!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdmançıların içdikləri suya da nəzarət olunur - Ağır Atletika Federasiyasında nələr baş verir?

!Reklam – Yazi

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin yeni rəhbəri Kənan Məstəliyev qurumda baş verən dəyişikliklərdən sonra Yeniçağ.az-ın suallarını cavablandırıb.

– Kənan bəy, federasiyada sonuncu dəyişiklikdən sonra millidə, ağır atletikada hansı yeniliklər olub?

– Ağır atletika yığmasının məşq şəraiti, idmançılara diqqət həmişə yaxşı olub. İndi də belədir. Deməzdim ki, məşqlərlə bağlı nəsə yenilik var. Çünki bəlli bir rejim, sistem var, idmançılar da ona uyğunlaşırlar. Dəyişən yalnız məşqçilərdir. Onların da hər biri öz işinin peşəkarıdırlar. Ağır atletika bu mütəxəssislərin karyerasını, həyatını sərf etdikləri idman növüdür. Federasiya rəhbərliyi onlara güvənir. Əsas dəyişiklik isə ağır atletikaya baxış bucağıdır. İndiyə qədər “dopinqsiz uğur qazanmaq mümkün deyil” deyənlərin düşüncələri dəyişməlidir. Bu istiqamətdə bütün addımları atırıq. Ağır atletika yığmasında dopinqə yer yoxdur. Nəticələrin azalması təbii və gözləniləndir. Ancaq bir müddətdən sonra hamı görəcək ki, dopinqsiz də qələbələr qazanmaq olur. Necə ki, ötən il yeniyetmələrin və gənclərin Avropa birinciliyi, həmçinin İslam Həmrəyliyi ölkələrinin çempionatında qazanılan medallarla bunu sübut edə bildik.

– Milli komanda üçün yeni idmançılarla bağlı seçim aparılır?

– Milli komanda üçün əsas seçim meyarı hər ilin sonunda keçirilən Azərbaycan Kubokundakı çıxışlardır. Bu turnirdə yarışlar 3 yaş qrupu – böyüklər, gənclər və yeniyetmələr – üzrə aparılır. Fərqlənən atletlər milli komandaya cəlb olunur. Bununla yanaşı, il ərzində regional və Respublika səviyyəli yarışlar keçirilir, istedadlı gənclər üzə çıxarılır, layiqlilər dəvət olunur. İl ərzində zəif təsir bağışlayanlar isə təbii ki, heyətdən çıxarılır.

– Yığmanın baş məşqçi və köməkçi məşqçi funksiyalarını kim yerinə yetirir?

– Baş məşqçi Tofiq Heydərovdur. Onun müvafiq yığma komandalar üzrə köməkçiləri – böyük məşqçiləri var. Əsas komandanın böyük məşqçisi Maksum Xasanovdur. Onun köməkçiləri Elnur Hüseynov və Anar Qasımovdur.

-Milli komandaya idmançı cəlb etmək üçün rayonlara, bölgərə baxışa gediləcəkmi? Heyətə başqa hansı klublardan idmançı dəvət edilə bilər?

– İdmançı seçimi ilboyu aparılır. İl ərzində azı 4 dəfə zona yarışları keçirilir: şimal və şərq rayonları Abşeron, cənub və mərkəzi region rayonları Lənkəran, Naxçıvan MR Naxçıvan, qərb rayonları isə Samuxdakı Kompleksdə yarışa qatılırlar. Minimal tələblərə cavab verən istənilən ağır atlet bu yarışa qatıla, gücünü sınaya bilər. Bütün yarışlarda əsas milli komandanın məşqçilərindən ən azı biri iştirak edir, qeydlərini aparır. Sonra bu qeydlər toplanır, müzakirə edilir, istedadlı atletlər fərqləndirilir. Üstəlik, idmançıların təhsilinə də diqqət yetirilir. Məktəbyaşlı atletlər “Zirvə” liseyinə cəlb olunur, yüksək ixtisaslı müəllimlərin nəzarəti altında biliklərini artırırlar, qidalanma, yataqxana və digər bütün gərəkli şəraitlə təmin olunurlar. Bu iş indiyə qədər klub səviyyəsində aparılırdısa, hazırda federasiya miqyasında davam etdirilir.

– Maraqlıdır, dopinqə görə birmüddətlik uzaqlaşdırılan idmançıların federasiya ilə əlaqəsi nə durumdadır? Onların məşq etmələri üçün hansısa şərait yaradılıbmı?

– Biz idmançılarımızı atmırıq, atmayacağıq da. Qaydalara əsasən, dopinqdə “ilişən” lərin cəza müddətində məşq etməsinə belə icazə verilmir. Biz də qaydalara hörmətlə yanaşaraq, bu atletləri zallarımıza buraxmırıq. Ancaq onlar daima diqqətimizdədirlər. Federasiyadan onların hər biri ilə az qala hər gün maraqlanır, problemlərini öyrənir, kömək edirlər. Onlar da bizim ağır atletika ailəsinin üzvləridirlər. Gec-tez qayıdacaq, uğurları ilə ölkə idmanına öz töhfələrini verəcəklər.

– Ağır Atletikanın keçmiş baş katibi Yavər Hacıyevin oğlunun bir müddət əvvəl ağır atletika millisində olduğu, millinin idmançısı kimi qeydiyyatdan keçdiyi deyilirdi. Onun da səbəbi əsgərlikdən yayınmaq, idmançılara hərbi xidmət üçün edilən güzəştdən yararlanmaq idi. Hazırda da Y.Hacıyevin oğlu milli komandadırmı?

– Tam səmimi deyirəm: Yavər Hacıyevin oğlunu tanımıram. Ağır atletika yığmasına kiminsə tapşırıqla, dostluq yolu ilə cəlb olunması mümkün deyil, olmayıb, olmayacaq da…

– Bundan sonra istər “lipa”, istər dopinq məsələlərinə necə diqqət ediləcək?

– “Lipa” məsələləri ağır atletikada nadir rastlanan hallardandır. Buna baxmayaraq, həmişə olduğu kimi, buna da nəzarət olacaq və qarşısı alınacaqdır. O ki qaldı dopinq məsələsinə, bu baxımdan mövqeyimiz birmənalıdır: olmaz!
Heç bir ağır atlet dopinq qəbul edə bilməz! Ən azından Azərbaycanda belədir, bundan sonra da belə olacaq. Bu məsələdə mövqeyimiz qətidir, dəyişməzdir. Dopinqlə ciddi mübarizə aparırıq. Beynəlxalq Anti-Dopinq Agentliyindən əlavə özümüz də mütəmadi testlər götürür, atletlərimizi yoxlayırıq. Məqsəd bu işi kökündən həll etməkdir. Hər kəs anlamalıdır ki, “dopinqsiz uğur olmaz” fikrinin tərəfdarlarının erası başa çatıb. Yaxşı qidalanma, yaxşı şərait olandan sonra “kömək”siz də qələbə qazanmaq olar. Biz belə düşünürük, hamı da eyni fikirdə olmalıdır.

– Bəs idmançılara verilən vitaminlərin dopinqli olmadıqlarına necə əmin ola biləcəksiniz?

– İdmançıların nəinki qəbul etdikləri vitamin, hətta içdikləri suya belə ciddi nəzarət olunur. Yığma komandanın məşqçi və həkim heyəti bu işi fasiləsiz diqqətdə saxlayır. Dopinq hesab edilən maddələrin siyahısı məlumdur və hər il yenilənərək Beynəlxalq Anti-Dopinq Agentliyi tərəfindən Milli Olimpiya Komitəsinə və müvafiq federasiyalara göndərilir. Atletlərin qəbul etdiyi vitaminlərin tərkibi mütəmadi yoxlanılır, yalnız icazə verilən, lisenziyası olan preparatların istifadəsinə imkan verilir.

– Bundan sorna AAAF-da yenə hər hansı bir dopinq məsələsi çıxarsa qurum bununla bağlı hansı tədbiri görəcək?

– Yığma komandaya cəlb olunan hər bir atletlə dopinq öhdəlikləri qeyd olunan sənəd imzalanır, hər biri öz məsuliyyətini dərk edir, onu gözləyənləri anlamış olur. Bir daha qeyd edim ki, biz AAAF olaraq dopinqdən istifadəyə qarşıyıq. Günahkarlar kimdirsə, müvafiq cəzalarını alacaqlar. Ümid edirik ki, belə məsələ bir daha olmayacaq və tədbirlər görülməsinə gərək qalmayacaq.

– Millinin keçmiş məşqçiləri olan Xanlar Nəbiyev, Nizami Paşayev və Vahid Nəzərovun federasiya ilə əlaqəsi varmı? Hansı işləri görürlər?

– Vahid Nəzərov hazırda da AAAF-ın Rəyasət Heyətinin, həmçinin Hakimlər Komitəsinin üzvüdür. Xanlar Nəbiyev və Nizami Paşayevlə də ünsiyyət qaydasındadır. Onların hər ikisi məxsus olduqları klublarda fəaliyyətlərini davam etdirirlər.

– Kənan bəy, sizi hər kəs mətbuatdan çox yaxşı tanıyır. İstər tənqidi yazılarınız, istərsə də mövqeyinizlə seçilənlərdən olmusunuz. İndi federasiyanın mətbuat katibisiniz. Bəs, jurnalistləri maraqlandıran suallara doğru, düzgün cavab verəcəyinizi əmin edə bilərsiniz? Ya “federasiyanın öz sirləri var” deyib bəzi mövzularda yayınma ola bilər?

– Məni tanıyanlar da bilir ki, heç vaxt sualdan qaçan biri olmamışam. Tənqidi də normal qəbul edirəm, hətta sağlam tənqidin işə ziyanlı yox, xeyirli olacağını da düşünürəm. İdman mediasını çox yaxşı tanıyıram, tələblərinin, istəklərinin nə olduğunu, nə cür əziyyətlərə qatlaşdıqlarını bilirəm. Əmin etməyimə ehtiyac yoxdur, çünki bilirsiniz ki, suallarınıza həmişə olduğu kimi dəqiq, ətraflı, doğru cavab verəcəm. O ki qaldı sirrə, federasiyanın heç bir sirri yoxdur. Biz gizlin iş görmürük ki, nəyisə gizlədək. Sadəcə, hər məlumatın özünün yayınlanma, ictimaiyyətə açıqlanma vaxtı, qaydası var. AAAF-ın strukturu, gördüyü hər bir iş şəffafdır. Komanda şəklində işləyir, qərarları şəffaf və kollegial şəkildə qəbul edirik. Federasiyanın rəsmi saytı tam sürətlə fəaliyyət göstərir, ən xırda detallar belə nəzərə alınıb. Ölkədə ağır atletika ilə bağlı bütün məlumatları operativ və dolğun şəkildə oradan ala bilərsiniz.

 

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv