“İcra başçıları dövlət büdcəsinin mənimsənilməsi ilə məşğuldurlar” – Sərt ittiham

Müəllif: Baş Redaktor

Baş Redaktor

icra_ntitled-6Ölkə başçısı Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan son iclasında məmurlara bu il ciddi struktur islahatlarının aparılacağı və idarəetmə sisteminin təkmilləşdiriləcəyi barədə mesajlar vermişdi. Prezident vaxtı çox uzatmadan bu sahədə ilkin qərarlar qəbul etdi, yanvarın 15-də bir neçə dövlət qurumunun ləğvinə dair fərman imzaladı.

Struktur islahatları və idarəetmə sisteminin təkmilləşdirilməsi prosesinin yaxın vaxtlarda davam etdiriləcəyi istisna deyil. O da istisna deyil ki, bu islahatlar çərçivəsində hətta bəzi nazirliklərin də birləşdirilməsi gerçəkləşsin.

İslahatların rayon və şəhər İcra hakimiyyətlərindən də yan keçməyəcəyi gözlənilir. Bunu prezident İlham Əliyevin hökumətin son toplantısında səsləndirdirdiyi fikirlər də təsdiqləyir.

“…bizim yerli icra orqanları daha da səmərəli işləməlidirlər, təşəbbüs göstərməlidirlər. Ancaq oturub mərkəzdən göstəriş gözləməməlidirlər. Bu, onların gündəlik işidir. Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr bütün xərclərini bağlaya bilərlər. Amma gözləyirlər ki, bunlara nə qədər vəsait ayrılacaq. Onsuz da vəsait ayrılır. Bax, dövlət hesabına yollar, qaz xətləri, su xətləri çəkilir, hətta sayğaclar da qoyulur. Hansı ölkədə dövlət hesabına sayğaclar qoyulur?
Bütün infrastruktur layihələri icra edilir, böyük sərmayə qoyulur, turizm infrastrukturu yaradılır. Kim bunu yaradır? Dövlət və özəl şirkətlər. Amma yerlərdə onlar daha fəal işləməlidirlər.
Onların qarşısında vəzifə qoyuram ki, hər rübdə bir dəfə görülən işlərlə, açılan yeni iş yerləri ilə, açılan müəssisələrlə bağlı məlumat versinlər. Yəni, onlar da nəticə çıxarsınlar. Dövlət onsuz da öz siyasətini aparacaq və lazımi sərmayəni qoyacaq. Ancaq mən əminəm ki, bizim bütün rayonlarımız daha səmərəli işləyə bilərlər və daha da yaxşı nəticələr olacaqdır.
Rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı mən artıq bir neçə dəfədir ki, məsələ qaldırıram. Ancaq indi bir pilot layihəsi icra edilir, Neftçala rayonunda. Başqa rayonlarda niyə bunlar icra edilmir? Çünki biganəlik göstərirlər, buna yol vermək olmaz. Ona görə, hər bir icra başçısının vəzifəsi bundan ibarətdir. Kim bu vəzifənin öhdəsindən gələ bilmirsə işdən kənarlaşdırılacaq”.

Ölkə başçısının yuxarıda dediyi sözlər birbaşa İcra Hakimiyyəti başçılarına yönəlmiş tənqidlərdir. Ekspertlər də əksər rayon və şəhər İcra Hakimiyyətlərinin təşəbbüskar olmadığını, icra başçılarının gözünü dövlətin ayıracağı vəsaitə dikdiyini bildirərək, dünyada cərəyan edən böhran fonunda bu vəziyyətin nəhayət dəyişməsinin zəruliyini vurğlulayırlar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına müsahibəsində səsləndirdiyi “icra başçılarının əksəriyyəti dövlət büdcəsinin müəyyən hissəsinin mənimsənilməsi ilə məşğuldurlar… Onların əksəriyyəti öz yerində deyillər” fikri cəmiyyət tərəfindən dəstəklənib.

Acı gerçəklik budur ki, müstəqil Azərbaycanın rayon və şəhərləri uzun illərdir dotasiyasız yaşaya bilmirlər. Son illərin dövlət büdcəsindn yalnız Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, İmişli rayonlarına yerli gəlir və xərclərin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən vəsait (dotasiya) ayrılmır.
Halbuki, böyük potensialları olan rayon və şəhərlər dotasiya almayan inzibati bölgələrin sayını 6-dan 16 və ya 26-ya çatdıra bilərlər.
Bu, həm büdcədən əlavə vəsaitin alınmasının qarşısını alar, həm yerli idarəetmədə yeni iş metodlarının tətbiqinə, işçi qüvvəsinin artmasına səbəb ola bilər. Aparılan araşdırmalar da göstərir ki, hazırda bölgələrdə imkanlar var ki, yerli resurslarla özünüidarəetmə olsun.

Azərbayacan aqrar-sənaye ölkəsi olduğu halda son illər rayon İcra hakimiyyətləri yerlərdə kənd təsərrüfatının inkişafı istiqamətində heç bir ciddi təşəbbüs həyata keçirə bilməyiblər. Onların hansısa birinin ölkəyə səs-küy salan nə bir uzunmüddətli, nə də heç olmasa yaxınmüddətli proqramları görünüb.

Rayon və şəhər icra hakimiyyətlərinin başçıları keçirdikləri silsilə toplantılarda adətən prezidentin həyata keçirdiyi işlərdən danışır, dövlət rəhbərinin iqtisadiyyatın inkişafı istiqamətində atdığı addımları sadlamaqla kifayətlənirlər. Amma nədənsə özlərinin təşəbbüslərindən, həyata keçirdikləri yeniliklərdən, inkişaf naminə hansısa innovativ tədbirlərindən söz açmırlar. Çünki ortada söz açılası işlər görünmür. Bu isə belə deməyə əsas verir ki, icra başçılarının vəzifəsi ancaq yumşaq kreslolarda əyləşib dövlət büdcəsindən maaş almaq, mərkəzi xərclərdən rayonlara ayrılan dotasiyaları xərcləməkdir. Hələ dotasiyaların da necə xərcləndiyindən danışmağa belə, dəyməz..

Elə bunu nəzərə alan bəzi ekspertlət bölgə idarəçiliyində dəyişiklik edilməsini, bəzi rayonların birləşdirilməsini təklif edirlər.

Azərbaycanın inzibati ərazi vahidlərinin mənzərəsini diqqətdən keçirən Modern.az saytının əməkdaşı maraqlı rəqmlərə diqqət kəsilib: Hazirda 10 respublika tabeli şəhər, 56 rayon, 14 şəhər tərkibində rayon var. Naxçıvan Muxtar Respublikasında isə 1 şəhər və 7 rayon var ki, ümumilkdə Azərbaycan üzrə şəhər və rayonların sayı 88-ə bərabərdir.

Deməli ölkəfə 88 icra basçısı, 88 polis rəisi, 88 prokuror və 88 müxtəlif idarə və təşkilatlar var. Bu isə dövlət büdcəsindən hər il nə qədər böyük vəsaitin bölgələrin idarəetmə aparatına xərcləndiyini söyləməyə əsas verir. Əgər bəlgələrdəki idarəedicilər ortaya səmərəli fəaliyyət qoysaydılar, bəlkə də bu fikirləri gündəmə gətirməyə də lüzum olmazdı.

Amma uzun müddətdir yumşaq kreslolarda əyləşən cənab icra başçıları, artıq o zəmanəyə çatmışıq ki, ağıl işlətmək, yeniliklər etmək, gəlir gətirən ideyalar gerçəkləşdirmək də gərəkir… Əgər bunlar yoxdursa…

A.Qorxmaz/Modern.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir