!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İdxalda inhisarçılıq var, ya yox? - Fikirlər haçalanır

!Reklam – Yazi

Bu günlərdə mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev tam məsuliyyətlə bildirib ki, Azərbaycana gətirilən idxal məhsulları üzərində inhisarçılıq yoxdur. Görəsən, komitə sədri dediklərində nə dərəcədə haqlıdır, ümumiyyətlə haqlıdırmı?

İqtisadçı-ekspert Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında DGK sədrinin idxalda inhisarçılığın olmadığı barədə söylədiyi fikirlərlə həmrəy olduğunu bildirdi:

“Aydın Əliyev burada həqiqəti söyləyib. Hazırda ölkədə idxala nəzarət funksiyası inhisarçıların əlindən alınıb. Artıq birmənalı şəkildə ölkəyə gətirilən mallar tamamilə vergi və rüsumlara cəlb olunur. Ona görə də burada inhisarçılığın xeyrinə nəyisə həll etmək daha mümkün deyil. Həm də onlar böyük miqdarda mal gətirə bilmədiklərindən idxal inhisarçılığını inzibati və iqtisadi yolla aradan qaldırıblar. Əvvəllər idxal prosesində monopoliya olub, amma indi rəsmi şəkildə bu mövqe qanuni yolla həmin qrupun əlindən alındı. Ölkəyə gətirilən mallar vahid avtomatlaşdırılmış idarəetmə sistemindən keçir. Həmçinin gömrük riskləri yüksək olduğundan mal ölkəyə daxil olan kimi onun statistikası aparılır. Ona görə mal gətirənlər çalışır ki, bu risk profillərinə düşməsinlər. Həmçinin, ölkəyə ərzaq məhsullarının idxalı artdığından, inhisarçılardan kənar digərləri də mal gətirməyə başlayıb. İnhisarçılığın idxalda aradan qalxmasının birinci səbəbi də məhz ərzaq məhsulları üzrə idxal prosesinin artması faktıdır”.

Ekspert Natiq Cəfərli isə A. Əliyevin həqiqəti söyləmədiyini qeyd etdi:

“DGK sədri tərəfindən idxalda inhisarçılığın olmadığı barədə açıqlama verməsi təbii ki, onun vəzifə borcudur. O etiraf edəsi də deyil ki, rəhbərlik etdiyi sahədə inhisarçılıq meylləri var. Amma onun bu etirafı heç də həqiqəti əks etdirmir. Ölkəyə gətirilən məhsulların həcmi və bu işlə məşğul olan şirkətlərin sayına baxanda görürük ki, bəlli məhsul növləri üzrə əsas oyunçular həmişə eyni şirkətlər olub və bu gün də belə olaraq qalır. Azərbaycanda bazara daxil olub, yer tutmaq çətindir. Hər hansı bir şirkətə daha yaxşı şəraitin yaradılması, digər rəqiblərə isə müəyyən əngəllərin yaradılması da inhisarçılığın bir əlamətidir. Yəni inhisarçılığın baş qaldırılmasında inzibati qaydalarla yanaşı, iqtisadi rıçaqlardan da yararlanırlar. İdxal əməliyyatının strukturu və topdansatışla məşğul olan şirkətlərin sayına baxdıqda, görürük ki, bəlli məhsulları ölkəyə kifayət qədər az saylı şirkətlər gətirir. Kərə yağını ölkəyə gətirib, paylayan cəmi iki şirkət var. Bazarda çoxsaylı pərakəndə satış məntəqələrinin olması ilə inhisarçılığın olmadığını söyləmək düzgün yanaşma deyil. Əsas məsələ hansı şirkətlərin hansı məhsulu gətirib bazara qiymətləri diqtə etməsindən irəli gəlir. İnhisarçılıq yoxdursa, komitə sədri necə izah edə bilər ki, qonşu Gürcüstanda Yeni Zelandiyadan gətirilən yağın qiyməti Azərbaycandakı qiymətlə müqayisədə 50 faiz ucuzdur. Halbuki, lojistika eynidir, ciddi məsafə fərqi də yoxdur. Yəni eyni tip məhsulun qonşu ölkəyə nisbətən Azərbaycanda baha olmasının məntiqi izahı idxal inhisarçılığı ilə bağlıdır”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv