!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Həbsxana mənə insanları tanıtdı” - Olimpiya medalçımız ilk dəfə məhbus həyatından danışdı

!Reklam – Yazi

Sidney Olimpiya Oyunlarının bürünc medalçısı, “Tərəqqi” medallı, boks üzrə əməkdar məşqçi Vüqar Ələkbərov Yeniçağ.az-a müsahibə verib.

– 1994-cü ildə akademik avarçəkmə ilə məşğul olmusuz. Sonra niyə boksu seçdiniz?

– Düzdür, 1993-cü ildən 1995-ci ilə qədər avarçəkmə ilə məşğul olmuşam. İki dəfə Azərbaycan çempionu adını qazanmışam. 1995-ci il dekabrın 1-dən isə boksa gəldim. Boksa gəlişim də necə oldu? Qonşumuzda məndən bir neçə yaş böyük uşaq vardı, onu döymək istəyirdim. Məhz bu istək məni boksla məşğul olmağa həvəsləndirdi. Amma sonradan boksa o qədər aludə oldum ki, bu idman növündə qalmağa qərar verdim. Boksa başlayandan 20 gün sonra çıxdığım ilk turnirdə qalib gəldim. 3 ay sonra isə boks üzrə Azərbaycan çempionu titulunu qazananda mənim 15 yaşım vardı. Ondan sonra daha böyük uğurlara imza atdım. 24 yaşımda isə idmana “əlvida” dedim.

– Sizcə 15 yaş boks üçün gec müddət deyil?

– Yox, əksinə, əsl vaxtıdır. Boks elə bir idman növüdür ki, gərək sümüyün bərkiyə. Mən özüm heç yeniyetmə və ya gənclər arasında döyüşmədim. Birbaşa “böyüklər” komandasında vuruşdum. Çünki həmin vaxt çətin dövr idi. Həmçinin federasiyanın da kasıb vaxtları idi. Hər yarışa idmançı göndərə bilmirdilər. Bir dəfə 1999-cu ildə Gənclərin Avropa çempionatında döyüşmüşəm. Görüş 4:4 bitsə də mənə məğlubiyyət yazıb, rəqibimi çempion etdilər.

– Boksu öyrənəndən sonra o qonşu oğlanın aqibəti necə oldu?

– (gülür) Boksa başlayandan 20 gün sonra onunla münasibətləri aydınlaşdırmaq qərarına gəldim. Amma başa güşdüm ki, boksa getsəm də, getməsəm də mən ondan güclüyəm.

– Nə vaxtsa Olimpiada medalını qazanacağınıza inanardınız?

– Bəli. Boksa başladığım vaxtdan 3 ay sonra -1996-cı ildə Azərbaycan çempionu olanda məni Avropa çempionatına aparmadılar. Dedilər, uşaqdır, rayondan gəlib. Min bəhanə uydurdular. Məğlub etdiyim idmançını apardılar, o da Avropa çempiontında gümüş medal qazandı. Amma qayıdandan sonra da mən onu uddum. Hazırda o oğlan mənim dostumdur. O zaman bəyan etdim ki, mənim birbaşa yolum Olimpiya Oyunlarınadır. O zaman bizdə boks idmanında durğunluq dövrü idi. Rəhmətlik Ədalət Məmmədov ilk olimpiya iştirakçısı kimi iki döyüş udmuşdu. Ona da haqsızlıq olmuşdu, medal qazana bilməmişdi. Həmin vaxt dedim ki, mən özüm olimpiya medalını qazanacam. Onda çoxu bu sözümə istehza ilə güldü. Mən isə öz qələbəmlə dediklərimi sübut etdim.

– Yarışlarda haqsızlıqla çox üzləşmisiniz?

– Çox olub. Amma reaksiyam da çox pis olub. Həmin dövrdə o, bizim federasiyanın rəhbəri Ağacan Əbiyev idi. Günü bu gün də o insandan məni bağışlamağını istəyirəm. Çünki həmin uğursuz yarışdan sonra Ağacan Əbiyevi acılamışdım.

– Boksda istədiyiniz zirvəyə çata bildinizmi?

– Xeyr, əksinə mən düşünürəm ki, boksda heç nə eləmədən getdim.Amm arzularım çox olub. Çünki Olimpiya çempionatının bürünc medalından sonra fikirləşdim ki, mən qızılı da qazana bilərəm. Bu gün çox istərdim ki, buna qadir olan hansısa gənc idmançıya əlimdən gələn köməkliyi edim. Məsələn, çox istərdim ki, Pərviz Bağırov özü mənim qazana bilmədiyim nəticələri qazansın.

– Şəxsi məşqçiniz kim olub?

– Şəxsi məşqçim olmayıb. O vaxt Rəşid Məmmədov adlı bir nəfəri mənim şəxsi məşqçim olaraq yazdılar. Amma yenə deyirəm, mənim özümün şəxsi məşqçim olmayıb.

– Siz 2000-ci ildə Sidneydə keçirilən Olimpiya oyunlarında boks üzrə medal qazanan ilk azərbaycanlı kimi tarixə düşmüsuz. Hətta XXVII Yay Olimpiya Oyunlarında qazandığınız uğura görə “Tərəqqi” medalı ilə təltif edildiniz. Ancaq 2004-cü ildə keçirilən növbəti Olimpiada sizin üçün çox uğursuz oldu və səhv xatırlamıramsa, döyüş zamanı təngnəfəs idiniz. Sizin haqqınızda deyirdilər ki, az qala rinqdən qaçır.

– Doğru xatırlayırsız. Bu, 2004-cü ildə Afinada keçirilən Olimpiada zamanı baş verdi. Mən həmin döyüşdə 14 xal öndə idim. Onda bizim tam qələbəmiz üçün 15 xal lazım idi. Yəni xal çatmırdı. Tərslikdən rəqibin təsadüfən vurduğu zərbə qaraciyərimə dəydi. Həmin vaxt məşqçiyə yaxınlaşıb dedim ki, nəfəsim çatmır, çıxart əlcəklərimi… Onda məşqçi mənə dedi: “sən atanın goru, bir az da döz, sadəcə bir xal almalısan”. Mən də qorunmağa çalışdıqca, 3 dəfə xəbərdarlıq aldım. Sonda xallarım xəbərdarlıqlara görə silindi. Amma bəzi “ağzıgöyçəklər” çox fikir irəli sürdü. Guya mən qəsdən uduzub, rəqibimə oyunu hədiyyə etdim. Döyüşü satdım və daha nələr…

– Dediyiniz “ağzıgöyçəklər” daha başqa sözlər danışdılar: sizin narkotikdən istifadə etdiyinizi dedilər…

– Mən ümumiyyətlə, heç vaxt nə siqaret çəkmişəm, nə də narkotikin dadını bilmişəm. Elə şeylərdən uzağam. Günü bu gün də heç siqaret çəkmirəm.

– Bəs həbsə niyə düşdüz?

– Bu bərədə ilk dəfə danışıram. O adamın mənə külli-miqdarda borcu olub. Həmin şəxs məni şərlədi, polisləri də aldatdı. Dedi ki, guya mən “reketlik” edirəm. Hazırda elədir ki, idmançıya ləkə tez yapışır. Amma indiyədək həmin adamın mənə borcu qalıb. Mən pulumu istəyirdim. O da düz 7 ay məni aldatdı. “Bu gün.. sabah” deyib, pulumu vermədi. Mənim 27 yaşım vardı, dəliqanlı vaxtlarım idi. Təəssüf ki, əlimdə borc verməyimlə bağlı rəsmi sənəd yoxdur. Amma bütün yaxınlarım məsələni bilirdi. Hətta bir çoxu da pulu almaq üçün minnətçi düşmüşdü. Axırda da bıçaq sümüyə dirənən vaxt yetişdi… Əslində, həmin hadisə heç olmayacaqdı da… Sadəcə, o mənim zənglərimdən qaçmağa başladı və axırda da dedi ki, “vermirəm, pulunu, heç nə vaxtsa qaytarmaq fikrim də yoxdur. Məni narahat etmə, yoxsa səni polisə verəcəm”. Bundan sonra onu axtarıb tapdım. Yaxasından tutdum ki, gətir pulu qaytar. O da gedib yalandan şikayət etdi. Ondan tələb etdiyim öz pulum idi. Və məbləğ onun dediyi 10 min dollar deyil, daha artıqdır .

– Bəs sizin onu silahla qorxutmağınız nə qədər doğrudur?

– Tamamilə yalan söhbətdir. Məndə silah nə gəzir? O özünə sərf edəni deyib. Və siz də ilk jurnalistsiz ki, bu barədə danışıram.

– O indi hardadır?

– Məni həbsdən azad edən kimi onu tutdular. Məlum oldu ki, Bakı şəhərində xeyli adama pul atıb. Mənim məsələmi cənab Prezident birbaşa nəzarətə götürdü. Ona çox minnətdaram.

– Bəs elə biri ilə siz necə tanış olmusunuz?

– O, Beton Zavodunun müdiri idi. Tikinti materialları satırdı. Biz də o vaxt obyekt tikirdik. Mən həmin şəxsə, materialları almaq üçün xeyli pul verdim. Belə ki, öz sürdüyüm maşını, şərikim olan dostumun və bir də başqa maşın vermişdik. Ümumilikdə 3 maşınla tikinti materiallarını barter etdik. O da pulun 40 faizi dəyərində materialları göndərəndən sonra başladı qaçmağa. Və bu məsələ 7 ay uzandı.

– O zaman ailəli idiniz?

– Bəli, ailəli idim. O zaman ilk övladım dünyaya gəlmişdi. İndi 3 övladım var.

– Həbs olunduqdan sonra sizdən üz döndərənlər çox oldu?

– Həyatda hər şey yaxşılığa doğrudur. Mən orada olduğum müddətdə dostumu- düşmənimi tanıdım. Ora mənə öyrətdi ki, azadlığın qədrini bilmək lazımdır. Anladım ki, Allah- Təala tərəfindən bizə verilən ən gözəl nemətlərdən biri məhz azadlıqdır.

– Hazırda nə işlə məşğulsunuz?

– Bu gün özümü ailəmə həsr etmişəm. Həmçinin öz biznesim də var. “Neftçi” İdman Sağlamlıq Mərkəzinin boks bölməsinin rəhbəriyəm. Allah bütün dostların canını sağ eləsin. Sağlamlıq mərkəzinin rəhbəri Sadıq Sadıqov qardaşımızdır, gözəl insandır. Elə həmin hadisədən sonra mənə ilk dəstəyi də verən məhz o olub. Məni 2009-cu ildə “Neftçi” İSM-dəki vəzifəyə təyin edib. Bu gün də onunla bir yerdə çalışıram. Həm də Federasiyaya kömək edirəm. Həyatımda hər şey qaydasındadır.

 

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

2157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv