Günel Səfərova icraçı direktor təyin edildi

Müəllif: Baş Redaktor

Baş Redaktor

gunel safarova yenicag.azHüquqşünas Günel Səfərova Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru təyin edilib.

İctimai Birlikdən Axar.az-a verilən məlumata görə, bu barədə İdarə Heyətinin iclasında qərar verilib.

Fəaliyyətinin məqsədi milli-mənəvi, ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində gənc vətəndaş təşəbbüskarlığının artmasına və gənclərin intellektual potensialının güclənməsinə dəstək göstərmək olan Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi 2005-ci ildə dövlət qeydiyyatından keçib.

Günel Səfərova Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Təhsilini tamamladıqdan sonra Vətəndaş Cəmiyyəti Uğrunda İctimai Birlikdə ictimai vəkil, Gənclər Təşkilatlarının Milli Şurasında layihələr üzrə rəhbər, Avrasiya Əməkdaşlıq Fondunda Demokratik Azərbaycanda İslam Proqramının rəhbəri, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasında ictimai vəkil və hüquqşünas kimi çalışıb. Eyni zamanda, sosial problemləri əhatə edən bir çox hesabatın hazırlanmasında iştirak edib.

G.Səfərova uzun müddətdir vətəndaş cəmiyyəti institutlarında yerli və beynəlxalq donorların xətti ilə sosial layihələr həyata keçirir. O, layihələrin yazılışı, gender, uşaq hüquqları, liderlik, QHT idarəciliyi, konfliktlərin həlli, qeyri-formal təhsil metodları, ictimai vəkillik, motivasiya və s. sahələrdə yerli və beynəlxalq təşkilatlarda təlim keçib. Bir neçə sosial araşdırma müəllifidir, gənclərlə iş sahəsində 14 illik fəaliyyəti var.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır