!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev: Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir

!Reklam – Yazi

Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də Latviyada rəsmi ziyafətdə etdiyi çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib: “Hörmətli cənab Prezident. Xanımlar və cənablar. İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Zəngin tarixi və mədəniyyəti ilə seçilən dost ölkənizə yenidən səfər etməyimdən çox məmnunam. Sizinlə cari ilin mart ayında V Qlobal Bakı Forumu çərçivəsində keçirdiyimiz görüşü və apardığımız fikir mübadiləsini xoş təəssüratlarla xatırlayıram.

Ölkələrimizin tarixində oxşar məqamlar çoxdur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin və Latviyanın nümayəndə heyətləri yeni yaradılmış dövlətlərin de-yure tanınmaları ilə bağlı Paris Sülh Konfransına müraciət ünvanladılar. Bir il sonra isə Azərbaycan parlamenti Latviyada nümayəndəliyin açılması ilə bağlı qərar qəbul etdi”.

Dövlət başçısı qeyd edib ki, müstəqilliyin bərpasına eyni vaxtda nail olmuş dövlətlərimiz qarşıdan gələn ildə dövlət quruculuğunun 100 illiyini qeyd edəcəklər: “Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açıldı. Ölkələrimiz bu illərdə böyük uğurlar qazanıb, xalqlarımız isə sabitlik və təhlükəsizlik şəraitində rahat yaşayırlar.

Bu gün ölkələrimiz arasında energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var. Əminəm ki, Sizinlə apardığımız danışıqlar, iştirak etdiyimiz biznes forum, əldə olunan razılaşmalar və imzalanan sənədlər, xüsusilə də Azərbaycan Respublikası və Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə əlaqələrimizin inkişafına mühüm təkan verəcəkdir”.

Prezident İlham Əliyev əlavə edib ki, humanitar əlaqələrimizin də zəngin tarixi vardır: “İyirminci əsrin əvvəllərində Bakıda Latış Cəmiyyəti fəaliyyət göstərirdi. Bu cəmiyyət 2013-cü ildən fəaliyyətini bərpa etmişdir. Məşhur latış yazıçılar Ernest Birznieks-Upitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, Bakı Opera Teatrının dirijoru, bəstəkar Yazeps Medinş, memar Ervins Paumbats və başqaları Azərbaycanda yaşayıb yaratmışlar”.

Azərbaycan prezidenti bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, humanitar, enerji sahələrində və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələri mövcuddur: “Bu ilin əvvəlində Brüsselə etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq sazişi üzərində işləməyə start verdik.

Azərbaycan iqtisadi, ticari və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyində, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıqda mühüm rol oynayır”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir: “Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, AŞPA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır. Bu gün imzaladığımız Birgə Bəyannamədə də göstərilir ki, bu münaqişə beynəlxalq norma və prinsiplər əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır. Bu ədalətli mövqeyə görə Sizə minnətdaram.

Hörmətli cənab Prezident, Latviyada olmağımdan bir daha məmnunluğumu bildirirəm. Əminəm ki, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlıq uğurla inkişaf edəcək”.

Yenicag.az

www.yenicag.az

835
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv