İctimai nəzarət mexanizmi necə işlənməlidir? TƏHLİL

Müəllif: Redaktor

Editor

siaphoto_527333Dünya təcrübəsi də göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması effektiv üsuldur və adətən uğurlu alınır. Belə olan halda vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur.

Hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında” qanunun qüvvəyə minməsi bu fəaliyyəti daha da sürətləndirib. Bu qanunun qəbulu ilə müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Bütün bunlar həyata keçirilməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Bu məsələnin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib. Elə Nazirlər Kabinetinin son müşavirəsində də Prezident bu məsələyə toxunaraq ictimai nəzarət mexanizmlərinin işə salınmasının vacibliyini vurğulayıb: “Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki, sadəcə olaraq, insanlardan tələb etsək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır”.

SİA ölkə başçısının bu yöndə göstərişlərinə, verdiyi qərarlara müvafiq qurumlar tərəfindən hansı dərəcədə əməl olunmasını araşdırıb. Araşdırma zamanı məlum oldu ki, mərkəzi icra hakimiyyəti orqanlarından Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası yanında ictimai şuralar yaradılıb. Yerli icra hakimiyyəti orqanlarından isə bir ikisini çıxmaq şərti ilə heç birində bu şuralar yaradılmayıb.

“İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və onun icrasının qanunvericiliyə uyğun olmasını diqqətdə saxlamaq, vətəndaşların mənafe və hüquqlarının qorunmasına yardımçı olmaqdır”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud 2014-cü ildə Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin təşəbbüsü ilə parlamentdə “İctimai iştirakçılıq” haqqında qanun qəbul edilməsini QHT-dövlət münasibətlərinin tənzimlənməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, qərarların qəbul olunmasında vətəndaş iştirakçılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: “Qanunun tələbinə görə yerli və mərkəzi icra hakimiyyəti orqanları yanında İctimai şuralar yaradılmalıdır. Bu qanunun qəbul edilməsinədək bildiyim qədər bir neçə dövlət qurumunda, o cümlədən Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində belə şuralar fəaliyyət göstərirdi. Bu qanunun tələblərindən irəli gələrək bütün mərkəzi və yerli icra hakimiyyəti strukturları yanında İctimai Şuralar qurulmalıdır. Ötən müddət ərzində müxtəlif dövlət orqanları artıq bu məsələ ilə müvafiq addımlar atıblar. Cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasındakı çıxışında hökumətin fəaliyyətinə ictimai nəzarət vacibliyini vurğuladı. Biz bunu bilavasitə QHT-lərə ünvanlanmış çağırış kim qəbul etdik və dərhal fəaliyyət başladıq. Belə ki, Şuranın təşəbüsü ilə ölkənin bir sıra aparıcı QHT-lərini iştirakı ilə toplantı keçirdik, geniş müzakirələr apardıq və nəticədə ictimai nəzarətin təşkili mexanizmlərinin müəyyən edilməsi və konkret addımların atılması üçün 3 istiqamət üzrə işçi qruplar yaradıldı: 1. İqtisadi məsələlər; 2. Sosial məsələlər; 3. İctimaiyyətlə əlaqələr. Burada ən müxtəlif sahələr üzrə illərdir cəmiyyət üçün faydalı layihələr icra edən, QHT sektorunda aktiv fəaliyyət göstərən QHT-lər toplaşıb. Bu işçi qruplar artıq fəaliyyətə başlayıb, onların aidiyyatı nazirliklərdə görüşlər keçirməsi və vətəndaşlardan gələn müraciətləri səlahiyyətli şəxslərlə müzakirə etməsi nəzərdə tutulur. Hər işçi qrupunun iş planı mövcuddur. Bu plan əsasında onlar QHT-lərdən gələn təkliflərləri cəmləşdirərək müavfiq qurumlara çatdıracaqlar. Eyni zamanda paytaxt və regionlarda maarifləndirici görüşlərin keçirilməsinə də başlanılacaq”.

“ Hökumətin fəaliyyətinə ictimai nəzarətin təşkili bildiyimiz kimi dünyanın müxtəlif ölklərində mövcuddur. İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və onun icrasının qanunvericiliyə uyğun olmasını diqqətdə saxlamaq, vətəndaşların mənafe və hüquqlarının qorunmasına yardımçı olmaqdır. Yəni istənilən icra orqanının işinə ictimai əsaslarla fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının ictimai nəzarəti həyata keçirməsi neqativ halların yerindəcə aşkarlanaraq aradan qaldırılması üçün əlverişli imkan yaradır. İctimai nəzarəti həyata keçirmək üçün vətəndaş cəmiyyətinin müxtəlif strukturları QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları yaxından əməkdaşlıq edirlər. İctimai Şuralar resursların səmərəli istifadəsinə, idarəetmənin çevikliyinə, qanunların icrasına, məhdudiyyətlərə nə dərəcədə riayət edilməsinə və s. məsələlərə nəzarət edəcəklər”.

“İctimai İştirakçılıq” haqqında qanun qəbul olunandan sonra təəssüflər olsun ki, hələ də bütün dövlət qurumları yanında adıçəkilən şuralar yaradılmayıb. Ancaq qanunun tələbi birmənalıdır bə dövlət strukturları onun icrasını mütləq şəkildə təmin etməlidirlər. Ancaq bir dövlət qurumunun yanında yaradılan ictimai şuranın ona nəzarət edəcəyini düşünsək görərik ki, həmin qurumun bu işdə maraqlı olmaması yalnız ortada neqativ halların mövcud olduğu halda mümkündür. Cənab Prezident son bir ayda bildiyimiz kimi çoxsaylı mühüm sərəncamlar vermiş, eyni zamanda manatın məzənnəsində baş verən məlum dəyişikliklə əlaqədar yeni mərhələdə zəruri institutsional və maliyyə islahatları həyata keçirmişdir. Bu proses hazırda da davam etdirilməkdədir. QHT-lər bu mühüm islahatlara dövlət strukturlarına ictimai nəzarətin təmin olunmasında yaxından iştirak etməklə dəstək olmaqdadırlar. Çünki ictimai nəzarətin təmin olunmasında ən effektiv və həlledici rollardan biri məhz QHT-lərin üzərinə düşür. “İctimai nəzarət” haqqında Milli Məclisdə qanunun qəbuluda gözləniləndir. Dünyada təcrübədən çıxmış, kifayət qədər effektiv bir üsul olan ictimai nəzarətin praktik mexanimzlərinin müəyyən olunaraq yaxın vaxtlarda real addımların atılmasının şahidi olacağıq. Dövlət orqanlarının fəaliyyətlərindəki çatışmamazlıqların əhəmiyyətli qismini bu üsulla aradan qaldırmaq mümkün olacaq”.

“Azərbaycan Prezidentinin verdiyi qərarlar kağız üzərində qalmamalıdır və müvafiq strukturlar bundan irəli gələn məsələləri doğru-dürüst yerinə yetirməlidirlər”

Konstitutsiya Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev ölkə başçısının 2014-cü ildə imzaladığı “İctimai iştirakçılıq haqqında” qanundan xeyli müddət keçməsinə baxmayaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin yanında ictimai şuraların yaradılmadığını deyib: “Bu gün cəmi 6-7 nazirlik yanında belə şuralar yaradılıb. Əsas səbəb isə mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələri yerinə yetirməməsidir. Onların müvafiq strukturları qəbul olunmuş qanunlarla tanış olmurlar. Bəzi hallarda məmurlarımız bu işdə maraqlı olmurlar. Ona görə ki, bu şuralar yaradılsa onların strukturlarındakı mövcud problemlər ictimai müzakirəyə çıxarıla bilər. Onlar ictimai dinləmələrdən uzaq olmaq və qəbul edilən qərarlar daha dar çərçivədə həyata keçirilsin istəyirlər. Son aylarda cənab Prezident tərəfindən bu yöndə vacib mesajlar verir. Bildirir ki, ictimai nəzarət vacibdir və bunsuz inkişafa mane olan halları üzə çıxarmaq çətindir.

Onun sözlərinə görə, cənab Prezident bir neçə gün öncə Appelyasiya Şuralarının yaradılması barədə qərar verdi: “Bu Şuralar sahibkar-dövlət orqanları arasında münasibətlərlə bağlıdır. Məhkəmə prosesləri keçmədən qvardi-məhkməmə strukturlarının yaradılmasını nəzərdə tutur. Sahibkarların şikayətləri araşdırılaraq ona uyğun cavab veriləcək. Bu sahibkarlıq mühitinin yaradılmasına və sahibkarlığa mane olan inzibati bürokratiyayanın aradan qaldırılmasına xidmət edəcək vasitədir. Eyni zamanda bu həm də ictimai nəzarətin həyata keçirilməsinin effektiv üsullarından biridir. Azərbaycan Prezidentinin verdiyi qərarlar kağız üzərində qalmamalıdır və müvafiq strukturlar bundan irəli gələn məsələləri doğru-dürüst yerinə yetirməlidirlər. Bu vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına və dövlət orqanlarına etimadın möhkəmlənməsinə gətirib çıxara bilər. Verilən qərarlar zamanı vətəndaşların bu qərarların hazırlıq mərhələsində iştirakı həm şəffaflığa həm də müvafiq qurumlara inamın artmasına səbəb olar. Belə olan halda həmin qərarlar daha effektiv nəticələrlə yekunlaşır. Cənab Prezidentin də dediyi kimi hər bir məmur xalqın xidmətçisidir. Verdiyi qərarlar zamanı da onunla dialoq aparmalıdır. Düşünürəm ki, ictimai şuraların yaradılması, atılan addımlarda vətəndaşların rəyinin öyrənilməsi baş verə biləcək mənfi fəsadların qarşısnı öncədən ala bilər”.

“Bəzi dövlət qurumları ictimai nəzarət, QHT adı gələn kimi sanki təşvişə düşürlər və maksimum şəkildə bu prosesləri əngəlləməyə çalışırlar”

QHT rəhbəri Səbuhi Abbasov qeyd edib ki, ictimai nəzarət mexanizminin yaradılması ilk növbədə Cənab Prezidentin təşəbbüsüdür: “Təəssüflə qeyd etməliyəm ki, bəzi dövlət qurumları ictimai nəzarət, QHT adı gələn kimi sanki təşvişə düşürlər və maksimum şəkildə bu prosesləri əngəlləməyə çalışırlar. Yəni bu sahədə maneə faktoru var və bunu danmamalıyıq. Eyni zamanda biz bu faktoru nəzərə alaraq səmərəli iş qurmalıyıq. İlk növbədə dövlət qurumları bu tip nəzarət mexanizmlərinin qurulması üçün sosial sifarişlər verməlidirlər. Lakin ictimai nəzarət şuralarının tərkibini həmin dövlət qurumları müəyyən etməməlidir. Əgər belə olsa o zaman bunun hansısa effektiv nəticəsindən danışmaq mənasız olar. Bu mənada QHT-lərə dövlət dəstəyi şurası yanında və yaxud da müstəqil şəkildə bir qurum yaradılmalıdır. Qurumun tərkibi isə ölkədə effektiv fəaliyyəti ilə seçilən QHTlərdən ibarət olmalıdır. Nəzarət mexanizmləri konkret spesifik sahələr üzrə ixtisaslaşmalıdır. Sosial, iqtisadi, siyasi, diaspor və mədəniyyət. Bu spesikit sahələr üzrə də nəzarət departamentləri olmalıdır. Eyni zamanda nəzarət mexanizmi sosial mediaya inteqrə olunmuş formada reallaşmalıdır.

“İctimai nəzarətlə bağlı yeni təkmil qanun qəbul olunmasa bəzi qanunlar, məmurlar aparılan islahatları sabotaj edə bilər”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə bildirib ki, ictimai şuranın yaradılması idarəçilikdə qüsurları müəyyənləşdirmək baxımından ən effektiv üsuldur: “Şura üzvləri heç bir məsləhətləşmə aparmadan müvafiq strukturların iş fəaliyyətinə nəzarət edə bilər. İlk əvvəl Ədliyyə Nazirliyində, ardınca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradıldı. Təəssüf ki, əksər naziliklər, mərkəzi icra hakimiyyəti orqanları hələ də bu Şuraları yaratmayıb. Düşünürəm ki, səbəb müvafiq qurumların onların işinə nəzarət edən şuralardan qorxurlar. Qanunverici orqanda da bu yöndə qanun qəbul olundu amma hələki nəticə yoxdur. İctimai Şuranın yaradılması və işində ən aktiv iştirak edən qurum Ədliyyə Nazirliyi ilə yanaşı Dövlət Qulluğuna qəbul üzrə Dövlət Komissiyasıdır. Biz hətta onların işində ekspert kimi də iştirak edirik. Orada gedən bütün proseslər bizə bəllidir və lazım gəldikdə bu barədə açıqlamalar da veririk. Nazirlər Kabinetinin 171 və 172 saylı qərarları var ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ictimai şuraların və ictimai iştirakçılığın digər formalarını tətbiq etməlidir. Müvafiq əsasnamələr qəbul olunub. Biz 33 rayonda icra hakimiyyətləri üçün bu işlər necə təşkil olunması barədə təlimlər keçdik. Ümumilikdə götürdükdə cəmi 1 ya 2 rayonda və 5-6 mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuralar var. Buradan da görünür ki, onlar qanunu pozurlar və əməl etmirlər. Ölkə başçısının bu barədə son çıxışları da göstərir ki, cənab Prezident bunun reallaşmasını qətiyyətlə istəyir. Düşünürəm ki, komanda buna hazır deyil. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yeni təşəbbüslə çıxış edirik. İctimai nəzarətlə bağlı daha təkmil qanun ortaya çıxmalıdır. Əks halda bəzi orqanlar, məmurlar bu islahatları sabotaj edəcək. İctimai iştirakçılığın iştirakçıları yalnız QHT-lər deyil. Qanunda da göstərildiyi kimi 5 vətəndaş xəmiyyəti qurumu: QHT-lər, Həmkarlar ittifaqları, KİV, bələdiyyələrin məhəllə komitələri və vətəndaşların təşəbbüs qrupları. Gedən proseslərə mətbuat və QHT-lər xüsusilə diqqət yetirməli, yaxşını təşviq etməli, pisi də deməlidir”.

Göründüyü kimi, vətəndaşların dövlət idarəçiliyində iştirakı, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması, verilən qərarlarda vətəndaş cəmiyyəti institutlarının da rəyininin nəzərə alınması baxımından ictimai şuraların əhəmiyyəti böyükdür. Bu yöndə dövlət səviyyəsində güclü istək mövcuddur.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir