını sübut edən bilən artıq ikinci sənəd paketi də ABŞ-a yollandı. Ona görə Azərbaycan hökumətinin davranışlarında  bilavasitə olmasa da. dolayısı ilə Gülənin rəhbərlik etdiyi qurumun terrora aydiyyatı olduğu dəlil kimi gətirilir və ona aid qurumlar ölkəmizdə də qapadılır. Bu baxımdan Gülənin rəhbərlik etdiyi qurumun dövlət çevrilişində iştirakçı olmasını iddia etmək mümkündür. Gülənin Azərbaycana xeyir, ya ziyanı dəydiyi barədə bilavasitə bir söz deyə bilmərəm. Ancaq onun burada açdığı məktəblər söz yox ki, təhsil sahəsində müəyyən müsbət nəticələr verib.

Ancaq  mənfi işlərə bu cür müsbət işlərlə bəraət qazandırıla bilməz. Yaxşı işlər insanlara, qurumlara sonradan pis işlərlə məşğul olmaq üçün əsas yaratmır. Bu qurum vasitəsilə Türkiyə, Azərbaycan və digər türkdilli dövlətlərə də nəzarət mexanizmi yaradılıb. Uzun müddət idi ki, bu şəbəkə vasitəsilə türkdilli dövlətlərin daxilində hansısa siyasi məqsədlərə xidmət edən kadr bazası da formalaşdırılıb. Ola bilər onun görüntüsü cəlbedici olub, ancaq qurumun siyasi məqsədləri birmənalı şəkildə türkdilli dövlətlərin maraqlarına xidmət etməyib”.

Ə. Əliyev düşünmür ki, Gülənin Azərbaycana təsirləri güclü olub: “İnanmıram ki, onun ölkəmizə təsiri həlledici dərəcədə güclü olub. Çünki Gülənin Azərbaycanda həyata keçirdiyi işlər Türkiyə dövlətinin daxilində baş verən proseslərlə bilavasitə bağlı olub.  Gülən AKP ilə birlikdə iqtidara gəlib və uzun müddət birlikdə müttəfiq olaraq fəaliyyət göstəriblər. Azərbaycan hakimiyyəti də bu müddətdə Gülən təşkilatına xeyli loyal yanaşıb, ona dözümlü olub və onun fəaliyyətini koordinasiya edib. Lakin Türkiyədə bu istiqamətdə haçalanma baş verdikdən sonra təbii ki, Azərbaycan hökuməti də öz fəaliyyətində korrektlər etdi. Azərbaycan rəsmi qurumlarındakı istefaya göndərilmələr də məhz Türkiyədə qaldırılan hüquqi araşdırmalardan sonra ölkəmizdə də baş verdi”.

 

 

Fazil Mustafa: “Təhsil fəaliyyətilə məşğul olan bir şəbəkənin terror və çevrilişdə iştirak etməsi yolverilməzdir”

fazilmustafa26

Milli Məclisin deputatı Fazil Mustafa Gülən cəmiyyətinin terrorçu təşkilat olduğu qənaətindədir: “Gülənçilərin dövlət çevrilişində iştirakları şübhə doğurmursa və bu sübut olunarsa təbii ki, Gülən çetesi də terror təşkilatıdır. Çünki təhsil fəaliyyətilə məşğul olan bir şəbəkənin terror və çevrilişdə iştirak etməsi yolverilməzdir. Həm də təhsil anlayışına zərbə vuran bir addımdır. Təbii ki, ucdan tutma hamını çevriliş cəhdində ittiham etmək, bu bəhanə ilə məktəblərin hamısını qapamaq yanlış siyasətdir. Ona görə də bu məktəblərin bağlanmasının zərəri çox olacaq. Çünki həmin məktəblərin bağlanması ilə yaranan boşluğu İran və Rusiyanın məktəb şəbəkəsi doldura bilər. Ona görə də sözügedən məktəblərin qapadılması yolverilməzdir. Amma kim ki çevrilişdə iştirak edib, onların ən sərt formada cəzalandırılması vacibdir”.

Millət vəkili düşünür ki, Gülənin Azərbaycana elə bir ziyanı dəyməyib. Bu səbəbdən də o, Azərbaycanda fəaliyyət göstərən Gülən məktəblərinin bağlanması əleyhinədir: “Çünki burada məktəb açıblar. Bu məktəbi hansısa bir ingilis də açanda onun təriqətini soruşmuruq ki, niyyətini soruşuruq. Azərbaycan məktəbindən daha üstün fəaliyyət göstərirsə Şotlandiyadan hansısa bir təriqətçi də gəlib məktəb aça bilər. Bu o demək deyil ki, həmin təriqətçiyə görə məktəbi bağlamalıyıq. Bu səbəbdən də düşünürəm ki, məktəbə yanaşma tam fərqli olmalıdır. Yoxsa təhsilimizə böyük zərbə vurulacaq. Keyfiyyətli təhsil verirsə, hansısa təriqət görüşləri yayılmırsa, oradan çıxan uşaqlar ümumiyyətlə dindar deyilsə,  onların gələcəyini qaralamaq tamamilə yanlış addımdır. Məktəblərin bağlanması Qırğızıstanda da gündəmə gəldi. Amma Bişkek hökuməti təhsilə üstünlük verdi. Kütləvi şəkildə məktəb şəbəkəsinin dağıdılıb yerinə heç nə qoymamaq təhsilin zəifləməsinə gətirib çıxarır. Camaatdan kim terrorçudursa, həbs edilib cəzalandırılmalıdır. Kimlərsə təriqət, məzhəb anlayışını yayırsa, ona qarşı sərt mövqe tutulmalıdır”.

 

Aydın Mirzəzadə: “Bu şəbəkə təkcə Türkiyə üçün deyil, bütün İslam dövlətləri üçün təhlükədir”

 aydinmir3

Milli Məclisin deputatı Aydın Mirzəzadə dedi ki, Gülən çetesinin terrorçu təşkilat olduğu Türkiyədə açıqlanan materiallarda birbaşa sübut olunub: “Yəni onun məxsusi şəkildə dövlət və Silahlı Qüvvələrə öz yetirmələrini yerləşdirməsi, 15 iyulda dövlət çevrilişinə cəhd etməsi artıq onun belə tanınmasına kifayət edir. Eyni zamanda, bu şəbəkənin İslam dünyası üçün də təhlükəli olduğunu digər müsəlman ölkələri də artıq təsdiqləyib. İslam Əməkdaşlıq Təşkilatının Gülənlə bağlı verdiyi qərar  göstərir ki, doğrudan da belə bir təhlükə var. Azərbaycanı da belə bir şəbəkə öz təsiri altına almağa çalışdı. Amma Azərbaycan cəmiyyəti ümumilikdə özünün müstəqil dövlətçiliyinə, sivil, demokratik, hüquqi dövlət quruculuğuna bağlı olduğundan onların ideyaları cəmiyyət tərəfindən qəbul edilmədi”.

Mirzəzadə Gülənin ölkəmizdəki fəaliyyətini də ziyan müstəvisində qiymətləndirdi: “Gülənin Türkiyədəki fəaliyyətinin nəticələri kifayətdir ki, artıq ona birmənalı qiymət verə biləsən. Azərbaycan özünün müstəqil dövlət quruculuğunda öz maraqlaına cavab verən və inkişaf etmiş demokratik dövlətlərin tarixi təcrübəsini əldə rəhbər tutub. Ona görə də bir çox uğurlara imza ata bilib. Gülənin burada təhsil şəbəkəsi yaratmaqla özünə tərəfdarlar yığma cəhdi isə uğursuzluğa düçar olub”.

 

Etimad İsmayılov: “Gülən şəbəkəsinin havadarlarıyla Türkiyədə etdiyinin adı terrordur”

 

etimad ismayilovƏdalət Partiyasının sədr müavini Etimad İsmayılov isə hesab edir ki,

“Gülənə və onun qurduğu şəbəkənin fəaliyyətinə qiymət verməkdən əvvəl bu şəbəkənin yaranma tarixini, inkişaf dinamikasını, hədəflərini nəzərdən keçirmək lazımdır. Qısa şəkildə desək, bəllidir ki, Gülən Şəbəkəsi İslama qarşı amansız mövqe sərgiləyən ABŞ və İsrailin bəlli olan qurumlarına bağlı çətənin tabeliyinə keçib.Bu qurumların əsas hədəfləri:

  1. Son İslam xilafəti, amansız əsarətdə olan islam toplumlarının bayraqdarlığını edən Türkiyəni əsarət altında saxlamaq; Osmanlı nostalgiyası ilə yaşayan Afrika ölkələrində, türk dilli dövlətlərdə yüksək ödənişli tədris ocaqları açmaqla lobbi şəbəkəsini yaratmaq. Bu lobbidən həm siyasi-iqtisadi, həm də kəşfiyyat məqsədləri üçün istifadə etmək.
  2. Yüksəlməkdə olan İslamın özləri üçün təhlükə olmasını önləmək üçün imperialist qüvvələr tərəfindən yaradılan yalançı “imam”lar vasitəsi ilə İslamı nəzarətdə saxlamaq”.

E.İsmayılovun fikrincə, “Azərbaycan Gülən Şəbəkəsinin ən güclü olduğu yerlərdən biridir. Xüsusilə, iqtisadi sahədə. Bildiyiniz kimi, Azərbaycanda gülənçilərə məxsus çox sayda KİV, təhsil müəssisəsi və şirkətlər var. Kadrlarını müxtəlif qurumlara yerləşdirməyə nail olublar. Bu gün də  Milli Məclisdə, güc strukturlarında, dövlətin ən yüksək eşalonlarında Gülən simpazantları var.  Öz fəaliyyətlərində ən cirkin üslublardan istifadə edən güləncilər bir çox yüksək səviyyəli məmurlarımızı, deputatlarımızı şantaj altında saxlayırlar.  Azərbaycanda ən böyük gəlir mərkəzləri olan dövlət şirkətinin İzmirdəki ayağına artıq Türk dövləti basqın etdi”.

“Gülənə canfəşanlıq edənlərin əsas arqumentləri odur ki, Gülən şəbəkəsi məktəblər açıb və təhsilimizə dəstək olub. İncələsəniz, görərsiniz ki, bunu deyənlər əsasən zamanında çox güclü olan təhsilimizi məhv edən, savadlı müəllimləri seçkilərdə  istifadə etmək üçün vicdansızlarla əvəzləyən və bununla gələcəyimizi məhv edən klanın üzvləridir. Sanki bu məktəblər pulsuz təhsil verirlər” deyən Ədalət Partiyası rəsmisi Gülənin terrorçu olduğu fikrindədir: “Terror vasitəsiylə hədəflərinə çatmaq istəyən hər bir təşkilat terror təşkilatı elan olunur. Gülən şəbəkəsinin havadarlarıyla Türkiyədə etdiyinin adı terrordur”.

kerimliAXCP sədri Əli Kərimli isə telefona cavab versə də, vaxtın olmadığını iddia edərək sualımıza cavab verməkdən yayındı. Maraqlıdır ki, Əli bəy həm liseylər bağlandığı, həm də Qafqaz Universiteti əl dəyişdirdiyi zaman buna qarşı açıq etiraz edənlərdən biri idi. Təkcə, Ə.Kərimli deyil, ABŞ ilə isti münasibətlərdə olan əksəriyyət bu mövqedə idi.

Hazırladı: Sevər Abbaslı, Elçin

Yenicag.az

www.yenicag.az

1102
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv