Hansı üzlə medianı günahlandıra bilərsiniz? – Günay Arda yazdı

Müəllif: Baş Redaktor

Baş Redaktor

gunay_ardaDəftər-kitabı bağlayıb getməliyik. Özümüzə başqa iş tapmalıyıq. Çünki elə bir işlə məşğuluq ki, atılan hər daşın zərbəsini biz yeyirik.

İllərdir, sığortasız, yarı ac, yarı tox, hamının yerinə söz yeyə-yeyə, üzü tüpürcəkli işləyirik.

Faciə baş verir, ilk biz  oradayıq. Hər şey haqda birinci biz bilib biz xəbərdarlıq etməliyik. Yeri gələndə oxucu bizdən hadisənin qarşısını almaq, həmçinin xilasedici rolunda da iştirak etməyimizi istəyir.

Oxucunun gözlədiyi xəbəri vaxtında çatdıra bilirikmi? Yox, çatdıra bilmiriksə, biz niyə və kimə lazımıq? Kopyala və yay prinsipi ilə hara qədər gedə biləcəyik? Bizi oxucu ilə kim üz-göz edir? Kim bizi zərbə altında qoyur?

Bütün bunların bir cavabı var: Cavabdeh qurumlar bizi ələ salır, ciddi qəbul etmir, nə özlərinə, nə də bizim işimizə hörmət edir.

Bakıda bina yanır, ilkin və ən dəqiq məlumatı yerli portallardan və xəbər agentliklərindən yox, xarici mətbuatdan alırıq.

Nardaran hadisəsi başladığı ilk saatlarda güc strukturlarının mətbuat xidmətləri hadisə haqda bizim vasitəmizlə xəbər tutur və buna “çayxana söhbətləri” adı qoyur. İlin ən böyük əməliyyatlarından biri ilə nəticələnən hadisəyə “axşamüstü press reliz yayarıq” səviyyəsində qiymət verir.

31 neftçinin ölümü ilə nəticələnən hadisə haqda da dəqiq məlumatı dünya mətbuatından oxuya bildik. Konkret 27 saat ərzində dənizçilərə kömək çatmadığı kimi, bizə də məlumat verilmədi. Azərbaycan oxucusu öz ölkəsində baş verən faciəni xarici müxbirlərdən öyrənə bildi.

Yayılan dezinformasiyalara, yalan xəbərlərə görə hansı üzlə medianı günahlandıra bilərsiniz? Cavabdeh orqan vaxtında və dəqiq material ötürsə, hansı yalan xəbərdən söhbət gedə bilər?

Bizim bir xüsusumuz var ki, onu başqa millətlər istəsə də yamsılaya, təkrarlaya bilməz. O da qudurğanlıqdır, birinci mərtəbədən boylananda özünü 77 –ci mərtəbədən hiss etməkdir. Baxın ki, nazirin oğlu, özü  media ilə normal ünsiyyətdədir. Haqqında hansısa qudurğanlıq, özbaşınalıq söhbətləri dolaşmır. Di gəl ki, sürücüsünün xalası nəvəsi kimi harada tutdu alçaldır, kimə gəldi nazirin oğlunun, özünün adından hədə-qorxu gəlir. Və ya nazirin süfrəsinin artığı ilə dolananlar nazirdən çox həyasızlıq edir, işçiyə qan uddurur. Nədir bunun səbəbi? Alçaldılmış kompleksi. Necə ki, uşaqlıqda məktəbdə qapazaltı olan uşaq böyüyəndə əsgəri xidmətdə və ya işlədiyi idarədə özündən aşağı vəzifədə olanlara dil uzadır, torba tikirsə, o qəbildən olanlar da belə bir şizofrenik vəziyyətdə yaşayır, işləyir.

Dediyim kimi, bu ölkədə nazirdən, həmin orqanın birinci dərəcəli məmurundan çox arabanın qırxıncı təkərləri göz deşir.

Özünüzə gəlin. Sizə maaşı biz vaxtında məlumat verəsiniz deyə verirlər. Siz isti kabinetinizdə oturanda müxbirlər soyuqda, günəşin altında xəbər qovur. Dövlətlə jurnalist, jurnalistlə xalq arasına girməyin.

P.S:  Onsuzda boş-bekar vaxtınız çox olur. Yutube proqramında “Əli İnsanov “ yazın…


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir