!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günel SƏFƏROVA: 25 illik qürur yolu

!Reklam – Yazi

gunel seferova azv pl21991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu ən böyük amalına – müstəqilliyə qovuşdu. Qəbul edilən Müstəqillik Aktı suveren və demokratik Azərbaycanın dünya arenasına inteqrasiyasının vizit kartına çevrildi. Bununla da yeni və gənc respublika təlatümlər və inqilablarla müşayiət olunan 20-ci əsrin sınaqlarından qalibiyyətlə çıxaraq adını dünya tarixinə yazdı.

Əslində, müstəqillik qazanmaq hər bir xalqa nəsib ola bilər, ancaq onu saxlamaq heç də hamıya qismət olmur. Bunun üçün dövlətçilik ənənələrinə və xalqı arxasınca aparmaq məharətinə sahib lider olmalıdır. Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunsa da, müstəqilliyi qoruyub saxlamaq istiqamətində vacib addımlar məhz 1993-cü ildən, böyük siyasi və dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra atıldı. 1993-cü ildən etibarən ölkədə dövlətçilik ənənələrinin təşəkkülünə, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu prosesinə start verildi, yeni demokratik institutlar yaradılmağa və sovetlər dönəmindən qalmış bəzi qadağaların aradan qaldırılmasına başlanıldı. Senzuranın ləğvi, Kütləvi İnformasiya Vasitələri haqqında yeni qanunun qəbulu, İnsan hüquqları üzrə müvəkkil – Ombudsman institutunun yaradılması, ölüm hökmünün aradan qaldırılması, Qeyri Hökumət Təşkilatlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunlar deyilənlərin əyani sübutudur. Azərbaycan demokratikləşmə, hüquqi dövlət və insan haqlarının müdafiəsi istiqamətində uğurlu addımlar atdı.

Prezident İlham Əliyevin oktyabrın 11-də imzaladığı dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında sərəncamda deyilir: “… Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib, iqtisadiyyat inkişaf edib, mədəniyyətimiz zənginləşib. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaş və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir”.

Heydər Əliyev və Azərbaycan dövlətçiliyi

Xalqların və millətlərin taleyində, dövlətin formalaşmasında, onun dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlər, dahi siyasətçilər və müdrik dövlət başçılarının müstəsna rolu olur. Heydər Əliyev bəşəriyyətin Azərbaycan xalqına bəxş etdiyi nadir şəxsiyyətlərdəndir. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir. Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tarixdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrildi. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı və gələcəyi naminə faydalanacaq.

1991-ci ilin 18 oktyabrında müstəqillik aktının qəbulu ilə Azərbaycan dövlətçiliyinin əsaslarının yaradılması prosesinə start verildi. Müstəqil dövlət təsisatları quruldu, çoxpartiyalı sistemə keçid baş verdi, vətəndaş azadlıqlarının qorunmasına dair qərarlar qəbul edildi. 1995-ci ildə ilk Konstitusiyanın qəbulu ilə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi rəsmi xarakter almağa başladı. Bu proseslərin önündə isə xalqın lider seçdiyi şəxs – Heydər Əliyev gedirdi. Prezident İlham Əliyevin oktyabrın 11-də imzaladığı dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında sərəncamda da bildirilir ki, 1995-ci il Konstitusiyası milli dövlət quruculuğunun bünövrəsini təşkil etməklə müasir dövlətin bütün qurum və təsisatlarının formalaşdırılmasında, hakimiyyət bölgüsü prinsiplərinin tam təşəkkül tapmasında, parlamentarizm ənənələrinin zənginləşdirilməsində mühüm rol oynadı. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixli referendumlar Konstitusiyanın müəyyən maddələrinə əlavələri ilə dövlət quruculuğu sisteminin təkmilləşməsinə töhfələr verdi”.

Sərəncamda həmçinin qeyd olunur ki, bu gün müxtəlif yönümlü siyasi partiyalar, ictimai təşkilatlar və çoxsaylı mətbu orqanlarının fəaliyyət göstərməsi, vicdan və söz azadlığının, vətəndaşların əsas hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil seçki və hüquq-məhkəmə sistemlərinin qurulması ölkədə müstəqillik illərində təşəkkül tapmış demokratik ab-havanın başlıca göstəricilərindəndir.

Gənc respublikadan qüdrətli dövlətə doğru

Bəli, ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. 1993-2003-cü illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim etdi. Beynəlxalq əlaqələr inkişaf etdi. Nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi. Ümummilli liderin başladığı nəhəng layihələri uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amillər var.

Onların sırasında Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirləri, məsələn, I Avropa Oyunlarını, Sivilizasiyalar Alyansının VII qlobal forumunu, Beynəlxalq Humanitar forumları, Dünya Şahmat Olimpiadasını, Mədəniyyətlərarası dialoq forumlarını, Davos forumunu, Avropa Şurası Nazirlər Komitəsinin iclasını, Formula-1 yarışını, Açıq Cəmiyyətlər forumunu və digər tədbirləri xüsusi qeyd etmək olar. Bu tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvünə çevrildi. Bu nailiyyət ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramlarının reallaşdırılması sayəsində əldə olundu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.

Yeni neft erası…

Müstəqilliyinin 25-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası ötən müddət ərzində siyasi, geostrateji və iqtisadi sahələrdə böyük uğurlara imza atdı. Bu uğurların çəkisi o qədər ağırdır ki, onları bugünkü qüdrətli Azərbaycan dövləti üçün fenomenal hadisə kimi dəyərləndirirlər. Bu fenomenal hadisələrdən biri 1994-cü il sentyabrın 20-də imzalanmış, Azərbaycanın neft strategiyasının əsasını təşkil edən «Əsrin kontraktı» oldu. Bu müqavilə ilə müstəqil ölkənin neft siyasəti bütün gücü ilə işə düşdü. Azərbaycanın sonrakı iqtisadi qələbələrinin təməl daşı məhz “Əsrin müqaviləsi” sayıldı. Məsələn,

– 1999-cu ildə ölkəmizi dünyanın iqtisadi ailəsi ilə qovuşduran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə bağlı qərar verildi.
– Həmin dövrdən etibarən Azərbaycan Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri vasitəsilə də dünyaya neft,
– Bakı-Tbilisi-Ərzurum xətti ilə qaz ixrac edir.
– 1998-ci ilin sentyabrında Bakıda dünyanın bir çox dövlətlərinin iştirak etdiyi Böyük İpək yolu – TRASEKA layihəsinin əsası qoyuldu.
– Bu gun Azərbaycan Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryolu xəttinin əsas iştirakçısıdır.
– Həmçinin Avropanın enerji təhlükəsizliyi sistemində aparıcı rol oynayacaq «Cənub Qaz Dəhlizi» layihəsində də respublikamızın çəkisi çox yüksəkdir.
– Respublikamız TANAP və TAP kimi regional-enerji kəmərlərinin əsas seqmenti və təşəbbüskarıdır.

Əsası Ulu Öndərin rəhbərliyi altında qoyulan neft strategiyası bu gün Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Avropanın enerji təhlükəsizliyi sistemində vazkeçilməz statusa yiyələnən Azərbaycan ölkə başçısı İlham Əliyevin prinsipial addımları hesabına dünya biznes elitasının mərkəzinə çevrilən Davos İqtisadi Forumunun layiqli üzvlərindən biridir.

Beləliklə, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən biri kimi tanınır. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyinə çatıb. Təsadüfi deyil ki, ölkəmiz Davos Forumunun rəqabətqabiliyyətlilik indeksinə görə, dünya dövlətləri sırasında 37-ci yeri tutur. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan enerji layihələri və strateji kəmərlər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.

Beynəlxalq arenaya çıxış

Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə müstəqilliyini elan etdi. O zaman hələ sovetlər birliyi mövcudluğunu davam etdirir, Ermənistanın müstəqil dövlətimizə qarşı ərazi iddiaları eşidilməyə başlamışdı. Belə bir vəziyyətdə yenicə müstəqilliyini elan etmiş bir respublikanın dünyada tanınması çətin olsa da, çətin olduğu qədər də həyati əhəmiyyət kəsb edirdi. Məhz o zaman da Azərbaycana ilk yardım əlini qardaş Türkiyə Cümhuriyyəti uzatdı. Belə ki, 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, həmin ilin 11 dekabrında Rumıniya, 13 dekabrında Pakistan, 23 dekabrda İsveçrə, 25 dekabrda İran, 1992-ci il yanvarın 23-də ABŞ, həmin il aprelin 10-da isə Rusiya Azərbaycanın müstəqilliyini tanımaqla onunla hərtərəfli əməkdaşlığa hazır olduqlarını nümayiş etdirdilər. Respublikamızın dünya arenasına inteqrasiyasının ikinci və daha bir mühüm mərhələsi onun beynəlxalq təşkilatlara üzv qəbul olunması hesab olunur. Beləliklə, Azərbaycan
-1991-ci ilin dekabrında İslam Əməkdaşlıq Təşkilatına,
-1992-ci ilin yanvarında ATƏT-ə,
-1992-ci il martın 2-də BMT-yə,
-1992-ci il iyunun 3-də UNESCO-ya,
-1992-ci il iyunun 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına,
-1992-ci il noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına,
-1993-cü il sentyabrın 24-də MDB-yə,
-2001-ci il yanvarın 25-də Avropa Şurasına,
-2007-ci il oktyabrın 10-da GUAM-a üzv qəbul edildi.

Bundan başqa, ölkəmiz 1994-cü il mayın 4-dən etibarən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı, 1996-cı il aprelin 22-dən isə Avropa İttifaqının Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində sözügedən təşkilatlarla yaxından əməkdaşlıq edir. Prezident İlham Əliyevin Azərbaycanın müstəqillyinin 25 illiyinə ən böyük töhfələri sırasında ölkəmizin “Böyük 20-lər”in zirvə görüşünə, Nüvə Təhlükəsizliyi sammitinə dəvət almasını, respublikamızın hər il Davos İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında iştirak etməsini, üzvlərinin sayı hamıdan çox olan Qoşulmama Hərəkatında təmsil olunmasını xüsusi göstərmək olar. Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi isə onun BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Mütəxəssislər BMT TŞ-nin üzvü seçilməyimizi ilk növbədə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi hesab edirlər.

Sovet işğalının acı reallığı – Qarabağ

Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra ordu quruculuğu prosesinə start verdi. Bunun obyektiv səbəbləri var. İstənilən dövlət ilk növbədə müstəqilliyinin təhlükəsizliyini təmin etmək üçün etibarlı müdafiə sisteminə malik olmalıdır. Azərbaycanın müdafiə qüdrətinə daha çox diqqət yetirməsi ölkəni kənar müdaxilələrdən qorumaq niyyəti ilə birbaşa bağlı idi. O dövrdə ordunun komplektləşdirilməsi və yeni döyüş texnikasının həm alınması, həm də istehsalı, habelə, Azərbaycanın beynəlxalq hərbi əməkdaşlıq əlaqələrini möhkəmləndirməsi təbii qəbul olunmalıdır, çünki faktiki, müstəqilliyimizin bərpası ilə həmyaşıd olan bir problem – Dağlıq Qarabağ münaqişəsi bu günə qədər həllini tapmayıb. Sovet imperiyasının miras qoyduğu Qarabağ problemi Azərbaycanın sürətli inkişafına ciddi əngəllər törədir. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələnən Qarabağ müharibəsi Azərbaycanın müstəqil inkişafını istəməyən qüvvələrin qarşımıza çıxardığı ən böyük maneələrdəndir.

Hazırda Prezident İlham Əliyev məsələnin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün bütün diplomatik gedişlərdən istifadə edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu ilə əməkdaşlığın davam etdirilməsi məhz Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq məqsədini güdür. Dünya siyasətində ikili standartlar yer aldığından problemin həllində tam konstruktivlik əldə edilməsə də, rəsmi Bakının diplomatik səyləri nəticəsində BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərəkatı və bir sıra digər təşkilatlar Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu haqqında qətnamələr qəbul ediblər. Bununla belə, təcavüzkar Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymaması müstəqilliyimizin bərpasının 25-ci ilində də Qarabağ məsələsinin həll edilməmiş qalmasına gətirib çıxarıb. Vasitəçi dövlətlər yenilənmiş Madrid prinsipləri adlanan sənədi təqdim edərək problemin tənzimlənməsinə çalışırlar. Həmsədr ölkə rəhbərlərinin «status-kvo»nun dəyişdirilməsinin vacibliyi fikrinə isə İrəvan məmurları əhəmiyyət vermir.

Bu gün bütün beynəlxalq ictimaiyyət bilir ki, münaqişənin həllinə dair danışıqlar prosesini pozan məhz Ermənistandır. Bir vaxtlar havadarlarının köməyi ilə Azərbaycanın ayrı-ayrı rayonlarını işğal edən Ermənistan hazırda az qala dünya birliyinə yalvararaq Azərbaycanı müharibədən çəkindirməyə nail olmağa çalışır. Xüsusən, bu ilin aprelində düşmənə endirilən sarsıdıcı zərbə Azərbaycan ordusunun gücünü və Ali Baş Komandan, Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların effektivliyini nümayiş etdirdi. Aprel əməliyyatları onu da sübut etdi ki, rəsmi Bakı dünya birliyinin sülh çağırışlarını nəzərə alaraq Qarabağ münaqişəsini sülh, danışıqlar yolu ilə həll etmək imkanlarının tükənmədiyinə ümid edir, lakin beynəlxalq birlik 20 ildən artıq bir müddətdə düşmən işğalı altında olan ərazilərimizin azad edilməsi ilə bağlı Ermənistana ciddi təzyiq etməsə, o zaman güclü Azərbaycan ordusu müstəqilliyimizin ilk günlərindən miras qalan Qarabağ müharibəsini qalibiyyətlə başa vurmaq üçün son və qəti döyüşə başlayacaq.

Prezident İlham Əliyevin imzaladığı sərəncamda da vurğulandı ki, ölkəmizdə ordu quruculuğunun əsasını təşkil edən prinsip və normalar Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirib. Müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaradıb və ordunun döyüş qabiliyyətini artırıb. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən 2016-cı ilin aprel ayında cəbhədə cərəyan edən hadisələrin nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi.

Dünya azərbaycanlıları və müstəqillik

Azərbaycan dünya azərbaycanlılarının həmrəyliyi və türk dünyası ilə əməkdaşlıq istiqamətində də vacib işlər görür. Ulu Öndər Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində titanik fəaliyyət göstərdi. Təsadüfi deyil ki, o, bu sahədəki xidmətlərinə görə bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazandı. 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının 1-ci qurultayı keçirildi. 2006-ci ilin martında ölkəmizdə keçirilən dünya azərbaycanlılarının növbəti qurultayında çıxış edən Prezident İlham Əliyev azərbaycanlıların sayının 50 milyona bərabər olduğunu bildirdi.

2007-ci ilin noyabrında paytaxtımızda türk toplumları və cəmiyyətlərinin toplantısı təşkil olundu. Daha sonra Türkdilli ölkələrin Parlament Assambleyası yaradıldı ki, bu hadisə dünyada türk birliyinin möhkəmlənməsində xüsusi rol oynadı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə təsis edilməsi dünya miqyasında Azərbaycan-türk birliyinin möhkəmləndirilməsində həlledici addım oldu.

Bu gün beynəlxalq müstəvidə Azərbaycan və Türkiyənin vahid mövqedən çıxış etməsi planetin müxtəlif qitələrinə səpələnmiş Azərbaycan və türk diaspor qurumlarının təşkilatlanmasında da ciddi rol oynayır. 2011-ci ildə dünya azərbaycanlılarının III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayı keçirildi. Bu tədbirlər dünya azərbaycanlılarının təşkilatlanmasında, beynəlxalq qurumlarda daha fəal çalışmasında qarşıya mühüm hədəflər qoydu. Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı mesajlar müstəqil Azərbaycan dövlətinin maraqlarının beynəlxalq miqyasda müdafiəsinə istiqamətləndi.

Gənclər və dünyaya sülh mesajı

Ümumiyyətlə, ötən 25 il ərzində istər siyasət, istər iqtisadiyyat, istər mədəniyyət, istər idman və digər sahələr üzrə qazanılmış ölçüyəgəlməz nailiyyətlər göz qabağındadır. Bu gün respublikada idarəetmə, hüquqi, sosial islahatlar həyata keçirilir, mütərəqqi qanunlar qəbul olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gənclər siyasəti uğurla icra olunmaqdadır. Dövlət başçısının 11 oktyabr sərəncamında da diqqətə çatdırılır ki, müstəqillik illərində gənclərlə bağlı siyasət uğurla gerçəkləşdirilir, onların ölkənin siyasi, iqtisadi və sosial-mədəni həyatında iştirakı gündən-günə genişlənir. Ölkəmizin idman sahəsindəki böyük nailiyyətləri gənc nəslin sağlam həyat tərzinə göstərdiyi diqqətin ifadəsidir. Gənclərimizin müxtəlif çempionatlarda və olimpiya oyunlarında qazandığı medallar, Rio-de-Janeyroda nümayiş etdirdiyi yüksək göstəricilər və Azərbaycanda keçirilən İlk Avropa Oyunlarındakı müvəffəqiyyətləri idman tariximizə həkk olunub.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiqlənməsində məqsəd iqtisadiyyatdakı pozitiv meylləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdən ibarətdir. Bu konsepsiyanın həyata keçirilməsində şübhəsiz, gənc nəslin üzərinə böyük məsuliyyət düşür. Hazırda icrasına start verilmiş İnkişaf Konsepsiyası rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə siyasətinin sürətləndirilməsini, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılmasını, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsini, intensiv metodların tətbiqinin daha da genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur.

Bundan başqa, ölkədə vətəndaş sülhünə və siyasi həmrəyliyə nail olmaq üçün bir sıra humanist addımlar atıldı. Ulu Öndər və Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın irəli sürdüyü amnistiya təşəbbüsləri ölkəmizdə milli birliyin və insan hüquqlarının ən böyük qarantına çevrildi. 2004-cü ildə yaradılan Heydər Əliyev Fondunun bu günə qədər göstərdiyi fəaliyyət də məhz müstəqillik atributlarının möhkəmlənməsinə və ölkəmizin humanist imicinin formalaşdırılmasına xidmət edir.

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu mühüm hadisənin dövlət bayramı səviyyəsinə qaldırılması ölkə başçımızın ötən əsrin 90-cı illərində böyük çətinliklərlə qazanılmış müstəqilliyimizə nə qədər önəm verdiyinin real göstəricisidir.

Son illər ölkədə neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılır. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilir, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilir, yeni universitetlər açılır, təhsildə özəl sektor formalaşır. Azərbaycan mədəniyyəti həm ölkə daxilində, həm də xaricdə irimiqyaslı layihələr çərçivəsində təmsil olunmaqdadır. Tikilən yeni məktəblər, müalicə ocaqları, muzeylər, olimpiya mərkəzləri, mədəniyyət müəssisələri və istirahət zonaları sosial həyatın yaxşılaşmasına xidmət edir. “ASAN xidmət” şəbəkəsi, ünvanlı sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə mənzillə təmin olunması və digər layihələr dövlətin sosial yönümlü siyasətinin göstəricisidir.

«Tarixi şəxsiyyətlər yaradır» ifadəsini təsadüfən işlətmirlər. 20-ci yüzilliyin sonlarında Ulu Öndər Heydər Əliyev tarix yaradan şəxsiyyətlərdən biri olduğunu sübut etdi. Onun qoyduğu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, bu yol gələcəyin yoludur, müstəqillik yoludur, demokratiya yoludur. Və ötən əsr ərzində 2 dəfə müstəqilliyini elan edən Azərbaycan xalqı həmin yolu qalibiyyətlə keçməyə qadirdir.

Yolun açıq olsun, Azərbaycan!

www.yenicag.az

2059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv