İki dəfə ölüb-dirilən aktrisadan DƏHŞƏTLİ FAKT: “Cənazəmi çiyinlərinə götürüb apardılar”…

Müəllif: Redaktor

Editor

İlk dəfə onu “Evləri köndələn yar” televiziya tamaşasında görüb tanımışam. Amma bu hündürboylu, qaraşın, yaraşıqlı aktrisa nədənsə sonralar sənətində uzun zaman fasilə verdi. Nə tamaşalarda göründü, nə də filmlərdə. Bunu isə istəyərək eləməyib. İki dəfə ölüb-dirilən və amansız xəstəliklə mücadilə edən aktrisa nəhayət, ölümə qalib gələ bilib. Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova həyatından elə epizodlar danışdı ki, dəhşətə gəldim…

Hicran Nəsirovanın Yeniçag.az-a müsahibəsini təqdim edirik.

– Son vaxtlar teatrdan çox seriallarda görünürsünüz. Çəkildiyiniz “Vicdan haqqı” serialında oğlunuzun iki həyat yoldaşı var: biri azərbaycanlı, digəri rus. Rus gəlini daha çox istəməyiniz tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Çox adam sizi buna görə qınayır…

– Bu iradları mənim özümə də bildirirlər. Əslində mən haqqın tərəfindəyəm. O biri gəlinim hikkəsinin qurbanı oldu. Əvvəllər onun da tərəfini tuturdum, amma sonradan gördüm ki, Larisada heç bir günah yoxdur. Onu da deyim ki, mən heç vaxt rolu oynamıram, yaşayıram. Hətta evdə də elə bilirəm ki, həmin qayınanayam.

– Azərbaycanda ilk milli serial olan “İtkin gəlin”də çəkilmisiniz. Etiraf edək ki, Dünya o dövr üçün kifayət qədər açıq-saçıq bir qadın obrazı idi. Əxlaqsız qadını filmdə canlandığınıza görə sizi topa tutmadılar ki?

– Əslində, mən o rolu oynamağa tərəddüd edirdim. Yadımdadır ki, serialın rejissoru Lütfü Məmmədbəyov məni yanına çağırdı və ssenarini üstümə atdı ki, get hazırlaş gəl. Bilmirdim hansı roldan söhbət gedir. Əsərin müəllifi Əlibala Hacızadə də onun yanında idi. Sən demə, Əlibala müəllim mənə baxıb deyibmiş ki, əşşi, bu qara qız Dünyanı necə oynayacaq? Dünya gözəl qadın olmalıdır. Həmin vaxt heç makiyaj da eləməmişdim. Lütfü müəllim də ona deyib ki, sən bax, gör bu qara qız o Dünyanı necə gözəl canlandıracaq. Həqiqətən də elə oldu. Film ekranlara çıxandan sonra Əlibala Hacızadə məni öpdü və dedi ki, qızım, mən Dünyanı yazdım, amma sən onu yaşatdın. Dünya insanlar tərəfindən çox sevildi.

– Amma əsərdən fərqli olaraq, filmdə açıq-saçıq səhnələrə rast gəlmədik…

– Mən özüm buna razılıq vermədim. Əsərdə belə bir səhnə var, Dünya hamamda çimir, Əbdül onu çılpaq görür. Rejissor mənə dedi ki, sinəni bir qədər aç, yalnız sinəni və ayaqlarını verərik, qalan yerini ağ mələfə ilə bürüyərsən. Nə illah elədi, razı olmadım. Lütfü müəllimə dedim ki, mən intim səhnələri baxışımla təqdim edəcəyəm. Mən orda xarakter yaratdım və tamaşa da çox uğurlu alındı.

– Bəs həyat yoldaşınızın reaksiyası necə oldu?

– Mən qabaqcadan işimi ehtiyatlı tutmuşdum, qayınanamdan razılıq almışdım. Qayınanam hər işi yoluna qoydu. Həyat yoldaşım, elə qayınlarım da vəzifəli adamlar idi, qorxurdum ki, onların adına ləkə gələr. Tərəddüd edirdim. Amma qayınanam mənə dəstək oldu və dedi ki, aktrisa hər rolda çıxış etməyi bacarmalıdır.

– İndiyə qədər oynadığınız bütün rollar ürəyinizcə olub?

– Yox, bəzi hallarda əsər zəif olub, amma mənə verilən rolu oynamağa məcburdum. İmtina etdiyim rollar da olub, hesab eləmişəm ki, ona boş yerə enerji xərcləyəcəm.

– Həyatınızın müəyyən dönəmində teatrdan uzaq düşdünüz. Niyə?

– Xəstəliyimə görə. Həyatımda iki dəfə ölüb dirilmişəm. İndi o ağır günlərimi yada salmaq istəmirəm, pis oluram. Bu gün həyatda olmağım möcüzədir.

– Möcüzələrə inanırsınız demək?

– Həm möcüzələrə, mistikaya, həm də yuxulara inanıram. Bu həyatda hər addımımız Tanrı tərəfindən kodlaşdırılıb.

– Maraq məni bürüdü, bəlkə danışasınız o möcüzələrdən?

– Moskvaya əməliyyata getməliydim. Vəziyyətim çox ağır idi, əməliyyatdan qabaq pirə getdim. Sonra yoldaşım məni bağa apardı ki, dincəlim. Heyim yox idi, yatdım, yuxuda gördüm ki, cənazəmi aparirlar. Bu vaxt havada bir ağ örpək gördüm, ruh kimi uçurdu. O, sanki mənə nəfəs verdi. Ondan sonra biraz özümə gəldim. Moskvada yatdığım palatanın nömrəsini görəndə dəhşətə gəlmişdim. Doğulduğum il və günün tarixi palatanın nömrəsi idi. Dəli olmuşdum ki, bu, yəni mənim taleyimdir, sonum çatıb? Əməliyyatdan sonra komada olmuşam, mənə beş gün süni nəfəs veriblər. Ayıldığım günün axşamı bildim ki, bir rus qadın başımın üstündə oturub, səhərə qədər dua oxuyubmuş. Mən onu görürdüm, amma reaksiya verə bilmirdim. Həkimlər inana bilmirmiş ki, mən həyata dönəcəm. Desəm inanmazsız, amma mən öncədən yatdığım xəstəxananı, hətta ölümümü belə yuxuda görmüşdüm. Xəstəxanaya daxil olanda dəhşətə gəldim ki, mən buranı necə vardısa eləcə də yuxuda görmüşəm axı. Hərdən mənə deyirlər ki, bu yaşadıqlarından kitab yaz, çox maraqla oxunar.

– Yazacaqsınız?

– İstəmirəm. Çünki o ağrılı günləri yenidən xatırlamaq mənim üçün dəhşətdir. Hərdən özümü danlayıram ki, gərək cavan olanda hər şeyi ürəyimə salmayaydım, o qədər ağrını, stressi yaşamayaydım. Hamısı insan orqanizmində ağır xəstəliklər yaradır. Adam bunları yaşa dolduqca başa düşür. Bax, indinin özündə çox şeyi boş verirəm.

– Yəqin qarşınıza çıxan insanlardan çox pisliklər görmüsünüz?

– O qədər paxıllıqlar görmüşəm, zərbələr almışam ki.

– Söhbət sənət adamlarından gedir yəqin?

– Əlbəttə…İndinin özündə paxıllığımı çəkən o qədər adamlar var ki… İnsan mütləq əsəblərini qorumalıdır. Mən indi çox şeyə “it hürər, karvan keçər” deyirəm.

– Bəs bu qədər zərbələrə tab gətirmək üçün özünüzdə necə güc tapmısınız?

– Həyat yoldaşım mənə çox dəstək olub. Yeri gəlmişkən, həyat yoldaşım da məni ilk dəfə yuxuda görüb, tanıyıb. Ona qədər həyatda bir dəfə də olsun məni görməyib. Yuxuda görüb ki, mən ananla pirdən çıxıram, başımda da örpək. Fikirləşib ki, hə, bu qız mənim taleyimdir, nə vaxtsa onunla evlənəcəm. Sonradan biz qarşılaşanda o dəhşətə gəlibmiş. Yuxusu gerçək olub. Çətin anlarımda o, həmişə yanımda olub. Zarafat deyil, iki dəfə ölüb-diriləsən. Bir dəfə biz xarici ölkədə idik, pasport üçün barmaq izləri götürməliydilər. Nə qədər elədilər, barmağımın izi düşmədi. Dedim ki, özünüzü öldürməyin, onsuz da bu, mümkün olmayacaq, mən ölü kimi bir şeyəm. Taleyə, alın yazısına da çox inanıram. Bu da mənim taleyimmiş, ölüb-dirilmək də varmış qismətdə.

 

Cəvahir Səlimqızı

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir