yenicag.az

“Hər şeyi universitetlərin vicdanına buraxmamalıyıq“

“Hər şeyi universitetlərin vicdanına buraxmamalıyıq“

Müəllif: Redaktor

Editor

7RIPiHvvS7Mrhg“İslahatçı Gənclər” İctimai Birliyinin sədri(İGİB), İstanbul Aydın Universiteti Beynəlxalq Tələbələr Birliyinin rəhbəri Fərid Şahbazlı Təhsil nazirliyi və millət vəkillərinə yönəlik təkliflə çıxış edib.

O, bildirib ki, gənclər millət vəkillərindən elm və təhsil haqqında qanunlar müzakirə olunan zaman Azərbaycanda bu sahələrin inkişafı, beynəlxalq standartlar səviyyəsinə yüksəlməsi üçün daha çox innovativ təkliflərlə çıxış etmələrini xahiş edirlər.

Birliyin sədri qeyd edib ki, məsələn, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası ilə bağlı müvafiq hüquqi bazanın hazırlanması artıq bir qaçılmaz zərurət halına gəlib: “Hazırda Azərbaycanda ölkəmizin potensialından qat-qat aşağı sayda xarici tələbə təhsil alır. Halbuki ölkəmizdə daha çox xarici tələbənin təhsil almasının həm iqtisadi, həm də olduqca mühüm strateji əhəmiyyəti var.

Başqa sözlə ifadə etsək, daha çox xarici tələbə indiki postneft dövründə daha çox valyuta ehtiyatı və daha çox Azərbaycan sevdalısının yetişməsi deməkdir. Yəni bu gələcəkdə müxtəlif ölkələrdə uğurlu diaspor fəaliyyətimizin reallaşdırılmasında və ictimai diplomatiyanın qurulmasında mühüm istiqamətdir”.

Fərid Şahbazlı dünyanın müxtəlif ölkələrindəki xarici tələbə sayına diqqət çəkib: “Necə olur ki, 2015-ci ilin statiskasına görə, legitimliyi dünya ölkələri tərəfindən tanınmayan(avtomatik olaraq təhsil haqqında sənədləri-kiçik istisnalarla)Şimali Kipr Türk Respublikasında 19.631, güclü və müstəqil Azərbaycan Respublikasında isə cəmi 4 189 xarici tələbə təhsil alır.

Azərbaycanda xarici tələbələrin təhsil alması üçün lazimi təhsil şəraiti yoxdur deyənlərin də arqumenti artıq keçərsiz sayıla bilər. Bunu təkzib etmək üçün kampüslü ADA, Bakı Ali Neft Məktəbi və bir sıra digər təhsil səviyyəsi beynəlxalq standartlara cavab verən ali təhsil ocaqlarını göstərmək olar”.

İGİB sədri bu məsələdə əsas məsuliyyət və vəzifənin universitetlərin üzərinə düşdüyünü deyib: “Demək olar ki, heç bir Azərbaycan universitetini dünyanın müxtəlif ölkələrində təşkil olunan təhsil sərgi və konfranslarında görə bilmirik. Hələ mən universitetlər beynəlmiləşməsi yolunda mühüm fürsət olan dünyaca məşhur NAFSA, EIAE, APAIE kimi beynəlxalq təhsil sərgi və konfranslarını demirəm. Düşünün ki, hətta Dağıstan universitetləri belə bu sərgilərə qatılırlar…”

Fərid Şahbazlı yaranmış vəziyyətdən çıxış yolu kimi Türkiyə nümunəsini araşdırmağın mümkün olduğunu bildirib: “Bəs nə etməli?! Universitetlərin yalan-doğru “belə beynəlxalq sərgi və konfranslara qatılmağımıza maddi imkanımız yol vermir” iddialarına inanıb, hər şeyi onların vicdanınamı buraxmalıyıq!? Şübhəsiz ki yox… Bu məqamda çıxış yolu kimi Türkiyə örnəyi köməyimizə yetir.

Türkiyə dövləti “döviz gətiren hizmetler”(valyuta gətirən xidmətlər) adı altında vəqf və dövlət universitetlərinə böyük təşviqedici yardımlar edir. Hər bir Türkiyə universiteti hər hansı nüfuzlu beynəlxalq təhsil sərgi və konfranslarına qatılarsa, orada universitetin xərclədiyi vəsaitin 70 faizini Türkiyənin iqtisadiyyat nazirliyi qarşılayır. Çünki təcrübə göstərib ki, Türkiyə dövləti xərclədiyi bu vəsaitdən qat-qat artdığını Türkiyəyə gələn xarici tələbələrin xərcləmələrindən qazanır.
Eyni zamanda “Türkiyə Bursları” proqramı ilə yüzlərlə xarici tələbəyə Türkiyədə təqaüdlü oxumaq şansı verir. Bu məqam xarici tələbə faktorunun bir ölkənin gələcəyi üçün yalnız iqtisadi deyil, eyni zamanda strateji baxımdan da nə qədər mühüm olduğunu ortaya qoyur. Təsadüfi deyil ki, hazırda Türkiyədə 72 mindən artıq xarici tələbə təhsil alır”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri bildirib ki, millət vəkilləri Təhsil nazirliyi ilə birgə əməkdaşlıq şəraitində Azərbaycanda da universitetlərin bu istiqamətdə təşviqi üçün ölkə rəhbərliyinə təkliflər hazırlaya bilərlər: “Əminik ki, bu təkliflərlə bağlı Azərbaycan gəncliyinin və təhsilinin hamisi olan dövlətimiz gərəkli zəruri addımları atacaqdır”.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti