!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İbrahim Öztek: “Türk ad-soyadlı ermənilər fəaliyyətimizə mane olmağa çalışırlar”

!Reklam – Yazi

“Biz Vətən düşüncəsi ilə fəaliyyət göstərdiyimiz üçün qarşımızda heç kim dayana bilməz”.

Anadolu Aydınlar Ocağının sədri, erməni iddialarına qarşı barışmaz mübariz, professor İbrahim Öztek Yeniçağ.Az-a müsahibəsində bu istiqamətdə həyata keçirtdiyi ardıcıl fəaliyyətdən ətraflı bəhs edib.

– Bildiyimizə görə çoxprofilli, zəngin karyeranız var. Bu barədə danışardız…

– Mən tibb sahəsində patoloji-psixoloji sahə üzrə professoram. Elmi fəaliyyətdən başqa, idman, mədəniyyət, hətta tarix üzrə də fəaliyyət göstərirəm. Eyni zamanda daxili, ya da xarici qeyri-hökumət təşkilatları ilə də yaxın əlaqələrim var. Hazırda Türkiyə Anadolu Aydınlar Ocağının, həm də Türkiyə Olimpian Dərnəyinin sədriyəm. Bunlardan başqa, Dünya Milli İdman Növləri Federasiyasının, “Ümumdünya siqaret, alkoqol və narkotiklə mübarizə və İdman Birliyinin”, o cümlədən, bir sıra başqa dərnəklərin rəhbəriyəm. Ancaq əsas fəaliyyətim mədəniyyət və idman sahələri üzrədir. Eyni zamanda, 1996-cı ildə Gülhanə Hərbi Tibb Akademiyasının Heydərpaşa Tədris Xəstəxanasının baş həkimi vəzifəsindən təqaüdə çıxdım. Lakin öz şəxsi laboratoriyamda əsasən, xərçənglə bağlı tibbi tədqiqatlarımı davam etdirirəm.

tedbir1Bu arada iki əhəmiyyətli kitab da yazmışam. 2015-ci ildə – erməni azğınlıqlarının – mən belə adlandırıram – 100-cü ildönümündə “Erməni problemləri” kitabını, daha sonra isə “Xocalı soyqırımı” kitablarını nəşr etdirmişəm. Deyim ki, bu kitablar mənim qürur mənbəyim oldu. Hər iki kitab 10 min nüsxə çap olundu və pulsuz yayıldı, hətta Amerikadakı dostlarımıza da göndərdik. Əlamətdar haldır ki, o kitablarda yer alan məlumat və fotolar Amerikada erməni yalanlarına qarşı mübarizə aparan dostlarımızın işinə çox yaradı. Yəni bu dediyim istiqamətlərdə fəaliyyətimi davam etdirirəm.

– Bizə maraqlıdır, Azərbaycanla birbaşa kök bağlılığınız varmı?

– Uzun müddət – təqribən 20 il Türkiyənin Cüdo, Karate, Uşu, Kunq-fu, Aykido federasiyalarının rəhbəri olmuşam. O baxımdan, həm idmançı, həm də federasiya rəhbəri kimi dəfələrlə Azərbaycana gəlmək imkanı qazandım. Bu səfərlər sayəsində Azərbaycanda çox sayda insanlarla yaxın dostluq münasibətlərimiz yarandı. Mən Türkiyənin Ordu rayonunda doğulub-böyümüşəm. Ancaq ulu babalarımın Qafqazdan köçüb gəldiklərini bilirəm. Aydındır ki, Azərbaycan olmasa, Qafqazdan Türkiyəyə keçmək mümkün deyil. Ona görə də Azərbaycanla bir kök bağlılığımızın olması mütləqdir. Ancaq bu məsələni tam dəqiqliklə bilmirəm. Babalarım təqribən 1780-ci illərdə köç edərək, Orduda məskunlaşıblar. İdman xətti ilə bura olan səfərlərim məndə Azərbaycana böyük sevgi doğurdu.
Qeyd edim ki, mənim yetişdirdiyim idmançı hətta Olimpiya oyunlarında qızıl medal da qazanıb. 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasında Azərbaycanın indiki prezidenti hörmətli İlham Əliyevlə bir arada olmaq imkanı əldə etdim. Eyni zamanda, Azərbaycanda bir sıra idman növləri üzrə təşkil olunan dünya çempionatlarında Azərbaycanın Prezidenti, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyevlə tanış olmaq şərəfi nəsibim oldu və məndə ona dərin rəğbət yarandı.

Həmçinin, Moskvada, SSRİ rəhbərliyində tutduğu çox yüksək vəzifəni öz xalqı naminə tərk edərək, geri dönən, bu dövlətin qurtuluşu üçün özünü fəda edən bir lider kimi qiymətləndirdiyimiz Heydər Əliyevi də böyük hörmətlə, heyranlıqla hər zaman yad edirik. Allah ona rəhmət eləsin, məkanı Cənnət olsun.

– Budəfəki səfərinizin məqsədini öyrənmək istərdik…

tedbir2– Azərbaycana bu səfərim İrəvan Dövlət Teatrının direktoru İftixar Piriyevin dəvəti əsasında baş tutub. Buraya indiki gəlişimdə iki əlamətdar hadisəni birlikdə yaşadıq. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı təşkil olunan mərasimdə və Naxçıvan nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun təşkilatçılığı ilə baş tutan tədbirə qatılmaq şərəfinə nail oldum. O mərasimə təqribən 15 millət vəkili də qatılmışdı və onlar Heydər Əliyevin həyata keçirtdiyi nəhəng işlərdən ətraflı danışdılar. Tədbirdə mənə də söz verildi, Heydər Əlievlə bağlı fikirlərimi ifadə etdim. Heydər Əliyev özünün “Bir millət, iki dövlət” şüarı ilə həm Azərbaycanda, həm də Türkiyədə könüllərdə taxt qurub. Bakı-Tiflis-Ceyhan, Bakı-Ərzurum, TANAP, “Şahdəniz” kimi neft-qaz layihələri məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti və incə siyasəti sayəsində ərsəyə gəldi. Bütün bunların nəticəsində tarixi İpək yolu marşrutu artıq bir enerji dəhlizinə çevrilib və o yollar da Azərbaycanla Türkiyədən keçir. O baxımdan, dünya siyasətində, iqtisadiyyatında, enerji infrastrukturunun formalaşmasında, Mərkəzi Asiya və Xəzər neftinin Anadoluya nəqlində hər iki ölkənin, xüsusilə də Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun Rusiyanın mövqeyini də gözə alaraq, atdığı addımlar nəticəsində Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlıq ən yüksək səviyyəyə çatıb.

– Türkiyədə erməni yalanlarına qarşı barışmaz mübarizə apardığınızı bilirik. Bu çərçivədə hər hansı maneələrlə qarşılaşırsız?

– Mən son 20-25 ildə ermənilərin təqribən 250 il ərzində Azərbaycanda və Anadoluda türklərə qarşı həyata keçirtdikləri qətliamlarla bağlı davamlı araşdırmalar apardım. Bir missal çəkmək istərdim. 2005-ci ildə ABŞ-ın Los-Anceles universitetinin keçirəcəyi bir konfransın afişasında Atatürkün portreti əks olunmuşdu. Onun ayaqları altında isə erməni uşağı kimi bildirdikləri bir azyaşlı təsvir edilmişdi. Yəni belə bir çirkin olay yaşandı. Mən o afişanı tapdım və müəyyən edildi ki, o şəkil Almaniyada ölmüş bir uşağındır. O zaman Los-Anceles universitetinin rektoruna bir etiraz məktubu yazaraq, qeyd etdim ki, sizin üçün Corc Vaşinqton kimdirsə, Türkiyə üçün də Atatürk odur. Biz heç sizin Vaşinqtonu təhqir edən bir hərəkətə yol veririkmi? Oradan bizə özlərini haqlı çıxaran bir cavab göndərildi. O cavab bizi qane etmədiyindən, Los-Anceles universitetinin və oranın rektorunu məhkəməyə verdik. Beynəlxalq miqyasda bu məhkəmə xeyli davam etdi. Ola bilsin, həmin məhkəmə haqqında çoxları bilmədi. Ancaq o proses bizim bizim həyata keçirtdiyimiz fəaliyyətin bir nümunəsi oldu.

Bildiyiniz kimi, ermənilər müxtəlif ölkələrdə öz təbliğatlarını apararaq, beyinləri zəhərləyirlər. 20-25 ölkənin parlamenti də onların istəyinə uyğun qərarlar qəbul edib. Son illərdə onlar gəlib İstanbulda – Bəyoğluda, Taksimdə aksiyalar keçirirlər, şam yandırırlar, plakatlar açırlar. Bütün bunlar azmış kimi, bizi təhqir də edirlər. Lakin bizim rəhbərlik demokratiya və ifadə azadlığını əsas götürüb, onlara belə bir imkan yaradır. Onlar də gəlirlər, bizə bir söyüş söymədikləri qalır. Sonra da əl-qollarını sallaya-sallaya çıxıb gedirlər. Belə bir vəziyyətdə biz də öz mübarizəmizi ardıcıllıqla davam etdiririk.

Yeri gəlmişkən, dünən axşam İrəvan Dövlət Dram Teatrının quruluşunda Hidayət Orucovun “İrəvanda xal qalmadı” tamaşasına baxdıq. Bilirsiniz, Hidayət Orucov Heydər Əliyevin yaxın silahdaşı olub, mühüm dövlət və ədəbiyyat adamıdır. Onun yazdığı bu əsər də dərdlərimizin unudulmaması, hər zaman xatırlanması baxımından çox əhəmiyyətlidir. Həqiqətən də ermənilər İrəvanda bir nəfər də türkün qalmasına imkan vermədilər. Biz də yığışaraq, erməni yalanlarına, təbliğatına qarşı apardığımız mübarizənin gücləndirilməsi məsələsini dəyərləndirir, yeni yollar axtarırıq. Hesab edirəm ki, Prezident Administrasiyasında və Nazirlər Kabinetində bu məsələlərlə bağlı bir Büro yaradılmalı, onun tərkibində müxtəlif komissiyalar formalaşdırılmalıdır. Həmin komissiyaların ölkə xaricində fəaliyyətinə də şərait yaradılmalıdır.

– Türkiyədə sizin bu fəaliyyətinizə hər hansı bir formada əngəl yaradılırmı?

tedbir3– Türkiyədə erməni əsilli, lakin türk adları daşıyaraq, universitetlərdə fəaliyyət göstərən şəxslər var. Mən onları universitet müəllimi adlandıra bilmirəm. Onlar xəyanətkarlar olaraq, bizim fəaliyyətimizə əngəl yaratmaq yolunu tutublar. Ancaq onların bizə mane olmaları mümkün deyil. Biz çox güclüyük, bütün mənalarda ideya laboratoriyasıyıq. Yəni onlar kimi ruhumuzu satmamışıq, bu işləri də Vətənimiz adına görürük. Vətən və Allah adına fəaliyyət göstərənlər isə öz məqsədlərinə nail olurlar. Biz Vətən düşüncəsi ilə fəaliyyət göstərdiyimiz üçün qarşımızda heç kim dayana bilməz. Biz öz yolumuzda kaymakam Kamal bəy kimi dayanmışıq. Xatırladım ki, kaymakam Kamal bəy erməni olaylarında günahkar bilinərək, 1919-ci ildə edam edilmiş bir vətən övladıdır. Mən onun məzarı başında da toplantılar keçirir, səsimizi həm ölkəmizə, həm də dünyaya çatdırırıq. Ona görə də fəaliyyətimiz mükəmməl qaydada davam edir və bu yolda hər hansı təzyiqə əhəmiyyət vermirik.

– Bakıya bu səfəriniz yəqin ki, gələcək fəaliyyətinizə müsbət təkan verəcək…

– Əlbəttə, bu səfərimin fəaliyyətimizə çox faydası olacaq. Biz yerimizdə saymırıq, hərəkətdəyik. Dostlarla Azərbaycanda da Aydınlar Ocağını qurduq. Birlikdə Türkiyə-Azərbaycan Böyük Qardaşlıq layihəsi hazırladıq. Dünən Hidayət bəydən bir ifadə də eşitdim və çox bəyəndim. O, dedi ki, Azərbaycanla Türkiyə sadəcə qardaş yox, əkiz qardaşdırlar. Biz bununla da qane olmayıb, Türkiyə ilə Azərbaycanı “candaş “ adlandırırıq. O baxımdan, bu istiqamətdə bütün sahələrdə – mədəni- tarixi, qismən də siyasi müstəvidəki fəaliyyətimiz öz tempində davam edir və getdikcə daha da güclənəcək.

Onu da deyim ki, biz adını çəkdiyim o layihəmizə Türkiyə və Azərbaycandakı istefada olan zabitləri və müharibə qazilərini (veteranları – red.)cəlb etdik. Təşkil etdiyimiz toplantılarda keçmiş zabitlər, qazilər, veteranlar bir araya gəlirlər. Bu da layihədəki o BÖYÜK sözünün bir təsdiqidir.

 

A.Zeynalov
Yeniçağ.Az
Foto: Cəmalə Əlizadə

www.yenicag.az

747
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv