www.sinerjipro.net

SinerjiProWide
Reklam

O, hamıdan kənarda divarın bir küncünə sıxılıb durmuşdu. Əlində salfet dolu paket vardı. Qarayanız olsa da suyuşirin qadın idi. Acı taleyi gözlərindən oxunurdu. Yaxınlaşıb salamlaşdıq. Söhbətə könülsüz razılıq verdi.

Beləcə, Yeniçağ.az bu dəfə oxucularına 37 yaşlı Ramilənin həyat hekayəsini təqdim edir.

– Salfet neçəyədir?

– Biri 30 qəpiyə. Dördünü götürsəniz 1 manata verərəm.

– Sən hər gün burada salfet satırsan?

– Hə, hər gün.

– İş üçün harasa müraciət etmisən?

– İş var ki, müraciət də edəm? Ancaq “salfetka” satıram, bir də evlərə təmizlik üçün gedirəm.

Söhbəti yarıda saxlayıb, ötənlərə səslənir:

– Nolar, bir “salfetka” alın, imkanım yoxdur. Ətirli salfetkanın biri 30 qəpiyə…

Yaxınlaşan olmur…

– Bu gün səhər tezdən bir qəpiklik alver olmayıb. Axşama çörək pulum yoxdur. Mən yetimlərimə nə alıb aparacam? (dodaqları titrəyir, doluxsunur).

– Hər gün belə olur?

– Yox, təkcə bu gün belədir. Ancaq bir də görürsən olmayanda olmur da. Ruzini verən Allahdır, biz kimik ki?

– Neçə uşağın var?

– İki . Böyük övladım qız, kiçiyi oğlandır.

– Yoldaşın var?

– Var idi, indi yoxdur. Heç istəmirəm onu yada salım, təzəcə depressiyadan çıxmışam.

– Niyə, nə olub ki?

– Düzünü desəm, onun haqqında danışmaq istəmirəm. Amma alçaqlığından danışacam. Demək, 2004-cü ildə görücü üsulu ilə Kənanla ailə qurdum. Eyni rayondan idik. O, atamın imkanına görə mənimlə evləndi və elə bilirdi ki, qardaşım dədəmin varını-dövlətini buna yem edəcək. Nəsə evləndik və gəldik Bakıya. Nə qədər ki, atam sağ idi bizə kömək edirdi. O da mənimlə əvvəl-əvvəl yaxşı davranırdı. Elə ki, atam rəhmətə getdi ərim ilana döndü.
Susdu… və için-için ağlamağa başladı.

– İlana dönməsinə səbəb nə idi?

– Atam rəhmətə gedəndən sonra bizə rayondan “sumkalar” gəlmədi, kirayə pulunu ödəyən olmadı. Bütün yük bunun üzərinə düşdü deyə, başladı məni düşmən gözündə görməyə. Özü də mənə deyirdi ki, “səni dədənin imkanına görə almışam. Bilmirdim belə kasıb ailəyə çevriləcəksiniz, yoxsa neynirdim səni”. Hər gün alçaltmağa davam edirdi. Mən də anamın üstünə qayıtmayım deyə, dözüb otururdum. Çünki bilirdim ki, atamdan sonra mənə kömək etməyən qardaş, bir gün belə saxlamaz. Hamilə idim də, fikirləşirdim ki, uşağım olar, övladına görə xasiyyəti dəyişər və yumuşalar. Qızım olandan sonra lap betərləşdi. Günümü qara, çörəyimi də para etdi. İşləmədi, evə baxmadı. Adicə uşağa “pampers”də almırdı, a kişinin qızı, kirayə qaldığımız evin qadını köhnə əskiləri verirdi. Mən uşağa əski edirdim. Kənan da bütün günü telefondan “sallaşırdı”. Nəsə istəyəndə də deyirdi, “canın çıxsın dədəvin xarabasına zəng elə, qardaşın göndərsin”.

Nəsə, bir zülümlə qızı böyütdüm, oğlana hamilə qaldım. Məndən qurtarıb, uşaqla icəşirdi. Qız ona nəsə deyəndə başlayırdı söyməyə, vurmağa. Deyirdim ki, “uşaqdır da, o nə qanır ki, ona küçə söyüşləri deyirsən?”. Qızıma deyirdi ki, “anandan artıq olmayacaqsan ki… Anan “filankəsə” oxşayacaqsan”. Uşaq da başa düşmürdü axı bu nə deyir. Mənimlə küçə qadını kimi rəftar edirdi. Bir qram hörmət qoymurdu, əxlaqsız söyüşlər söyürdü. Hətta təzə rəhmətə gedən atamın goruna belə söyürdü.

Atasının adını çəkən kimi əlləri ilə üzünü tutub hönkürdü. Sakitləşməyini gözlədim. Bir qədər sonra özünü ələ alıb, davam etdi:

– Təsəvvür edin ki, kirayə qaldığımız həyətdə 3-4 ailə yaşayırdı. O qədər söyürdü ki, axırda yad kişilər gəlib deyirdi ki, “ayıbdır, o qadının nə günahı var ki, onu söyürsən”. Elə utanırdım, həftələrlə evdən çölə çıxmırdım. Siqareti olmurdu, məni göndərird ki, “ get qonşu kişilərdən siqaret al mənə”. Getməyəndə də basıb döyürdü. Kişi də hamilə arvadını lüt soyundurub unutaza bağlayıb, sonra da üstünə bumbuz su tökər?(kövrəlir) Mən bu cür əziyyətlər görmüşəm, qızımı da elə döyürdü ki, elə bil düşmən balası idi.

– Bəs necə oldu ayrıldınız?

– O, məni istəmədi. Kasıb qız idim axı, yalı kəsilmişdi. Qulağım eşidə-eşidə qızlarla telefonla danışırdı. Mənə dağ çəkirdi, susub ağlayırdım. Camaatın qızını aldadıb deyirdi ki “subayam, evim-eşiyim, hər şeyim var, bu il evlənəcəyik”. Qızlardan pul dilənirdi, bədbəxt balaları da buna inanırdı. Mənə deyirdi “sənin acığına evlənəcəm”. Mən cəhənnəm elə bil bunun balaları yox idi. Bir canı, bir boğazı idi. Təsəvvür edin ki, gedirdi qızlarnan görüşürdü, evə gələndə nəsə alırdı, uşağın, hamilə qadının gözü önündə yeyirdi. Mən cəhənnəm, uşaq ağzının suyunu axıdırdı, atasına yalvarırdı ki, mənə də ver. Deyirdi ki, “get anana de, çıxsın trasa alsın, ye”. Nəsə nə başınızı ağrıdım, oğlum doğuldu. Vəziyyətimiz lap pisləşdi, daha nə qədər qohum-qonşu adama əl tutar? Bezmişdim dilənçilik etməkdən. Bir gün də mən sözləşdim ki, bəsdi də, daha nə vaxta qədər qonşuların bir qab yeməyi ilə dolanacağıq? Elə bu sözü demişdim ki, qarnıma necə təpik vurdusa.. Əl-ayağı yorulandan sonra əyin-başını yığıb getdi. Həmin gündən də telefonuna zəng çatmadı. Bir ay o evdə qalıb gözlədim ki, bəlkə bundan səs-soraq çıxar. Sonra yığışıb rayona, atamın evinə qayıtdım. Anam hələ onda sağ idi, dərdimi danışdım. Anam qayınanamgilə xəbər göndərdi, onlar da bizə yiyə durmadılar. Məndə məcbur qalıb oturdum. Qardaşımın arvadı istəmirdi qalaq orda, axı atamın evindən mənə də pay düşürdü. Hər gün uşaqları öyrədib dalaşdırırdı, qardaşım da əsəbiləşirdi. Məcbur qalıb susurdum, çünki əlacım yox idi. Və belə bir neçə il orda qalmağa məcbur qaldım. Elə oldu ki, anamın vəziyyəti pisləşdi, qardaşım bizi qoymadı orda qalmağa. Uşaqları götürüb gəldim Bakıda ərimlə kirayə qaldığım evə. Bir məddət orda qaldım, alverə başladım, ev təmizləməyə getdim. Sonra qorxdum ki, ərim gələr, ev yiyəsinə dedim ki, bizə uyğun və etibarlı bir ev tapsın. O da tapdı, artıq illərdir ki, o evdə qalıram. Uşaqlarımı məktəbə düzəltdim, özüm də alverlə məşğul oldum. Şükür bu günümə də (gözündən yaş axır).

– Anam rəhmətə gedəndən sonra daha ata yurduma ayaq basmadım. Çünki qardaşım o evi adına saldı, məni hər şeydən etdi. Atasız, anasız qızın yiyəsi olmaz, yetim qalar (kövrəlir).

– Uşaqların atalarını yada salır?

– Qızım ona nifrət edir, oğlum isə heç onu xatırlamır. Axı yadında nə qalsın,uşaq idi də.

– İllərdir Bakıdasan, heç ərinlə rastlaşmısan?

– Yox, heç istəmirəm də o əclafın üzünü görüm. Görməsən yaxşıdır. Kaş ki, 2004-cü ilə yenidən qayıdardım. Heyf ki, qayıtmaq mümkünsüzdür, yoxsa bu cür səhvə yol verməzdim. Yenə də balalarıma şükür.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 151
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."