www.sinerjipro.net

SinerjiProWide
Reklam

FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin Azərbaycandakı əsas dəstəkçiləri “səngər taktikası”na keçiblər.

Yeniçağ.Az xəbər verir ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizdə sürətlə yayılan Fətullah Gülən şəbəkəsinə bağlı strukturlar uzun müddət yüksək komfort şəraitində fəaliyyət göstərərək, çirkin məqsədlərinə doğru maneəsiz irəliləməyə nail olublar.

Bununla belə, bütün divarların sonu olduğu kimi, həm Türkiyədə, həm də Azərbaycanda dövlətin ən mühüm strukturlarına sızmağa nail olan gülənçilərin gerçək hədəflərini gizləyən pərdə nəhayət, qalxdı. Türkiyədə Gülən şəbəkəsinin zərərsizləşdirilməsinə istiqamətlənmiş tədbirlər dalğası Azərbaycana da çatdı və “xoca”nın yüksək dövlət postları tutan bəzi “imam”ları vəzifələrindən götürüldülər, onların nəzarətində olan media orqanları isə bir-bir sıradan çıxdı. Gülənin Azərbaycandakı şəbəkəsi strukturlaşma baxımından siyasətdən tutmuş təhsilə, ədəbiyyata, mədəniyyətə qədər bütün mühüm sahələri əhatə edirdi. Eyni zamanda, gülənçilər ölkə biznesində də əhəmiyyətli pay sahibinə çevrilmişdilər və əldə etdikləri kapitalın müəyyən hissəsi Azərbaycandakı fəaliyyətin həyata keçirilməsinə, şəbəkənin genişləndirilməsinə yönəldilirdi. Gülənin Azərbaycandakı əsas adamı Elnur Aslanovun 2014-cü ilin martında dövlət başçısının sərəncamı ilə Prezident Administrasiyasının şöbə müdiri vəzifəsindən azad edilməsi ilə “gəmi” kapitansız qaldı və şəbəkənin “siyasi qanadı” iflic vəziyyətinə düşdü. Bunun ardınca Aslanovun sayəsində müxtəlif vəzifələrə yerləşdirilən gülənçi məmurlar demək olar ki, tam neytrallaşdırıldılar.

Lakin Azərbaycandakı gülənçi şəbəkənin “siyasi qanadı” aradan qaldırılsa da digər sferalarda, ilk növbədə təhsil və ədəbiyyatda kök atmış fətullahçılar öz mövqelərini böyük mənada qorumağa nail olublar. Qeyd etmək yerinə düşər ki, son 3 ildə, o cümlədən Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra Azərbaycandakı Gülən məktəblərinin ard-arda bağlanması prosesinin şahidi olduq. Ancaq mövcud reallıq onu göstərir ki, bağlanan Gülən məktəbləri Azərbaycandakı “gizli əllər”in dəstəyi ilə başqa adlar altında fəaliyyətini bərpa edərək, azərbaycanlı uşaqların beyinlərini hələ də zəhərləməkdədirlər. Bu məsələdə konkret ad çəkmək lazım gəlirsə, “İstək” liseyini nümunə göstərmək olar.

Ədəbiyyat sferasında da özlərinə geniş mövqe tutan gülənçilər Yazıçılar Birliyinin sədri Anarın sayəsində “xocanın şərəfinə” üçüncü onillikdir ki, şövqlə yazıb-yaratmaqdadırlar. Anarın timsalında Gülənlə bağlılığını obrazlı şəkildə inkar etməyə çalışan Yazıçılar Birliyi hazırda Azərbaycandakı fətullahçıların “əsas qalası” sayıla bilər. O baxımdan, 10 il əvvəl Fətullah Gülənin 32 dildə (!?) yayımlanan rəsmi saytında azərbaycanlı şair, Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylının “xoca”ya həsr olunmuş “Əfəndim” şeirinin yerləşdirilməsi diqqəti cəlb etməyə bilməz (http://fgulen.com/az/metbuat/kose-yazilari/22039-efendim). Maraqlıdır ki, Gülənin saytında 2007-ci il iyunun 25-də dərc olunan həmin şeir hələ də orada saxlanılır. Şeirin son bəndi isə müəllifin Gülənə münasibətini tam ifadə edir:

Əl ver, haqqın elçisi,

Yol ver, haqqın yolçusu,

Fəthullah Gülən Xoca!

Fəthullah Gülən Xoca!

Yazılma tarixinə aşağıda aydınlıq gətirəcəyimiz bu şeir 2007-ci ildə, yəni bütün dünyada “Gülən fenomeni”nin yüksəlişdə olduğu dövrdə yayımlanıb. Aradan keçən 10 ildə isə çox “sular axıb”, Gülənin gerçək üzü və hədəfləri üzə çıxarılıb. Türkiyədə 15 iyul çevriliş cəhdinin iflasından sonra isə onun qurduğu “hörümçək toru”na bənzər şəbəkəsi darmadağın edilib. Maraqlıdır, bu baş verənlər azərbaycanlı şairin “haqqın elçisi”, – deyə xitab etdiyi Gülənə münasibətini dəyişdiribmi?

Bu barədə Yeniçağ.Az-a danışan “Əfəndim” şeirinin müəllifi Ramiz Qusarçaylı həmin əsəri 1992-ci ildə, müstəqilliyin bərpasından sonra Azərbaycan-Türkiyə münasibətlərinin yenidən vüsət aldığı dönəmdə yazdığını deyib:

“1991-ci ildən sonra Azərbaycanda Türk liseyləri yaradılırdı və o məktəblərdən biri də Qubada açılmışdı. Mən orada dərs deyirdim və işlədiyim müddətdə türkiyəli dostlarla münasibətlərimiz yaranmışdı. Bir dəfə həmin dostlarımızdan biri 1990-cı il 20 Yanvar qırğınından sonra Fətullah Gülənin İzmir məscidindəki çıxışının videosunu mənə göstərdi. Mən də bu videodan təsirlənərək “Əfəndim” şeirini yazdım”.

Qusarçaylı Gülən ideyaları ilə bağlılığını inkar etməyə və “siyasi çəkişmələr”ə qarışmadığını desə də, onun bu şəbəkə ilə əlaqəsini təsdiqləyən faktlar məsələnin tam əksini göstərir. Aşağıda təqdim olunan fotoşəkil isə Qusarçaylının “İstək” liseyinin tədbirindəki iştirakını əks etdirir. Fotodan da aydın görünür ki, Qusarçaylı o tədbirə heç də sıravi statusda qatılmayıb.

Gülənə müxtəlif səpkilərdə çox sayda mədhiyyə həsr etmiş azərbaycanlı müəlliflərdən biri də Məhəmməd Nəsiblidir. Hər yazısında “Xoca əfəndi”ni ilahiləşdirməyə cəhd göstərən Nəsibli FETÖ liderinin saytında 20 may 2010-cu ildə dərc olunmuş “Fətullah Gülən 100 rasional sualda” məqaləsində (http://fgulen.com/az/metbuat/kose-yazilari/22989-fethullah-gulen-yuz-rasional-sualda ) bir sıra müəlliflərin əsərlərinə istinadla “ustad”ını müxtəlif aspektlərdən ilahiləşdirməyə cəhd göstərib.

Güləni öz “mürşid”i kimi görən Azərbaycan alimləri arasında Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin də olmasına təəccüblənməyin. Ölkənin ən strateji sahələrindən biri olan təhsildə mühüm mövqe tutan Ağayevin də özünü “Gülən ideyası”na təslim etməsinin formalaşan gənc nəslin təfəkkürünə vurduğu zərəri təsəvvür etmək çətin deyil. Sözügedən professor Gülənin saytında 6 sentyabr 2012-ci ildə yerləşdirdiyi “Elmi və mənəvi kamilliyin zirvəsinə aparan yol” məqaləsində (http://fgulen.com/az/metbuat/kose-yazilari/22914-agil-ve-zekanin-sehrinde ) FETÖ liderinin “Yeni insan layihəsi”nə və “ürfan aşiqliyi”nə heyranlığını gizlətmir:

“Beləliklə, hər zaman görülən işlərin əsla və əsla şəxsinə aid edilməməsini, əksinə, ilahi bir lütfün nəticəsi olduğunu təkrar etməkdən yorulmayan dövrümüzün böyük humanisti, filosofu, ensiklopedik biliyə malik alimi, elm və ürfan aşiqi möhtərəm Fəthullah Gülən Xoca əfəndinin irəli sürdüyü yeni insan layihəsinin təcəssümünə canlı şahid olduq. Görülən işləri səbəblər baxımından ancaq və ancaq Anadolu insanının maddi və mənəvi fədakarlığının, sevgi məktəblərinə qucaq açmış digər xalqların bəslədiyi etimadın məntiqi nəticəsi olduğunu vurğulayan Xoca əfəndi qəbul etməsə də, o məfkurə insanının rolunu etiraf etmək bizim borcumuzdur. Əgər bu müdrik şəxsiyyətin dediklərinə diqqət yetirsək, onun necə qlobal düşündüyünü asanlıqla sezmək mümkündür”.

Görünən budur ki, Gülənin Azərbaycandakı şəbəkəsi müəyyən dövrü əhatə etmiş qabarmadan sonra indi “çəkilmə” taktikasına keçib. Yəni öz imkanlarını qorumaq və şərait yetişəcəyi təqdirdə yenidən baş qaldırmaq düşüncəsi ilə “səngər”ə qayıdıb. Onlara “səngər”dən çıxmağa imkan veriləcəkmi?

Mövzuya qayıdacağıq…

Yeniçağ.Az Araşdırma Qrupu

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 215
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."