gunay arda koshe 3Günay Arda

Azərbaycan çoxmədəniyyətliliyi ilə gül çələnginə bənzəyir. Yalnız Qubada 32 etnik qrupun nümayəndəsi yaşayır. İndiyədək ölkədə nə məişət, nə də siyasi-ictimai sferada yerli xalq olan türklərlə etniklər arasında hansısa qarşıdurma görülməyib. İllərlə bu torpaqlarda türklər talış, ləzgi, udin, yəhudi demədən ocağına gəlin gətirib, qız köçürüb.

Bu insanlar illərlə bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Heç zaman ayrı-seçkilik, “mənimdir” kəlməsi eşitməyib. Azərbaycan torpağı ona dəyər verən, zəhmət çəkənlərin qiymətini həmişə verib.

I Qarabağ müharibəsi zamanı etniklər də bu torpaq üçün qan töküb, canlar verib. Onlar bir amal üçün, Qarabağ üçün döyüşüblər. Üstündə yaşadığın torpaq üçün savaşmaq özünə, köklərinə hörmət edən hər kəsin borcudur. Buna görə həmin torpağın sənə təşəkkürü orada yaşamağındır.

Azərbaycan torpağı bütün vətəndaşlarına ananın övladına yanaşdığı kimi yanaşıb. Heç kimə xüsusi imtiyazlar tanımayıb, talışı ləzgidən, yəhudini udindən ayırmayıb. İllər uzunu onlar özlərində formalaşdırdıqları adət-ənənələri, qayda-qanunları istədikləri kimi yaşayıblar. İstədikləri dildə danışıb, istədikləri işlə məşğul olublar.

İrqçilik, ayrı-seçkilik, separatizm əxlaq çərçivələrini zorlayır. İnsan övladının vicdansızlığının son dayanacağı torpağına xəyanət, ayrı-seçkilik, nifaq salmaq, separatizmdir. Ən qorxulu nüans isə ölkənin parçalanmasını istəyən kənar qüvvələrin etnik qruplardan mütəmadi olaraq istifadə etmək istəyidir.

Hansısa media orqanının, saytın televiziyanın, radionun açılması üçün maddi vəsaitin vacibliyi danılmazdır. Pulsuz nəinki sayt açmaq, heç feysbuk səhifəsi işlətmək də olmur. Adicə internet xərclərinin ödənilməsi də maddi vəsait hesabına başa gəlir. Maddi vəsaitdən əlavə, media orqanı yaratmaq konkret məqsəd daşımalıdır. Bu məqsəd üzdə görünməsə də, alt qatında mütləq pis və ya yaxşı xüsusiyyətləri özündə daşıyır.

Rusiyada fəaliyyət göstərdiyi iddia edilən, amma erməni pulu ilə işlədiyi heç kimə sirr olmayan “Talışıstan” radiosu mütəmadi olaraq Azərbaycan və yerli xalq olan türklərlə bağlı mənfi rəy formalaşdırmaqla məşğuldur. Radionun hər həftə internet üzərindən fəaliyyət göstərən proqramında talışların Qarabağ üçün əbəs yerə döyüşdüyü, onların sadəcə “talış torpağı” üçün döyüşə biləcəyi deyilir.

Ömründə bircə dəfə də olsa, xəritə görmüş adamdan “talış torpağı” soruşsan, adama gülər. Torpaq birdir, adı Azərbaycandır. Onun üzərində yaşayanların adı isə azərbaycanlıdır. Müxtəlif etnik qruplarla xalqın fərqi isə tarix səhifələrində qurduğu dövlətlərlə hesablanır. Adını televiziya qoyan düşmənin təbliğat maşınının məqsədi Azərbaycanı parçalamağa cəhd etmək, ondan bacardığı qədər torpaq qopartmaq istəyidir.

“Talışıstan” televiziyasının dediyinə görə Azərbaycanda talışların öz mədəniyyətlərini təbliğ etməyinə, mədəniyyət sahəsindəki inkişafına, elmi naliyyətlərinə maneə törədilir.

İstənilən media orqanında mütləq bir və ya daha çox talış fəaliyyət göstərir. Sosial şəbəkələrdə onların təbliğatı üçün xeyli səhifələr var. Nə o səhifələrdə, nə də talış etnosundan olan jurnalistlərdən indiyədək talışların xüsusi mədəniyyət abidələri, ədəbiyyatı, qurduğu dövlətlərlə bağlı bir şey oxumuş və ya eşitmişəm. Etniklərin xüsusi bir mədəniyyət və ya ədəbiyyat töhvəsi varsa, bu, Azərbaycanın uğuru, zənginliyidir.

Əvvəldə yazdığım kimi, Azərbaycan gül çələngidir. Burada hər güldən, çiçəkdən var. Bu çiçəklərin arasında süni şəkildə yetişdirilmişə də, çöl çiçəklərinə də yer var. Lakin bu çələngdə yara salan zəhərli böcəyə yer yoxdur.

Televiziya iki dəfə Sovet İttifaqı qəhrəmanı olmuş Həzi Aslanovu Azərbaycanın şanlı döyüş tarixindən ayırmağa çalışır. Həzi Aslanov Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Lənkəranda doğulub, böyüyüb. Həzi Aslanovu Azərbaycan torpağı yetişdirib. O,bütün azərbaycanlıların fəxr etdiyi qəhrəmandır. Həzi Aslanov da, I Qarabağ müharibəsi zamanı şəhid olmuş digər cənub bölgəmizin igidləri də Azərbaycan üçün döyüşüblər. Radionun yaradıcılarının, aparıcısının qanında azərbaycanlı qanı varsa, həmin şəhid qanlarından utanmalıdır. Bölücülük, separatçılıq kimi faciələrin səbəbi olan silahla oynamamalıdır. Axı biz uydurma, qondarma Talış-Muğan təşkilatlanmasının aqibətini görmüş insanlarıq.

Ağlı başında hansı etnos tarixi kökləri tolerantlığa, bərabərliyə əsaslanan Azərbaycandan qopmaq istəyər? Hansı torpaq Azərbaycan qədər digər etnoslara da yerli xalqlar kimi yanaşa, sahiblənə bilər?

Hər bir etnosun öz mədəniyyətini yaymaq, təbliğ etmək kimi konstitusion hüququ var. Bu hüquqlarla yanaşı, torpağının bütövlüyü üçün canından keçmək kimi mənəvi borcu var. Dövlətin ərazi bütövlüyünü təhdid altına almaq, əks-təbliğat aparmaq isə cinayətdir. Qanunları bilməmək və ya özünü bilməməzliyə vurmaq insanı məsuliyyətdən azad etmir.

P.S: “Talışıstan” kimi düşmən toxumları səpən televiziyanın açılması talışlara xalq olub-olmadıqlarını sübut etmək üçün gözəl şərait yaradıb. Əgər həqiqətən də talışlar kiçik bir etnik qruplaşma deyil, xalqdırsa, onlar haqq səslərini ucaldıb separatçı televiziyanın bağlanmasını tələb etməlidirlər.

P.P.S: Gül çələnginə qurd düşməyinə icazə verməyin.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."