!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Heç kim mənim övladlarımı pulla satın ala bilməz" - Futbolçumuzun anasından ŞOK etiraflar - Eksklüziv

!Reklam – Yazi

Azərbaycanın gənclər millisinin debütantı Ozancan Kökçünün anası Sibel Kökçü Yeniçağ.az-a müsahibə verib. O, övladının Azərbaycan millisinə qatılmasından və yüksək məbləğdə pul alması barədə ortaya atılan iddialardan danışıb:

– Ozancan Kökçü neçə yaşından futbol oynayır?

– Oğlum 6 yaşından bəri futbol oynayır. İlk klubu “HFC Ed” idi. Orada həvəskar kimi çıxış edirdi. Daha sonra “HFC Haarlem” klubuna keçdi. Burada isə uşaqlardan ibarət heyətdə çıxış etdi. Daha sonra “Groningen” FK-da peşəkar şəkildə çıxış etməyə başladı. Hollandiyanın U-14, U-15 milliləridə oynayıb. U-16-da olarkən Türkiyə millisi onunla maraqlanmağa başladı. Bu zaman Azərbaycandan da təkliflər var idi, söhbətlər gedirdi. Hazırda isə”Feyenoord” peşəkar futbol klubunda oynayır.

– Bəs oğlunuzun Azərbaycan milli komandasında oynaması necə gerçəkləşdi? Azərbaycanda kiminlə danışıqlar aparıldı?

– Ozancan yaşına görə artıq bir milli komandanı seçməli idi. Onun qarşısında üç seçim vardı. Bunlardan biri də Azərbaycan millisi idi. Hətta həmin vaxt Türkiyə millisi də Ozancanı heyətinə qatmaq üçün cəhd göstərirdi. Vaxtı ilə Türkiyənin U -16 milli komandasından təklif gəldiyi üçün biz Hollandiyaya “yox” dedik. O dövrdə Türkiyə Avropada oynayan türk futbolçularını heyətinə qatırdı. Bu işdə hədsiz qeyri-obyektivlik baş verdi və buna görə də Fatih Terim həmin heyətin yığılmasından imtina etdi. Ozancan və onun kimi Avropada oynayan türk futbolçuları həmin vaxtdan bu günə kimi Türkiyə millisinə dəvət almadılar.

Və gözlənilən dəvət bu il bizə şifahi şəkildə çatdırıldı. Amma biz dildə deyil, rəsmi olaraq dəvət görmək istədik. Bu fikrimizi də Azərbaycana çatdırdıq. Bundan sonra da onlar ilk təklifi etdilər.

Ozancan Norveçdə keçirilən futbol çempionatlarının birində “turnirin ən yaxşı oyunçusu” seçildi. Bu zaman azərbaycanlı futbolsevər İsmixan Mirzəyev orada Ozancanı izləyib və bizimlə əlaqə saxlamışdı. Federasiya rəsmilərindən Orxan Əhmədov İsmixan bəyin fikrinə dəstək verib. Biz də bu addımdan məmnun olduğumuzu dilə gətirdik. Bildirdik ki, oğlumuz qürurla Azərbaycan millisində çıxış edəcək. Elə dərhal sonra oğlumuz yığmanın düşərgəsinə dəvət aldı. İnşallah, xeyirli olar.

– Hər iki oğlunuzun da futbolu seçməsinin səbəbi nədir?

– Bəli, övladlarımızın futbolu seçmələrinin səbəbi atası və dayılarının bu idman növü ilə yaxından maraqlanmasıdır. Həm dayıları, həm də atası keçmiş futbolçu olub. Kiçik yaşlarında Ozancan və Orkunun futbol sahəsində xüsusi qabiliyyətlərinin olduğunu gördülər və futbola yazdırdılar. Hər ikisi öz üzərində çox çalışır.

– Bir valideyn kimi oğlunuzun çıxışlarını izləməyə getmisinizmi?

– Bizim üçün futbol çox önəmlidir. Yəni bizim həyatımız futbolyönümlüdür. Futbol olmadığı həftə bizə elə gəlir ki, həyatımızda nəsə çatmır. Bir valideyn olaraq hər iki qardaşın bütün oyunlarını izləmişik. Bizə görə ölkə və ya şəhər fərq etmir. Onlarla hər yerə getdik. Sağlamlığımız imkan verdikcə də gedəcəyik. Çünki bizim üçün paranın-pulun heç bir əhəmiyyəti yoxdur. Sadəcə, onları seyr edirik və zövq alırıq.

– İddia edilir ki, “Ozancanın Azərbaycan millisində oynaması üçün çox böyük miqdarda (dollarla) pul təklif edilib. Razılıq bunun əsasında verilib.

– Tamamilə səhv və yalan məlumatdır. Bir az əvvəlki sualınızda da eynisini dedim. Bizim planımızda heç vaxt pul olmayıb. Hələ milli duyğudan söhbət gedirsə, burada pulun adı belə çəkilə bilməz.
Belə xəbərləri biz də eşitdik. Açığı, ailəlikcə üzüldük.

Milli duyğunu pulla satın ala bilməzsiniz. Mənim övladlarımı isə heç kim pulla sala bilməz.
Bu deyilənlərin yəqin ki, başqa bir səbəbi var. Amma biz hər şeyi səbrlə qarşılayırıq. Bizim üçün uşaqların geyindikləri formalara verəcəkləri dəyər və sevgi önəmlidir. Əksini düşünmürük və kimsə də bunu iddia edə bilməz.

– Azərbaycan milli komandasında oynaması üçün hər hansı bir müqavilə imzalandımı? Şərtlər nədir?

– Xeyr, hələ heç nə imzalanmayıb. Qarşılıqlı şərtlər də yoxdur. Bu, könül işidir. Azərbaycan milli komandası istədi, Ozan da qəbul etdi. Bundan sonrakı prosedura görə yolumuza davam edəcəyik.

– Bir də iddia edilirdi ki, oğlunuzun Azərbaycandan alacağı maaş çox yüksəkdir.

– Gülürəm bu xəbərlərə.. Ozancan peşəkar futbolçudur. Amma elə deyildiyi kimi yüksək maaşı yoxdur. Avropada hər şeyi minimum əməkhaqqı ilədir. Lakin bu sualınız sırf milli komandayla bağlıdırsa, deyərdim ki, heç bir pul tələb edilmədi, pul mövzusundan danışılmadı. Bu danışılanlar bizim etdiklərimizin əksidir.

– Ozancan Kökcü özü Azərbaycandan gələn təklifi necə qarşılamışdı?

– Ozancana Azərbaycandan ilk təklif gəldiyi zaman təbii ki, duyğulandı .
“O milli komanda formasını geyəcəm. Formanı əynimdən çıxardanda isə o ölkədə futbol fenomeni olacam. Millidəki futbol karyeramı elə Azərbaycanda bitirəcəm” dedi. Həmçinin aşağı yaş qruplarına bu idman növündə bildiklərini öyrədəcəyinə söz verdi.

– Azərbaycan klublarından təklif gəlib?

– Təlim-məşq düşərgəsində klublar təbii ki, gəldilər matçlara baxdılar. Yəqin maraqlananlar da olub. Lakin Ozancanı hər kəs təzə tanıyır . Hazırda bununla bağlı nəsə demək doğru deyil. Zaman içərisində qismətimiz nədirsə, onu görəcəyik. Onu da əlavə etmək istərdim ki, Ozancanın qanı türk qanıdır və Ozancan Azərbaycan milli komanda formasını türk ölkəsi olduğu üçün qəbul edib.

Hörmətli Böyükağa və Yaşar müəllim başda olmaqla bütün milli komanda heyəti hörmətə layiq və sevgi doludur. Buna görə də Ozancan özünü evindəki kimi hiss edir. Biz də ailə olaraq, Azərbaycanda özümüzü evimizdəki kimi hiss etmək istəyirik. Bəlkə də buna qarşı çıxanlar ola bilər. Ancaq onlara deyirəm ki, siz nə qədər azərbaycanlısınızsa biz də o qədər azərbaycanlıyıq. Sizi sevirik.

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv