Həbsdə olan məşhur bankir sensasiyalı müraciət yaydı

Müəllif: Redaktor

Editor

48543Cahangir Hacıyev özünü günahsız, Maliyyə Nazirliyini isə əsas təqsirkar kimi təqdim edir

“Eldar Mahmudovun mənimlə hər hansı biznes əlaqəsi olmayıb”

Deputat Zahid Oruc: “Onun məqsədi “siyasi məhbus” obrazı yaratmaqdır”

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev son zamanlar mətbuatda barəsində gedən yazılara münasibət bildirib. Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Sabiq bank rəhbərinin qudası, Eldar Mahmudov isə oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

C.Hacıyevin müraciətində deyilir. “Mətbuatda gedən informasiyalarda MBA-Moskva Bankını məhz mənim iflasa saldığımı iddia edirlər. Bu məqamda onu qeyd etmək istəyirəm ki, MBA Moskva Bankı “Azərbaycan Beynəlxalq Bankı”nın törəmə Bankı olaraq Rusiyada fəaliyyət göstərir və 2015-ci ilin mart ayına qədər bu bank göstəricilərinə görə, Rusiyanın və həmçinin Moskvanın reytinqli banklarından biri olub. İstər yerli reytinq müəyyən edən şirkətlər olsun, istərsə də “Fitch” kimi beynəlxalq reytinq müəyyən edən mötəbər təşkilatlar, məhz MBA Moskva Bankını Rusiyanın reytinqli bankları arasına daxil ediblər. 2014-cü ildə bu bankın mənfəəti 20 milyon dollar civarında olub. Həmçinin, mənim zamanımda orada verilən istənilən kredit portfeli tam təminatlı olub” – “Report”da yer alan müraciətdə qeyd edilir.

“Beynəlxalq Bankın yeni rəhbərliyi və Maliyyə Nazirliyi ilə sıx şəkildə təmasdadırlar”

C.Hacıyev qudası, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu banklar vasitəsilə biznes əlaqəsi olmasına dair mətbuatda yer alan iddialara da münasibət bildirib: “Qeyd etmək istəyərəm ki, Eldar Mahmudovun nə Beynəlxalq Bankla, nə də MBA Moskva Bankı ilə heç bir əlaqəsi olmayıb, ümumiyyətlə mənimlə hər hansı bir biznes əlaqəsi olmayıb. Mətbuatda gedən bu informasiyalar cəfəngiyyatdır. Bir neçə gün öncə, həmçinin MBA Moskva Bankının rəhbəri Yaşar Səfərovun da adını mənimlə bağlayaraq iddia ediblər ki, guya onu bu vəzifəyə mən təyin etmişəm. Qeyd etmək istəyirəm ki, mən 2015-ci ilin mart ayında vəzifədən azad olunmuşam, Yaşar Səfərov isə indiki vəzifəsinə 2015-ci ilin sentyabr ayında təyin edilib, ABB-nin hazırkı rəhbərliyinin təyinatıdır. MBA Moskva Bankı barəsində həm Rusiyanın, həm də “Deloitte” kimi mötəbər şirkətlərin audit aktları bir daha sübut edir ki, mənim rəhbərliyim dövründə bu bankın likvidliyi yaxşı olub, bütün illəri mənfəətlə başa vurub. Bankın yeni rəhbərliyi isə məhz törəmə şirkətlərlə səriştəsiz işlədiyi üçün 2015-ci ildə törəmə şirkətlər bu vəziyyətlə üzləşib”.

ABB-nin sabiq rəhbəri barəsindəki digər iddialara da münasibət bildirib: “Həmçinin mətuatda qeyd olunur ki, Moskvada qeydiyyatda olan bəzi şirkətlər və Zaur İsazadə Cahangir Hacıyevin benefisiarıdır. Bununla bağlı qeyd edim ki, həmin şirkətlərin və Zaur İsazadənin mənimlə əlaqəsi yoxdur, hazırda həmin şirkətlər və qeyd olunan həmin şəxs Beynəlxalq Bankın yeni rəhbərliyi və Maliyyə Nazirliyi ilə sıx şəkildə təmasdadırlar. Həmin şirkətlər ABB və Maliyyə Nazirliyinin nəzarətindədir və Xəqani Bəşirovla əlaqəli şirkətlərdir. Hazırda da ABB və Maliyyə Nazirliyi Xəqani Bəşirovla Avropada sıx təmasda olmaqla bərabər öz aralarında benefisiarın kim olduğunu müəyyənləşdirirlər. Nəticə olaraq benefisiar məhz həmin şəxslər və qurumlardır”.

“Layihələrin başa çatmamasına dünyada gedən iqtisadi tənəzzül səbəb oldu”

“Ümumiyyətlə ABB ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, 2008-ci ildə dünyada gedən qlobal böhran məhz ABB-dən də yan keçmədi. ABB-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr 2010-2013-cü illər ərzində çoxsaylı yoxlamalara məruz qaldı, hətta müəyyən faktların aydınlaşdırılması üçün cinayət işi də qaldırıldı. Bu ərəfədə şirkətlərin normal işi pozuldu, onların fəaliyyəti iflic vəziyyətinə düşdü. Bunun əsas səbəbi isə şirkətlərə məxsus möhürlərin, hüquqi sənədlərin, digər fəaliyyət üçün zəruri olan avadanlıqların istintaqa və təhqiqata cəlb edilməsi, yoxlanış obyekti olmaları idi. 2013-cü ildə məhz baş prokuror ABB-nin layihələri olan şirkətlər barəsində cinayət işinə xitam verib və nəticədə bütün hüquqi sənədlər şirkətlərin özünə qaytarılıb. Bundan sonra isə şirkətlər yenidən fəaliyyətə başlayaraq dirçəlməyə başladılar. Bir çox şirkətlər məhz ölkə ərazisində normal fəaliyyətlərini davam etdirməkdə idi. Böhrandan sonra bankın maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən Beynəlxalq Banka subordinasiya krediti verildi, bu kreditin əksər hissəsi isə xarici borclara və yerli layihələrin tamamlanmasına yönəldilib. Buna qədər ABB-yə fiskal orqanlar tərəfindən hər hansı bir yardım olmayıb. Bütün likvidlik xaricdən cəlb olunan resurs hesabına əldə edilib. 2014-cü ildə ABB Avropa qiymətli kağızlar bazarına daxil olaraq 500 milyon avroluq avro bondlar buraxdı. Çox təəssüf ki, vəzifədən uzaqlaşmağım bu layihənin tamamlanmasına əngəl oldu. Həmçinin o da qeyd olunmalıdır ki, dünyada gedən iqtisadi tənəzzül Azərbaycandan da yan keçmədi, məhz həmin layihələrin tam fəaliyyətində ləngimələrə səbəb oldu, həmçinin ABB rəhbərliyinin dəyişilməsi, o layihələrin həyata keçirilməsini və yekunlaşdırılmasını ümumiyyətlə mümkünsüz hala gətirdi.

Əlavə olaraq, mətbuatdan xahiş edirəm ki, informasiya yaymazdan əvvəl mənbələrin mötəbərliyinə diqqət yetirsinlər və dezinformasiya yaymaqdan çəkinsinlər. İnformasiya yaymazdan əvvəl kiçik sənədli araşdırma etsələr, obyektiv həqiqətin nə olduğunu aşkar edəcəklər”.

“”MTN mediası” həmin çevrəyə xidmətini davam etdirir”

Milli Məclisin deputatı Zahid Oruc Cahangir Hacıyevin açıqlaması ilə bağlı “Bizim Yol”a bildirib ki, məqsəd “siyasi məhbus” obrazı yaratmaqdır. “Heç kəsin həbsə atılmasını istəmirik. Xüsusilə parlament üzvü olaraq, bunun əksini tələb etmək insanlıq hissi baxımından çox da uyarlı sayılmaz. Lakin görün hansı proses cərəyan etməkdədir. Dövlət idarəçiliyinin çox mürəkkəb mahiyyətə malik olmasının nümunələrindən biri də budur. Dünənə qədər medianın, o cümlədən cəmiyyətin sərt tənqid atəşinə tutduğu qurumlar, onların təmsilçiləri hakimiyyət orqanları tərəfindən cəzalandırılırsa, yaxud da buna cəhd edilirsə, avtomatik olaraq çevrələrində müdafiə istehkamları düzəldilir. Obrazlarının dəyişdirilməsi üçün xeyli vəsaitlər xərclənir, xarici dairələr bu işi öz nəzarətlərinə götürürlər və beləliklə, siyasi hakimiyyəti təhdid etmək üçün bütün vasitələrə əl atılır. Yəni 100 milyonlarla pulu “qazanandan” sonra həbsə atılırsansa, o məbləğin kiçik bir hissəsini müdafiəyə xərcləyirsən. Bilirsən ki, səni Xodorkovskiyə çevirəcəklər, beynəlxalq dairələr məsələnin içərisində siyasət axtaracaq və s. Ona görə də C.Hacıyevin Kürdəxanını sanki Beynəlxalq Bankın binasına çevirərək, oradan müxtəlif açıqlamalar verməsi və bunun tirajlanması dediyimiz məsələlərə nümunədir. Yəni adam Beynəlxalq Bank vasitəsilə külli miqdarda dövlət vəsaitlərinin zəmanətsiz qaydada müxtəlif təşkilatlara verilməsində suçlandırılıb. Həmçinin, həmin vəsaitlərin geri qaytarılmaması üzərindən onun yaxın qohumu olan sabiq MTN şefi Eldar Mahmudovla müştərək cinayətləri olması bu məsələnin içərisində qeyd edilir. Digər bank strukturlarını ələ keçirmək, onların fəaliyyətini iflic etmək ittihamları da var. Prokurorluğun, məhkəmənin adından çıxış etmək istəməsək də, hər halda bu ittihamlar ilkin olaraq yer alır. Buna qarşı olaraq da indi nə baş verir? Açıq-aşkar şəkildə “MTN mediası” deşifrə olunmamış şəkildə həmin çevrəyə xidmətini davam etdirir. Çox ustalıqla, hansısa peşəkar qələmlər vasitəsilə alibilər düzəldilir. Dediyimiz müdafiə ideologiyasının əsas hissəsi olaraq, devalvasiya şoku altında olan cəmiyyətin əsas günahkar kimi Maliyyə Nazirliyinin üzərinə yönləndirilməsini görməkdəyik. Düşünürlər ki, cəmiyyət hansısa qəzəb içərisində iqtidar əleyhinə hərəkətlənər və onlar da bu vasitə ilə azadlığa çıxarlar? Yaxud hesab edirlər ki, proses belə getdikcə elə Cahangir Hacıyevin özünü “siyasi məhbus” elan edəcəklər, qohumluq şəbəkəsinə görə Eldar Mahmudovu təmizə çıxaracaqlar? Cəmiyyətdə söz sahibi olan media tərəfindən belə məsələlər bilməzlikdən yayımlananda, sadəcə informasiya borcunun yerinə yetirilməsi kimi deyil, mahiyyəti şərh etmədən fakt kimi təqdim ediləndə, insanlar da çaşqınlıq içərisində olur” – deyə Zahid Oruc bildirib.

“İl ərzində iki dəfə devalvasiyanın bir səbəbi də həmin şəxslərdir”

Zahid Oruc hesab edir ki, bu kimi məlumatların mətbuata ötürülməsi ilə həmin şəxslər ciddi maraqlar güdürlər. “Baxın, dünənə qədər bu adamlara görə iqtidarın suçlanması baş verirdisə, indi Cahangir Hacıyevin irəli sürdüyü saxta arqumentlərə görə hakimiyyət qınanmaqdadır. Ona görə də hesab edirəm ki, MTN-in yüksək çinli əməkdaşlarının, generallarının ifşa edilməsi ilə yanaşı, media çevrəsində yer alan sabotajçı, bəlli mərkəzlər tərəfindən idarə olunan informasiya qurumlarını da zərərsizləşdirməliyik. Yoxsa, prosesi normal qaydada aparmaq mümkün olmayacaq və onların əsas fəaliyyəti böyük iqtisadi sərvətləri gizlətmək, özlərinə toxunulmazlıq qazandırmaq və xalqdan oğurlananları geri qaytarmamaq istiqamətində olacaq. Ona görə də özlərinə vəkil tutmaq və xarici dairələrin də diqqətini çəkmək, Azərbaycandakı iqtisadi proseslərə öz bildiyi axarda təsir göstərmək istəmək əslində devalvasiyada günahı olan insanların təmizə çıxmaq niyyətidir. Biz bilməliyik ki, manatın bir il ərzində iki dəfə kəskin devalvasiyaya getməsi təkcə neft amili ilə bağlı deyil. Həmçinin ölkədə bir sıra dairələrin yürütdüyü maliyyə siyasəti ilə birbaşa əlaqəlidir” – deyə deputat vurğuladı.(bizimyol)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir