imagesVüqar Bayramov: “Amnistiya problemli kreditlərin strukturu təhlil ediləndən sonra, ancaq sosial mahiyyətli kreditlərə tətbiq edilməlidir”

Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyət günü-gündən pisləşir. Onun həcmi artmaqda davam edir. Hazırda ölkədə problemli kreditlərin həcmi 1,3 milyard manatı keçib. Bu isə beynəlxalq standartın keçilməsi deməkdir. Çünki problemli kreditlər artıq bank aktivlərinin 3 faizini keçib. Bank aktivlərinin həcmi isə ölkədə 19 milyard manata qədərdir. Hətta bu fonda kreditləri qaytara bilməyən bir çoxları intihar da edir. Digər tərəfdən artan işsizlik də ölkədə problemli kreditlərin çəkisinin artmasına gətirib çıxarır. Bir sıra ekspertlər belə bir şəraitdə problemli kreditlərə amnistiya verilməli olduğunu söyləyir. Görəsən, bu nə dərəcədə doğru addım olardı? Problemli kreditlərə amnistiya verilə bilərmi?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında problemli kreditlərə bütövlükdə amnistiya verilməsinin tərəfdarı olmadığını bildirdi. Onun fikrincə, ancaq sosial mahiyyətli belə kreditlərə kommersiya bankları tərəfindən amnistiya verilməsinə getmək olar:
“Problemli kreditlərlə bağlı dövlətin amnistiya etməsi inandırıcı görünmür. Çünki problemli kreditlərə amnistiya verilməsi o deməkdir ki, dövlət həmin kreditləri kommersiya bankına ödəyir və ikincisi də krediti vətəndaşlardan almır. Bunun mənfi tərəfi ondan ibarətdir ki. kreditlərə amnistiya verilməsi vətəndaşlarda kredit öhdəliyinə münasibəti dəyişə bilər. Onlarda bir arxayınçılıq yaradar. Problemli kreditlərin həcmi bu fonda amnistiya yolu ilə sıfıra ensə də belə, gələcəkdə onun yenidən yaranaraq həcminin daha da artmasına gətirib çıxara bilər. O baxımdan indiki halda amnistiyanın verilməsi inandırıcı deyil. Habelə iqtisadi baxımdan da doğru deyil. Elə insan var ki, aldığı kreditin qaytarılmasına ciddi yanaşır, qənaət edərək vaxtlı-vaxtında kredit faizlərini qaytarır. Digəri isə krediti götürsə də ona ciddi yanaşmayıb və kredit borcu yaranıb. Bu əsasda problemli kreditlərə amnistiya verilməsi artıq o anlama gəlir ki. öz kredit öhdəliyinə ciddi yanaşan vətəndaş öhdəliklərə əməl etsə də, ciddi yanaşmayanın borcu isə silinir. Bu fonda da amnistiyanın verilməsi iqtisadi baxımdan arzuolunan sayıla bilməz. Problemli kreditlərin həcminin böyüyərək, 1,3 milyard manatdan çox olduğunu da nəzərə alsaq, ona amnistiya verilməsi dövlət üçün əlavə maliyyə yükü ola bilər. İndiki məqamda amnistiya verilməsi deyil, kommersiya banklarının özləri tərəfindən problemli kreditlərin strukturuna baxıb bəziləri üzrə faizlərin hesablanmasının dayandırılması, sosial problemli olan vətəndaşlar üçün kreditlərin silinməsi, bağışlanılması daha məqsədəuyğundur. O baxımdan amnistiya problemli kreditlərin strukturu təhlil ediləndən sonra, ancaq sosial mahiyyətli kreditlərə tətbiq edilməlidir”.

Yenicag.az-a daxil olan məlumatda bildirilir ki, problemli kreditlər, xüsusilə, əhalinin düşdüyü çıxılmaz vəziyyət ölkə rəhbərliyini də narahat edir. Bu səbəbdən də, kiçik miqdarda olan kreditlərin ləğvi və ya həlli yolları ilə bağlı təkliflər planı hazırlanır.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 156
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."