“Hər şey ondan başladı ki…” – Mirşahinin “Hesabat”la bağlı konfransı

Müəllif: Redaktor

Editor

20160122074338ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev hazırda televiziyanın binasında Milli Televiziya və Radio Şurasının “Hesabat” verilişinə qoyduğu bir aylıq qadağa ilə bağlı mətbuat konfransı keçirir.

“Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, M.Ağayev bildirib ki, o mətbuat konfransını verilişin aparıcısı kimi təşkil edib:

“Bizim MTRŞ ilə münasibətlərimizin tarixi hamınızın gözünüzün qabağındadı. Bu qurum yaradıldıqdan bəri ANS-in bütün addımlarını qarabaqara izləyir. MTRŞ-nın fəaliyyyətində ANS-ə qarşı qərəzliliyini hiss etməmək mümkün deyil. Daha çox ANS-ə xəbərdarlıq olunur, daha çox ANS cəzalandırılır. Əvvəl də 17 günlük bağlanmışdı. Əslində 17 günlük yox, birdəfəlik bağlanmışdı. Prezident İlham Əliyevin müdaxiləsindən sonra fəaliyyət bərpa olundu”.

Mirşahin Ağayev qeyd edib ki, münasibətlərin bu formada gərginləşməsinə səbəb kanalın teleseriallara ayrılan vəsait üçün etdiyi müraciət olub:

“Hər şey ondan başladı ki, biz prezident tərəfindən teleseriallar üçün ayrılan vəsaitdən bizə çatacaq 40 min üçün müraciət etdik. Bundan sonra bizə qarşı proses başladı. Amma biz hələ də o müraciətin cavabını ala bilmirik. Mən bilmək istəyirəm ki, prezidentin teleseriallarla bağlı ayırdığı vəsait hara, necə ayrılıb”.

***

Baş direktor bildirib ki, MTRŞ-nın başında duran məmur və məmurlar prezidentin üstünlük verdiyi demokratik dəyərlərə qarşı çıxırlar.

***

Bundan sonra Mirşahin Ağayev “Hesabat” verilişinin qadağan olunmasına səbəb olan süjetini jurnalistlərə təqdim edib.

***

Mirşahin bildirib ki, o, sabah məhkəməyə müraciət edəcək:

“Orda bir cümlədə MTRŞ dedim, Azərbaycan dilində “me te re şe” yoxdur. Bunun adı budur, başqa nə deyə bilərdim ki. Mən MTRŞ-nın qərarı ilə razılaşamayacağam və mübarizə aparacağam. Mən məhkəməyə müraciət edəcəyəm. Bu məsələ hüquqi holla həll ediləcək. MTRŞ-nın bu addımı məmur özbaşınalığıdır. Hansısa məmur 18 il öncə ləğv edilən sensuranı geri qaytara bilməz.

***

Şirkətin Hüquq departamentinin məsul şəxsi Sevda Məhərrəmova bildirib ki, onlar yalnız iclas başa çatandan sonra bu barədə xəbər tutublar:

“MTRŞ-nın iclasına biz çatanda dedilər ki, artıq qərar verilib. Bizi isə konkret olaraq oradan qovdular”.

***

Mirşahin Ağayev qeyd edib ki, bu həftə “Hesabat” verilişi efirdə olmayacaq:

“Amma hüquqi müstəvidə mübarizəmiz davam edəcək. Bizə daxil olan şikayətdə qanunsuz tikinti ilə bağlı müraciət vardı. Biz çəkiliş apardıq. Orda sakinlər Nuşirəvan Məhərrəmlinin adını çəkdi. O obyekt MTRŞ sədrinin bir qohumu tərəfindən tikilirdi. Amma biz o süjeti efirə vermədik. TV-dən şəxsi məqsədləri üçün istifadə etsəydik, bunu yayımlayardıq. Mən təəccüblənmərəm sabah bizə məlumat gələr ki, MTRŞ qərarına yenidən baxıb və qadağa ləğv olunub”.

***

Baş direktor bu işdə hansısa kölgələrin əli olduğuna inanmadığını vurğulayıb:

Mən dövlətimizə, prezidentimizə inanıram. Bu provokasiya kimlərinsə vəziyyəti gərginləşdirilmək istəyidir.

MTRŞ formal olaraq kollegial qurum olsa da, faktiki olaraq belə deyil. Bu gün iclasda iştirak edənlərin hər biri bu qərarın leyhinə səs verib. Mən bu qərar verilərkən maliyyə naziri Samir Şərifovdan müsahibə götürdüm. Bu dəfəki verilişdə bu müsahibə yayımlanacaqdı. Amma biz “Hesabat”da olmasa da, başqa verilişdə həmin müsahibəni yayımlayacağıq.

***

Xatırladaq ki, bu gün Milli Televiziya və Radio Şurasının iclasında qəbul edilən qərara əsasən, “ANS” televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması – proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq “ANS” televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb.

“Hər şey ondan başladı ki...” - Mirşahinin “Hesabat”la bağlı konfransı

“Hər şey ondan başladı ki...” - Mirşahinin “Hesabat”la bağlı konfransı

“Hər şey ondan başladı ki...” - Mirşahinin “Hesabat”la bağlı konfransı

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir