Hərraclara kim nəzarət etməlidir?

Müəllif: Redaktor

Editor

Untitled-1“Azərbaycanda normal hərracların keçirilməsi üçün ilk növbədə bu prosedur nazirlik və əlaqədar idarələrin tabeçiliyindən çıxarılmalıdır”.

 

 

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi: “Ölkəmizdə indilikdə hansı sahə üzrə hərrac keçirilirsə, həmin sahəyə cavabdeh nazirliklər prosesdə prioritet rol oynamağa başlayır. Bankların özləri belə kredit borclarını ödəyə bilməyən avtomobil və ya mənzil sahiblərinin hərrac prosesini təşkil edir. Bu zaman isə bəzi sui-istifadə hallarına yol verilir. Yəni banklar öz yaxın adamları vasitəsilə ucuz qiymət qoymaqla hərracların effektiv keçirilməsinə əngəl olurlar. Beynəlxalq praktikada hərracların keçirilməsi müəyyən bir qurumun səlahiyyətinə verilir və həmin qurum tərəfindən bütün nazirliklər, dövlət idarələrində hərraca çıxarılan mal və məhsulların birbaşa mərkəzləşdirilmiş qaydada hərracı keçirilir. Prosesin hətta elektron qaydada keçirilməsi də təşkil olunur ki, bu da müəyyən rəqabət yaradır. Rəqabət nəticəsində isə prosesə insanların marağı artır və onlar bu yolla daha ucuz və sərfəli qiymətə müxtəlif əşyalar əldə etməyə çalışırlar. Azərbaycanda isə hərracların normal keçirilməsinə inam olmadığından insanlar tərəfindən proses maraqla qarşılanmır. Hərracların keçirilməsi haqqında məlumatlar dar çərçivəyə məlum olur. Türkiyədə Gömrük Komitəsinin keçirdiyi hərracları insanlar aylar öncə gözləyir. Hərraca çıxarılacaq malların adı və təxmini qiyməti öncədən məlum olur və elektron formada müraciətlər edilməsi də mümkün olur. Ona görə də bu ölkələrdə hərrac prosesinə insanların ciddi marağı yaranır. Azərbaycanda da belə bir maraq və inamı yaratmaq lazımdır. Bu baş verərsə, ölkəmizdə də hərracların effektivliyi yüksək olacaq”.

ELÇİN



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır