“Hər məsələdə Pakistanı dəstəkləyirik”- İlham Əliyev

Müəllif: Redaktor

Editor

14764295025825410307_1000x669“Pakistan bizim üçün ən yaxın dost və müttəfiqlərdən biridir. Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk üç ölkədən biridir. Xalqımıza bildirmək istəyirəm ki, həmin vaxt Baş nazir cənab Şərif idi. O vaxtdan biz çox yaxın dostluq əlaqələri qurmuşuq”.

Bunu Prezident İlham Əliyev Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şəriflə mətbuata bəyanatla çıxışı zamanı deyib.

“Biz beynəlxalq təşkilatlarda – BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda hər zaman bir-birimizi dəstəkləyirik. Biz Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Həmçinin Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Təəssüf ki, onilliklər bundan əvvəl qəbul edilmiş bu qətnamələr yerinə yetirilmir. Bu, ikili standartlarla yanaşmanın göstəricisidir. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə bu qədər uzun müddət çəkir.

Ölkələrimiz üçün bu ağrılı məsələlərlə bağlı qarşılıqlı dəstəyimiz də bizi birləşdirir. Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz, həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə də Azərbaycan xalqı Sizin ölkəni sevir. Biz bu dəstəyə görə çox minnətdarıq və öz tərəfimizdən hər zaman hər məsələdə sizi dəstəkləyirik”.

Dövlət başçısı bildirib ki, siyasi təmaslar çox yüksək səviyyədədir: “Qeyd etdiyim kimi, biz beynəlxalq təşkilatlarda da bir-birimizi dəstəkləyirik. Bu gün biz, əlbəttə ki, cənab Baş nazirlə bu məsələlərə nəzər saldıq və gələcəkdə nə etməli olduğumuz barədə söhbət apardıq. Sözsüz ki, siyasi təmaslarımız uğurla davam edəcək. Lakin biz iqtisadi sahədə, investisiya və qarşılıqlı faydalı birgə müəssisələrin yaradılması sahəsində daha çox işləməliyik. Biz iqtisadi sahədə ticarət mübadiləsinin səviyyəsindən razı deyilik. Ona görə də bu gün biz ticarət mübadiləsini necə artıra biləcəyimizi müzakirə etdik. Biz Pakistana nə ixrac edə bilərik, Pakistan Azərbaycana nə ixrac edə bilər kimi məsələlər qarşıdakı aylarda həll olunacaq. Düşünürəm, elə bir əməkdaşlıq mexanizmi yarada bilərik ki, bizim idxal etdiyimiz və Pakistanın təchiz edə biləcəyini Pakistandan alaq və əksinə, Pakistanın idxal etdiyi və bizim təchiz edə biləcəyimiz bizdən alınsın”.

İlham Əliyev deyib ki, görüşlər zamanı iqtisadi əməkdaşlığın digər sahələrində, xüsusilə kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub: “Ümidvaram ki, elektron viza sistemi Azərbaycanda tam tətbiq olunandan sonra bizim pakistanlı qardaşlarımız üçün Azərbaycana gəlmək çox asan olacaq və qardaş ölkəyə səfər etmək istəyən vətəndaşlarımız da eyni imkana sahib olacaqlar. Bu gün biz qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə etdik. Bütün məsələlərdə bizim tam qarşılıqlı anlaşmamız var. Bu da bir daha göstərir ki, əlaqələrimiz dostluğa, tarixə əsaslanır. Tarixən xalqlarımız ünsiyyətdə olub, birgə işləyiblər. Bakıda Pakistan mədəniyyətinin çoxlu nişanələri var. Bugünkü əlaqələr regional təhlükəsizlik və əməkdaşlıq üçün çox mühüm rol oynayır.

Düşünürəm ki, qarşıdakı illərdə məşğul olacağımız məsələlərdən biri nəqliyyatdır. Çünki Azərbaycanın qonşuları ilə birlikdə həyata keçirdiyi yeni nəqliyyat layihələri Asiyadan Avropaya, Şimaldan Cənuba daşınmalar üçün yeni imkanlar yaradacaq və yeni marşrutlar açacaq. Azərbaycan bu nəqliyyat layihələrinin kəsişməsində yerləşir”.

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır