!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçıları bölgələrdə etirazçılarla dialoqdan qaçırlar – Problemi kim böyüdür?

!Reklam – Yazi

125705_srcYaxud çətinliklə ümidsizlik birləşəndə…

Bundan da çətin dövrlər olub, əlbəttə. Ancaq bundan daha ümidsiz dövr olmayıb. Və bu ümidsizliklə qoşalaşan çətinliklər indi bölgələrdə gördüyümüz etirazları şərtləndirib. Nə qədər istəyirsiz səbəblər kimi qlobal böhrandan, neftin qiymətlərindən, supergüclərin toqquşmasından, müharibələrdən danışın, bunların hamısının əsası var, ancaq heç biri müşahidə etdiyimiz etirazlar epidemiyasının məhz sinfi mübarizə, kapitalizmin məntiqi səhnəsi olduğu gerçəkliyini pərdələyə bilməz. O kapitalizmin ki, vaxtilə hurreylə özümüz seçmişik və periferiyalarda məhz indi bizdə olan formada mövcud olmalıydı.

Yəni, düşdüyümüz vəziyyət heç də anaxronizm, mutasiya deyil, məntiqidir.

Bu sözləri “Bizdə kapitalizm yoxdur” deyənləri nəzərdə tutaraq yazdım. Ancaq Qubada, Siyəzəndə, Ağsuda çörək tələb edən hər bir etirazçıya da get-gedə aydın olur ki, hazırkı periferiya kapitalizmi onu geci-tezi neftin qiymətindən, böhranı öz ərazisində heç vaxt həll etməyərək onu yeri ərazilərə yönləndirən mərkəz kapitalizminin şıltaqlıqlarından bu dərəcədə ədalətsizcəsinə asılı hala salmalıydı.

Kim deyir ki, həqiqət ədalətli olmalıdır?

Bizim həqiqətimiz ədalətdən uzaqdır. Bölgələrdəki etirazarı vaxtilə Bakıda təşkil olunmuş, partiya və təşkilatların yönləndirdiyi etirazlarla da eyniləşdirməyin. Fərq diametraldır. Bölgələrdəki etirazlar “ofis planktonu”nun yox, lümpenləşmiş proletariatın etirazlarıdır. Orada küçələrə hipsterlər yox, məşəqqət içində əzilən “yeraltı” çıxıb. Onların kamera qarşısında görünmələri də aksiyaya şəkil çəkdirmək üçün çıxan “siyasi qaçqınlar”ın fəndindən tam fərqlidir. Və elə bu fərqlər də əyalət insanının etirazını paytaxt hipsterinin “növbətçi fleşmob”una bənzətmir.

Əyalətdə baş verənlərin virtualdakı “layk inqilabı”na da dəxli yoxdur. Əyalətdə hər şey real və proqnozsuzdur. Orada “Azad söz” və “Demokratiya” kimi dekorasiya xarakteri almış kəlmələr səsləndirilmir.

Əvəzində isə “Çörək” və “İş” deyirlər. Və bu sözləri deyənlər bütün fizionomiyaları ilə sübut edirlər – onların tələbləri də əyinlərindəki nimdaş, ucuz paltar kimi realdır. Əyalətdə forma ilə məzmun ziddiyyətdə deyil.

***

Vaxtilə Cek London özünün öncəgörmələrlə zəngin “Dəmir daban”ında yazırdı: “Daha heç bir tətil baş verməyəcək, onu kölələrin qiyamları əvəzləyəcək. Bax o zaman ştreykbrexerlərin quldur dəstələri yüksək pilləyə qalxacaq. Onları kölələrə nəzarətçi təyin edəcəklər. Əlbəttə, heç kəs onları bu adla çağırmayacaq. Onlar əmək haqqındakı qanunun keşikçiləri hesab ediləcəklər. Nüfuzlu ittifaqların xəyanəti bizi çox geriyə atacaq”.

21-ci əsr Azərbaycanında doğrulan kəlmələr. Etiraz edənlərin aksiyası nizamlı tətil deyil, məhz kortəbii, qeyri-effektiv, epizodik qiyamdır. Nə həmkarlar təşkilatları var, nə siyasi partiyalar. Elə bu cəhət də ilk növbədə narahatlığa yol açmalıdır. Çünki reallıq etiraza yol açan səbəblərin tezliklə yox olacağına ümid saxlamır. Xroniki səbəblər xroniki etirazlara meydan açır.

Sirr deyil ki, indiki duruma təkcə qlobal böhran gətirib çıxarmayıb, burada idarəçiliyin böhranı heç də az rol oynamır. Bəlkə də daha çox katalizator rolunda oliqarxlar və zənginlər kastasını formalaşdırmış məmurlar çıxış edirlər. Axı Cəbrayıl rayonunun icra bşçısının adi vətəndaşla Hindistandakı “toxunulmaz” (şudra) kastasının nümayəndəsi kimi davranması hansı normal cəmiyyətdə cəzasız qala bilərdi? Bizdə isə o məmura hələ qulaqburması verən yoxdur (halbuki cəza qulaqburması şəklində olmamalıdır). Normada nəinki cəzasızlıq, heç bu cür davranışın özü mümkün olmamalıydı. Yaxud, 3 il əvvəl Qubada və İsmayıllıda qiyamların nədən başladığı niyə belə tez unuduldu? Orada da detonator rolunu məmur şərəfsizliyi oynamadımı? Və bundan sonra necə inanmaq olar ki, iqtidarın yerlərdəki kadrları bu cür qüsurlu mənəviyyatları ilə illərlə rəvac verdikləri problemləri bir gündə çözəcəklər?

Yox, baron Münhauzenin yalanları bu ehtimaldan daha gerçəkçi görünür. Problemlər isə bu gün-dünən yaranmayıb, onlar neftin qiymətinin kəllə-çarxda olduğu, qlobal böhranın isə hələ başlamadığı əyyamlardan toplanmaqdadır. Qubada icra başçısı ilə etirazçıların dialoqunun dəqiqə yarımlıq videosunda bir gənc işsizlikdən gileylənir, hakimiyyət nümayəndəsi də ona “Sabah gələrsən yanıma” deyir.

Yəni, ümid verir ki, ona iş tapacaq. O gənc isə bəlkə indiyədək həmin ünvana dəfələrlə, daha neçə-neçə ünvana da nə qədər desən baş çəkib. Fərdlərin etirazla hədələməsi lazımmış ki, ənənəvi “Get kimə istəyirsən şikayət elə” imperativi bir günlük də olsun “Sabah gəlrsən” efemer təsəllisi ilə əvəzlənsin.

Digər etirazçılar bir nəfər kimi un və çörəyin bahalığından söz açır, icra başçısı onları da ümidləndirir. Maşın aptekçəsinin bahalığını misal gətirən gəncə də “Belə şeylər olanda filankəs müəllimə müraciət edin” deyir.

Halbuki faktdır – o filankəs müəllim aptekçənin qiymətini aşağı salmayacaq, sala da bilməz. Deməli, söhbət sadəcə vaxt udmaqdan, həyəcanları səngitməkdən, yəni, yalandan vədlər verməkdən gedir. Yəni, səbəblər necə var, o cür də qalacaq. Bu illər ərzində rayonlara ayrılmış milyonlarla pul, kağız üzərində açılmış yüz minlərə iş yeri isə başqa bir mahnıdır. Daimi iş yerləri açılmayıbmış, olanlar da (elə tarixi Şəki İpək Kombinatı kimi) bağlanıb və dağıdılıb. Yəni, hətta nisbi “tox illər”də də bölgələrdə vur-tut parklar salınıb və muzeylər tikilib, adi bəndənin güzaranı ilə bağlı isə ortada əməl yoxdur.

Ancaq idarəsilikdəki bu “bədxassəli şiş” metastaz verməkdə davam edir, hələlik yerli “feodallar”ın hər mənada qüsurlu fəaliyyət və davranışı təftiş edilmir. Yəni elə çıxır ki, etirazların xronikaya keçməsi üçün münbit torpaq yaranır.

Görünən odur ki, bölgələrdə etirazçılarla dialoq istisna edilir. Yəni icra başçısı çıxıb sakitləşdirir, sonrası hərbçilərin ixtiyarına buraxılır. Bu isə qətiyyən çıxış yolu deyil. Bu, kor dalana aparan yoldur.

Unutmayaq: rayonlarda tələblər ən elementar tələbatlarla bağlıdır. Yəni çörək, digər ərzaqlar, iş. Onları həll etməyə cəhddən qaçmaq etirazların səbəblərini daha da dərinləşdirmək risqi deməkdir. Bunun nə qədər desəniz, tarixi sübutları var.

Sonda isə Cek Londonun “Dəmir daban”ından daha bir sitat:

“- Əgər dünyaya yiyələnmək uğrunda mübarizədə trestlər qalib gəlsə, bəs onda?

– O zaman, – Ernest cavab verdi, – siz də, biz də və bütün fəhlə sinfi də bəşəriyyət tarixinin hətta ən qaranlıq dövrlərinin belə tanımadığı cilovsuz və rəhmsiz zülmkarlığın dəmir dabanı altında əziləcəyik. Bəli, onun adı belədir – Dəmir daban”…

Məmməd Süleymanov

Virtualaz.org

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv