Hər bir əsərdəki obrazlar yazıçının çoxaldılmış surətləridir... – Yazıçı Nəriman Əbdülrəhmanlı ilə müsahibə

Hər bir əsərdəki obrazlar yazıçının çoxaldılmış surətləridir… – Yazıçı Nəriman Əbdülrəhmanlı ilə müsahibə

Müəllif: Redaktor

Baş Redaktor

Nəriman Əbdülrəhmanlı 1958-ci ildə Gürcüstan Respublikasınnın Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdindki kinossenari kursunda təhsil alıb. 9 kitabın (roman, povest, hekayələr və sənədli nəsr), 44 tərcümə kitabının müəllifidir.

Nəriman Əbdülrəhmanlı 80-ci illərdən bədii tərcümə ilə ciddi və ardıcıl məşğul olur. Gür¬cü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət Müka¬fatına, 2011-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirli¬yinin “Qızıl kəlmə” – “Şans” mükafatına layiq görülüb. “Yalqız” romanı 2010-cu ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, “Yolsuz” romanı isə 2001-ci ildə üçüncü mükafata layiq gö¬rülüb. Əsərləri türk, rus və ingilis dillərinə tərcümə olunub.

Yazıçı-tərçüməçi Nəriman Əbdülrəhmanlının Yeniçağ.az-a müsahibəsini təqdim edirik:

– İlk publisistik yazılarınız 80-ci illərdə çap olunub. O illərə qayıtmanızı istərdim…

– Əslində, 70-ci illərdə Bakı Dövlət Universitetində təhsli aldığım zamanlardan publisistik yazılarımı çap etdirmişəm. Sonra təyinatla işləyəndə və təyinat müddətimi başa vurub, doğulduğum Gürcüstana qayıdanda Tbilisidə çıxan “Sovet Gürcüstanı”qəzetində işlədim və publisistik yazılarımı çap etdirdim. Amma qələm adamı kimi formalaşmağa 80-ci illərin əvvəllərindən başlamışam. O dönəm daha aydın, ədəbi həyat daha nizamlı, yazıçının formalaşması üçün daha münasib idi. Çünki heç olmasa, nəşriyyatlara, qəzet-jurnallara, televiziyalara ciddi nəzarət edilirdi. Düzdür, nəzarət çox vaxt absurd xarakter daşıyırdı, amma plan, formalaşmış qonorar sistemi, ədəbi tənqid və redaktə institutu vardı ki, bunlar da qələm adamını özünənəzarətə məcbur edirdi. Sonra sərbəstlik artdı, özü ilə bərabər də bir çox problemlər gətirdi.

– Gürcüstana qayıtmanızdan və orada qəzetdə işləyib, yazılarınızı çap etməyinizdən danışdınız. Azərbaycanla Gürcüstan ədəbi mühitinin fərqi nədədir?

– Mən Gürcüstanda doğulub böyümüşəm. 17 yaşıma qədər orada yaşamışam, sonra da beş il – 1983-1988-ci illərdə hələ də Vətən saydığım o yerdə yaşadım. İndi də əlaqələrim var, il ərzində bir neçə dəfə gedib-gəlirəm. Həmişə bu fikirdə olmuşam ki, gürcü ədəbi mühiti daha demokratik, daha qərəzsiz, sənət prinsiplərinə daha çox bağlı olan bir mühitdir. Tiflis şəhəri tarixən Qafqaz canişinliyinin mərkəzi, mədəniyyət ocağı olub, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin bir çox görkəmli simaları orada yaşayıb formalaşıblar. Tiflis ədəbi və mədəni mühiti Avropaya daha yaxındır. Orada hələ də demokratik prinsiplərin qorunub saxlandığının şahidi oluram. Bir də yaradıcı qüvvələr öz enerjilərini daha çox özünün başqalarından daha üstün olduğunu göstərmək üçün lazımsız mübahisələrə, çəkişmələrə sərf edirlər. Yüksək sənət prinsipi cəhətdən gürcü mühiti bizdən bir addım irəlidədir. Onlar ali prinsiplərində sədaqəti qoruyub saxlayırlar.

– Məgər Azərbaycan ədəbi mühitində demokratiya yoxdur?

– Var, amma bizim yaradıcı mühitdə demokratiya bir az fərqli cəhətdən başa düşülür. Demokratiya o demək deyil ki, istədiyini yazasan, kefin gələndə kimisə tənqid edəsən. Demokratiya yaradıcılıq formalarından, prinsiplərindən, meyillərindən səmərəli istifadə etməkdir. Bizdə ədəbi mətndə təhqiramiz ifadələr işlətməyi, cəmiyyət üçün qəbul olunmamış mövzulara əl atmağı, öz imkanlarını necə gəldi səpələməyi demokratiya hesab edirik. Əslində, demokratiya özündə yaradıcılıq prinsipinə münasibəti birləşdirir. Gənclərimiz onsuz da nəsrdə də, publisistikada da, KİV-də də istədiklərini yazırlar,ancaq bunun özündə də müəyyən ölçü-biçi olmalıdır.

– Gənclər istədiklərini yazırlarsa, niyə yaşlı nəsil gənc nəslin yaradıcılığını az qala qəbul edə bilmirlər?

– Mən heç bir gənc yaradıcıya mane olmaq barədə düşünməmişəm. Bəzən gənclər özlərini sübut etmək üçün əvvəlki nəsilləri bəyənmirlər, inkar etməyə, gözdən salmağa çalışırlar. Əslində, bu qəbul olunmayan şeydir. Rəqabət özünü sözə, yaradıcılığa münasibətdə bildirməlidir. Hər yeni nəsil özündən əvvəlki nəsildən daha da irəli getməyə can atmalıdır. Nəsillər arasında rəqabət tarix boyu olub. Buna görə də istərdim ki, məndən sonra gələn nəsil öz yaradıcılığı ilə məni inkar eləməyə çalışmasın, yaradıcılıqda məndən irəli getməyə can atsın.

– İndi ədəbiyyatda elə gənclər var?

– Var… Poeziyada da, nəsrdə də, ədəbi publisistikada da, tənqid və ədəbiyyatşünaslıqda da çox maraqlı imzalar, deməli, istedadlı ədəbi nəsil var. Gənclərin yaradıcılığını müntəzəm izləyirəm. Bir məqsədlə oxuyuram ki, görüm, kimlər yetişir, kim məndən irəli gedə bilir. Təbii ki, yaradıcılıqda formalaşma bir az uzun çəkən prosesdir, indiki iki mininci illər nəslinin sözə münasibətini zaman üzə çıxaracaq.

– Adlarını çəkə bilərsiniz?

– Çəkə bilərəm. Amma bunun bir qorxulu cəhəti var ki, kimisə unudanda ürəyinə xal düşür… Yaşı qırxı ötməmiş qələm sahibləri arasında xeyli bəyəndiyim imzalar var. Təbii ki, izlədiyim qələm sahiblərinin hələ bir çoxu formalaşma prosesindədirlər. Ümidvaram ki, gələcəkdə onların gözəl əsərlərinin şahidi olacağıq. Yaradıcılıqda yetkinlik 40 yaşdan sonra başlayır.Bu, bioloji cəhətdən də, mənəvi cəhətdən də belədir.

– Bəs yaşlı nəsillə gənc nəsli yazı cəhətdən nə fərqləndirir?

– Təbii ki, gənc nəsil daha çevikdir, dünya ədəbiyyatına daha çox bələddir, gedən prosesləri daha dərindən izləyir. Bu çevikliyi sevirəm, hətta qiymətləndirir, yaxşı mənada həsəd aparıram.Yaşlı nəslin isə bu sahədə o qədər böyük imkanları olmayıb. 90-ci illərin sonunadək dünyaya çıxış imkanları çox az idi, yeni nəsil isə demək olar, bu imkanlarla böyüyüb. Əlbəttə, bütün bunlar yaradıcılığa münasibətlə birləşsə daha yaxşı nəticələr verəcək.

– Gənc yazıçıların müsbət cəhətlərini sadaladınız. Bəs yaradıcılıqda ən ciddi problemləri nədir?

– Ən ciddi problem dil problemidir. İstərdim ki, bir çox gənclər dilə qarşı bir qədər həssas olsunlar. Onlar çox tələsirlər, tanınmağa, tez-tez çap olunmağa, kitablar çap etdirməyə çalışırlar. Eləsi var ki, artıq 18 yaşında şeir kitabı çıxır, 20 yaşı olmamış roman yazır. Nəticədə, formalaşma prosesinə vaxtları az qalır.
– Nəriman müəllim, bəzi yazıçılar gecələr yazmağa başlayır. Bu, sizdə də belədir?

– Mən o yazıçılardan deyiləm. İş vaxtım ancaq səhər tezdən günortayacan olur. Ömrüm boyu səhər 6-da qalxıb, günortaya qədər işləmişəm. Günortadan sonra heç vaxt ədəbi yazılar yazmamışam. Ola bilər ki, xırda-para tərcümələr, publisistik yazılar, köşələr yazmışam, ya da yazacağım əsərlə bağlı araşdırmalara ehtiyac yaranıb.

– Bəs indiyəcən neçə tərcümə kitabı çap etdirmisiniz?

– İndiyəcən dünya ədəbiyyatından 44 tərcümə kitabım çap olunub. Əsasən rus, türk və gürcü dillərindən tərcümələr etmişəm. olub. Elə bilirəm ki, bu cəhətdən daha məhsuldar işləmişəm. Çünki tərcümə mənim müyyən müddət ərzində vəzifə borcum, daha doğrusu çörək ağacım olub.

– Hazırda hansı tərcümə kitabınız hazırdır?

– 150 cildlik dünya ədəbiyyatı kitabxanası seriyasından böyük yapon yazıçısı, Nobel mükafatçısı Kenzabur Oe İnin seçilmiş əsərləri çapdadır. “Qanun” nəşriyyatına Nobel mükafatı laureatı Miguel Anxel Asturiasın “Mais adamlar” romanı, Andrey Platonov və Jan-Paul Sartırın hekayə toplularını təqdim etmişəm. Bir neçə kitabın da artıq tərcüməsini bitirmişəm, ancaq nə vaxt çap olunacağını bilmirəm.Bir də gürcü ədəbiyyatından ikicildlik nəsr antologiyası, Otar Çiladze, Revaz İnanişvili və Qoderzi Çoxelinin kitabları öz çapını gözləyir.

 

– Orxan Pamukun da kitablarından tərcümə etmisiniz, görüşünüz də olub. O görüşdən danışın…

– Bir neçə dəfə görüşmüşük. İlk dəfə 2004-cü ildə, Azərbaycan yazıçılarının qurultayına gələndə görüşdük. Onda Nobel mükafatı almamışdı. “Mənim adım Qırmızı” romanını dilimizə çevirmişdim, həmin əsərin çapına icazə istədim. Etiraz etmədi. Az sonra da mükafatın sahibi oldu. Növbəti dəfə İstanbulda, Nişantaşıdakı ofisində görüşdük. Ötənilki səfərimdə “Məsumiyyət muzeyi”ni ziyarət etdim.

– Onun 3 kitabını tərcümə edib çap etmisiniz. Sizə kitablarınızdan hansınınsa türk dilinə tərcümə olunmasında yardım təklif edibmi?

– Yox etməyib. Heç mən də o təmənnada olmamışam. “Könül elçisi” romanım 2015-ci ildə dostum, gözəl ziyalı Fəthi Gədiklinin tərcüməsində İstanbuldakı “İz yayınları” nəşriyyatında işıq üzü gördü.

– “Könül elçisi” romanından danışdınız. “Könül elçisi” romanında siyasi qarşıdurmalar, xəyanətlər, qətllər, fırıldaqlar, əzablarla yanaşı, gözəl eşq macəraları da var. Romanda öz həyatınızla səsləşən obraz yaratmısınızmı?

– “Könül elçisi” romanı XVI-XVII əsrlərdə baş verən hadisələri əks etdirir. Romanın mövzusu Böyük Şah Abbasın Avropaya göndərdiyi səfirin başına gələn əhvalatlardır. Əlbəttə ki, müəyyən obrazlarda müəllif kimi özümdən, öz yaşantılarımdan nəsə var. Amma öz taleyimlə bağlı “Yalqız” və “Yolsuz” romanlarımda bir çox epizodlar yer alır. Bir də hekayələrimin əksəriyyətində müəyyən ştrixlər tapmaq olar.

– Sizin haqqınızda araşdırma aparan zaman publisistika, nəsr, kino və tərcümə ilə məşğul olduğunuzu gördüm. Sizcə hansı daha çətindir?

– Yaradıcılığa publisistika ilə başlamışam. Həmin illərdə nəsr əsərləri yazsam da çox az qismini çap etdirdim, nəsrə yalnız özümü hazır sayandan sonra gəldim.Sonra yaradıcılığımın kino ilə bağlı dövrü başladı. Kinostudiyada, televiziyada işləmişəm, filmlərin çəkilişində iştirak etmişəm, ssenarilər yazmışam.. Bir müddət arxivdə işləyib, kino tarixi ilə bağlı araşdırmalar aparmışam.Tərcümə işim isə bütün bu müddət ərzində baş verib. Bunlar, əslində, bir-birini tamamlayan mərhələlərdir. İndi isə əsas işim nəsr və tərcümədir.

– Yaradıcılığınızda tərcümə ilə yanaşı digər yeniliklər hansılardır?

– Birinci dəfədir deyirəm, uzun müddətdir ki, yazmağa hazırlaşdığım yeni roman üzərində işləyirəm. Yəqin ki, yaxın 2-3 ay ərzində tamamlayacağam. Artıq ilk fəsillərini yazmağa başlamışam. Ümidvaram ki, istədiyimi gerçəkləşdirəcəyəm.

– Yeni romanınızın adı nədir?

– Hələ demək istəmirəm. Ancaq qısaca deyə bilərəm ki, “Könül elçisi”, “Yolçu” və “Qurban”adlı tarixi romanlarımı tamamlayan mövzudadır.

– Həmin romanda öz həyatınızla səsləşən obraz yaradacaqsınız?

– Təbii ki, mənim dünyaya baxışımı, hisslərimi yaşadan obraz olacaq. Əslində, hər bir əsərdəki obrazlar yazıçının çoxaldılmış surətləridir…

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Foto Qalereya:

Xəbərlər, Manşet, Müsahibə, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti