www.sinerjipro.net

SinerjiProWide
Reklam

99755 (1)“Mən sizi ürəkdən təbrik etmək istəyirəm. Bu gün biz “Qalaaltı” müalicəvi istirahət mərkəzinin açılışını qeyd edirik. Gözəl, əlamətdar hadisədir və bu hadisə bir daha onu göstərir ki, ölkəmiz sürətlə və hərtərəfli inkişaf edir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışı zaman deyib.

Prezident ölkədə içməli su, elektrik enerjisinin təchizatı, kənd yolları, qazlaşdırma və digər infrastruktur layihələrin uğurla icra edildiyini vurğulayıb:

“Regionların inkişafı, o cümlədən turizmin inkişafı ilə bağlıdır, xüsusilə nəzərə alsaq ki, bizim çox gözəl təbiətimiz var. Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr – bütün bunlar bizdə var. Belə olan halda, turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilmişdir və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir”.

İlham Əliyev Azərbaycanın dünya səviyyəli turizm mərkəzinə çevrildiyini qeyd edib:

“Nəzərə alsaq ki, bizim gözəl Xəzər dənizimiz var, dəniz boyu yerlərdə otellər tikilir. Avropa Oyunlarının keçirilməsi, əlbəttə ki, turizmin inkişafına çox müsbət təsir göstərmişdir. Biz bunu görürük. Minlərlə qonaq gəldi və Bakıya heyran oldu. Bakının gözəlliyi, abadlığı, yaradılan şərait, insanlarımızın qonaqpərvərliyi, əlbəttə ki, turistləri cəlb edir”.

Prezident ölkənin turizm sektorunun inkişafından da danışıb:

“Bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz – bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Biz bəzi ölkələrin gəlirlərinə fikir versək görərik ki, ən çox gəlir gətirən sahə turizmdir. Bəs turizmin inkişafı üçün nə lazımdır? İlk növbədə gərək səni tanısınlar. Biz ölkəmizi tanıtdırırıq, dünya miqyasında, xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçiririk. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Avropa Oyunları başa çatdı, gələn il “Formula-1” yarışı, iki ildən sonra İslam Həmrəylik Oyunları keçiriləcək. Bütün bunlar qonaqları cəlb edir və ondan sonra qonaqlar da vətənlərinə qayıdaraq öz fikirlərini bölüşürlər. Misal üçün, dünən mən Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti ilə görüşmüşəm, – dünən Qəbələdə dünya kubokunun yarışları başlamışdır, – o, mənə dedi ki, Avropa Oyunlarının açılışında iştirak edərkən, Bakı ilə tanış olarkən şəhərimiz çox xoşuna gəldi və bu dəfə öz ailəsi ilə Bakıya gəldi. Bax, budur bizim imkanlarımız. Biz beynəlxalq tədbirlər keçiririk ki, bizi daha çox tanısınlar. Bu, birinci şərtdir. Turizmin inkişafı üçün ikinci şərt infrastrukturun mövcudluğudur. Bizim Heydər Əliyev Beynəlxalq Aeroportumuz dünya miqyasında ən birinci yerlərdədir. Avtomobil yolları, infrastruktur, xidmət sahəsi və əlbəttə, insanlarımızın qonaqpərvərliyi ki, bu da həmişə var. Bu, bizim bəlkə də ən böyük sərvətimizdir. Ona görə, bax, bütün bu amilləri nəzərə alaraq biz görürük ki, Azərbaycanda turizmin inkişafı üçün çox gözəl imkanlar var. Biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik”.

Dövlət başçısı öz çıxışında maliyyə böhranının Azərbaycana təsir etməməsi məsələsinə də toxunub:

“Budur bizim siyasətimiz və inkişafımız və biz bunu dünyada yaşanan maliyyə və iqtisadi böhran dövründə əldə edirik. Bu gün elə bir ölkə tapmaq çətindir ki, bu böhran ona təsir etməsin – hansısa ölkələrə daha çox, hansısa ölkələrə daha az. Amma Azərbaycan böhranlı illərdə inkişaf edir, belə gözəl əsərlər yaradır.

İnfrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları – Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”.

Ona görə, “Qalaaltı” müalicəvi istirahət mərkəzinin açılışı sadəcə olaraq bir otelin açılışı deyil, bu, bizim siyasətimizin əksidir və bizim niyyətimizi ifadə edir. Əminəm, yerli və xarici investorlar bu imkanlardan ruhlanaraq Azərbaycanda yeni gözəl otellər, istirahət zonaları yaradacaqlar ki, həm vətəndaşlarımız, həm qonaqlarımız bundan istifadə etsinlər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."