“Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın təqdimatı keçirilib

Müəllif: Redaktor

Editor

unnamed-2Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təqdimatı və Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı (AHT) Beynəlxalq Təşəbbüsündə iştirakı ilə bağlı məlumatlandırma məqsədilə regionlarda tədbirlər keçirilir.

Lənkəran, Sabirabad və Xaçmaz rayonlarında keçirilən tədbirlərdə yerli dövlət qurumlarının, QHT-lərin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edib. Platformanın koordinatoru Əliməmməd Nuriyev “Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” mövzusunda məruzə ilə çıxış edərək görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verib.

Ə. Nuriyev çıxışında 31 QHT-nin və 10 dövlət qurumunun iştirakı ilə yaradılan Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının missiyası və fəaliyyət istiqamətlərinə də geniş yer ayırıb. Qeyd edib ki, Platformanın yaradılması Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsündən irəli gələn islahatların həyata keçirilməsinə, bu istiqamətdə mümkün çətinliklərin dəf olunmasına, islahatlara ictimai etimadın artırılmasına əhəmiyyətli şəkildə yardım göstərməyə imkan verəcək. Eyni zamanda Platforma Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünün ideya və məqsədlərinin geniş auditoriya tərəfindən aydın, düzgün qavranılması, daha səmərli nəticələrə nail olunması üçün vacib əlverişli mühitin yaradılmasına köməklik göstərəcək.

Ə. Nuriyev həmçinin çıxışında “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illəri üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsinin nəticələri, AR Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiqlənən növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərdən də söz açıb.
Platformanın koordinatoru qeyd edib ki, vətəndaşların Azərbaycanda Açıq Hökumətin təşviqi ilə bağlı həyata keçirilən işlərdə fəal iştirakı mühüm əhəmiyyətə malikdir. Çünki bu səylərin hədəfi məhz vətəndaşların qərarların qəbulu prosesinə daha geniş cəlb edilməsi, onların dövlət orqanlarının fəaliyyəti barədə daha asan məlumat əldə edə bilməsi, hesabatlılıq və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasıdır.

Toplantılarda iştirakçıların sosial, iqtisadi, hüquqi mövzulara aid sualları da cavablandırılıb.
Analoji tədbirlərin Gəncə və Şəmkirdə də keçirilməsi planlaşdırılır.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır