!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Haydı, dirijor Qurbanov və onun simfonik orkestri! 

!Reklam – Yazi

Əslində, Çempionlar Liqasının himninə qulaq asmaq elə də çətin bir iş deyil. Açırsan “yutub”u, “UEFA Champions League official theme song” yazırsan, vəssalam. Dinlədikcə tamamilə fərqli hisslər yaşayırsan. Təbii ki, bu, futbolu sevənlər üçün keçərlidir. Tovuzun ucqar kəndində yaşayan Məmmədəli dayıya bu himni nə qədər istəsən də, sevdirə bilməzsən. Deyəcək, ağren alem, aşıq Zülfiyyə “xoroşo”…

Biri də var, bu sənət əsərinə canlı qulaq asasan, duyğulanasan, tüklərin biz-biz ola, tribunalardakı azarkeşlər coşa… Əslində, bu tarixi anı sözlə ifadə etmək çox çətindir. Lakin inadla “nə var e, axı bunda?” deyirsinizsə, sadalamaq məcburiyyətindəyəm.

Bu, bir ağdamlının 80-lərin axırı, 90-ların əvvəlində “palatka” toyunda Səxavət Məmmədovun ifasına canlı qulaq asıb, feyziyab olmasına bərabər idi…

Bu, uzun illər uşaq həsrətində olan ailələrin evindən gələn körpə səsi kimi şirin idi…

O ki, lüks avtomobilinin “qluşitel”indən çıxan səslə öyünən, fərəh hissi keçirən biznesmen, məmur övladlarının sevinci var e… Bax, bu, o hissə bərabər idi…

Bir də… həsrətlə pensiyalarını gözləyənlərin bankomatdan pul çıxararkən üzündə yaranan təbəssüm var. Vallah, bu da onun kimi bir sevinc idi…

Və son olaraq… Bu, işğal olunmuş torpaqlarda yenidən azan səsi eşitmək istəyənlərin arzusuna bərabər idi…

Kifayət qədər gəlişigözəl cümlələrlə həmin duyğulu anı müqayisə etmək olar. Amma əsas müəllifi olduğum cümlələri formalaşdıran sözlər yox, “Qarabağ”ın öz sözünü deməsi, milyonlara qələbə sevinci bəxş etməsidir.

Və bir daha təkrarlayıram: Çempionlar Liqasının himni futbolun Qarabağ şikəstəsidir. Təkrar müqayisə edirəm: biri var Üzeyir Hacıbəyovun şah əsəri olan “Koroğlu” uvertürası, biri də var Üzeyirin “Mənim balam bal dadır”ı… Bravo! Doğru cavabdır – o himn Hacıbəyovun uvertürası qədər əzəmətli, qürurlandırıcıdır! Bakıda, “Tofiq Bəhramov”da da ilk dəfə səsləndiyi üçün sevincimiz yerə-göyə sığmır. İnanırıq ki, ötən gecə 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun komandası “Kopenhagen”lə cavab matçında da bizləri sevindirəcək.

İndi ən yeni tarixin yazılmasına cəmi bir addım qalıb. Qrup mərhələsinə qazanılan vəsiqə isə bizim üçün dünyanın ən möhtəşəm konsertinə bilet olacaq. Haydı, dirijor Qurban Qurbanov və onun simfonik orkestri! Bu himnə yenə qulaq asmaq istəyirik, amma “yutub”da yox… İnternetimiz qədər, şansımız da var…

EMİN SƏFƏROV
Yenicag.az

www.yenicag.az

1044
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv