“Heydər Əliyev poliqondakı “vışka”ya çıxdı…” – Bir şəklin tarixçəsi

Müəllif: Redaktor

Editor

heyderAzərbaycanın Qarabağ müharibəsindəki ən uğurlu komandirlərindən biri olan polkovnik Şair Ramaldanov mərhum prezident Heydər Əliyevin 1993-cü ildə cəbhə bölgəsinə səfərini yada salır.

Bu barədə xatirəsini Yeniçağ.Az-la bölüşən polkovnik Şair Ramaldanov mərhum dövlət başçısının 1993-cü ilin dekabrında cəbhə bölgəsindəki hərbi hissələrə səfəri zamanı Orduda inanılmaz ruh yüksəkliyi yaratdığını deyib:

“Bu şəklin tarixçəsi olduğu kimi yadımdadır və yaddaşımdan heç vaxt silinməyəcək. Həmin fotoşəkil 1993-cü il dekabrın 23-də Seyfəli hərbi poliqonunda çəkilib. Azərbaycanın o ağır günlərində ümummilli liderimiz Heydər Əliyevin çağırışı ilə on minlərlə övladımız ordu sıralarına könüllü axın edirdilər, döyüşən hərbi birliklər yenidən formalaşdırılır və təlimə cəlb olunurdular.

Mərhum prezidentimiz də keçirilən təlimləri izləmək, döyüşən Ordunun vəziyyəti ilə yerindəcə tanış olmaq üçün 1993-cü il dekabrın 23-də Seyfəli poliqonuna gəlmişdi. Ümumi şəraitlə ətraflı maraqlanan ümummilli liderimiz təlimləri izləmək üçün poliqondakı “vışka”ya çıxdı. Mən də onu müşayiət edərək, yuxarı qalxdım və təlimin gedişini ona məruzə etdim. Bu şəkil də o epizodlardan biridir. Təlimin gedişində ən xırda detallarla da maraqlanır, məsələni tam aydınlaşdırana qədər suallar verirdi.

Ümummilli liderimizin poliqona gəlişi əsgərlərimizdə inanılmaz ruh yüksəkliyi yaratdı. Həmin hərbi hissələr Ordumuzun qış hərbi kampaniyası zamanı cəsarətlə döyüşdülər və 1994-cü il yanvarın 5-6-da Horadiz əməliyyatını uğurla başa çatdırdılar. O zaman keçirilən müşavirələrdə mərhum Prezidentimizlə daha bir neçə dəfə görüşmək imkanım oldu və həmin görüşləri indi də qürurla xatırlayıram”.

Araz Zeynalov
Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır