yenicag.az
yenicag.az

İlham Əliyev bu nazirləri “vurdu” – son 10 ildə – Yenilənir

İlham Əliyev bu nazirləri “vurdu” – son 10 ildə – Yenilənir

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

ilham“Siyasətdə heç nə təsadüfən baş vemir. Əgər nəsə baş veribsə, deməli belə nəzərdə tutulub”. ABŞ-ın 32-ci prezidenti Franklin Delano Ruzveltin reallıqla uzlaşan, hansısa yüksək vəzifəli “vurulmuş” məmur üçün isə sentimental, kədərli sayıla biləcək bu ifadəsi siyasi arenada həmişə aktuallığını qoruyub saxlayacaq.

Ruzveltin siyasət üçün yerinə düşən bu frazası mürəkkəb prosesləri, hakimiyyətdaxili qruplaşmaların maraqlarından doğan mübarizənin kəskinliyini, onların mürəkkəbliyini necə də sadə dillə ifadə edir!

Mürəkkəb bir konfiqurasiyanın iki cümlə ilə təntənəli, bir az da obrazlı sayıla biləcək ifadəsi dövrümüzün, hətta bundan sonrakı yüzillərin siyasi mənzərəsi üçün daim gündəm hesab olunacaq. Bu aktuallığın təsir dairəsi təbii ki, dünyanın bir parçası olan Azərbaycandan da yan keçmir.

Bir zamanlar karyerasının zirvəsində olanların o pik nöqtədən üzüşağı birdən-birə ya da tədricən “yuvarlanması” bəzi vətəndaşlar üçün gözlənilməz, media üçün əvəzedilməz dominant mövzu rolunu oynayır.

Aşağılardan zirvələrə gedən məşəqqətli və ya ağrılı yol, daha sonra karyera qazanmaq üçün qət edilmiş yolu geri qayıtmaq necə də kədərlidir?

Amma böyük səlahiyyətlərindən təyinatı üzrə istifadə etməməklə uğursuzluqlarının bünövrəsini qazan məmurlar özləri bu kədərin banisi olub. Öz işləri ilə özlərini “uçurumdan” atılmağa vadar edənlər…

Bu yazıda əsas diqqəti son 10 ildə vəzifəsi ilə vidalaşan nazirlər (artıq eks-nazir) üzərində fokuslaşdıracağıq.

Vaxtilə onlar karyeralarının bəxş etdiyi həzzdən necə də ləzzət alırdılar…

Modern.az saytı son 10 ildə “vurulan” nazirlərin siyahısını təqdim edir.

1994-cü ildə ildə Namiq Abbasov ölkənin mühüm strateji orqanı, kəşfiyyat materiallarının toplandığı, çoxlu sayda məxfi sənədlərin saxlandığı Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etməyə başlayıb. 1995-ci ilin qanlı mart ayından etibarən birbaşa MTN şefi vəzifəsinin icrasına başlayıb. O, bu postda 2004-cü ilə qədər qalıb.

Bəs Namiq Abbasov tutduğu yüksək vəzifədən niyə azad edilmişdi? O vaxtın bəzi mətbuat orqanları iddia edib ki, MTN-nin sabiq şefi guya, həyata keçirdiyi kadr islahatlarının effektivsizliyi ilə diqqət mərkəzində olub.

Bütün bunların doğru, ya da yalan olması haqqında dəqiq mühakimə yürüdə bilmərik, Bütün həqiqətləri Namiq Abbasov özü, bir də hakimiyyət mətbəxinin aparıcı qüvvələri bilirlər.

Qeyd edək ki, Namiq Abbasov belə böyük strateji vəzifədən sonra Azərbaycanın Özbəkistandakı səfiri təyin olundu. O, 2004-2012-ci illərdə Azərbaycanın Özbəkistandakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışıb.

 

2005-ci ilin parlament seçkiləri ərəfəsində Azərbaycan siyasi elitasındakı tandem ölkənin başı üzərinə qara buludları gətirdi… Hadisələrin episentrində dayanan başlıca fiqurlardan biri eks-spiker Rəsul Quliyev idi. Bu barədə aşağıda qeyd edəcəyik…

 

O dövrün səhiyyə naziri Əli İnsanov və iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsi cəmiyyətdə əsl şok effekti yaratdı.

 

Əli İnsanov 2005-ci ilin oktaybr ayında hakimiyyəti zorla ələ keçirməkdə şübhəli bilinərək həbs edilib. Lakin sonradan bu ağır ittiham iqtisadi cinayətlərlə əvəz olunub.

O, 2007-ci ilin aprelində Ağır Cinayətlərə Dair Məhkəmənin hokmü ilə  rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

Bu, vaxtı ilə mərhum keçmiş prezident Heydər Əliyev kimi böyük bir siyasətçinin şəxsi həkimi olan Əli İnsanov üçün həm də taleyin amansız hökmü idi… Üstəgəl, ona verilən bütün akademik titulların, fəxri adların əlindən alınması bir zamanların səhiyyə bossu üçün ikiqat, üçqat zərbə oldu…

Əli İnsanov nazir olarkən Azərbaycanın səhiyyə sistemi aramsız şəkildə tənqid yağışına məruz qalıb.

 

Onunla eyni taleyi yaşayan Fərhad Əliyev də 2005-ci ildə xidməti kabinetindəcə qandallanıb. Fərhad Əliyevlə Əli İnsanovun cinayət ittihamı üzrə eyni taleyi bölüşürdülər. O da, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib, lakin sonralar dövlət əmlakını mənimsəməkdə təqsirli bilindi.

2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış hökmə əsasən, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi. Lakin keçmiş həmkarı Əli İnsanovdan fərqli olaraq o, 2013-cü ilin oktyabr ayında prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdı.

Son məlumatlara görə Fərhad Əliyev Almaniyada siyasi sığınacaq alıb, bununla yanaşı o, Türkiyədə biznes və yarı-siyasi fəaliyyətlə məşğuldur.

Bəzi iddialara görə, sabiq nazir Türkiyənin baş naziri Əhməd Davudoğlunun iqtisadi məsələlər üzrə qeyri-rəsmi müşaviridir.

 

Gələk, 2005-ci il ci ildə siyasi atmosferdə baş qaldıran dumanların içərisində mərkəzi fiquranta çevrilən Rəsul Quliyev amilinə…

 

1994-1999-cu illərdə Azərbaycanın maliyyə naziri işləmiş Fikrət Yusifov 2005-ci ildə hüquq-mühafizə orqanlarına ifadə verdi ki, Əli İnsanov, Fərhad Əliyev və “Azərkimya” istehsalat şirkətinin sabiq prezidenti Fikrət Sadıqov eks-spiker Rəsul Quliyevlə əlbir olaraq Azərbaycanda hakimiyyət çevrilişi etmək istəyiblər.

Ancaq Fikrət Yusifov hardan biləydi ki, bu addımı ilə siyasi reputasiyası zədələnəcək, onu cəmiyyətin hiddətli baxışlarının, böyük bir ictimai qınağın hədəfinə gətirəcək.

Həm də bu ifadələr elə onun özünü də dəmir barmaqlıqlar arasına salacaq… Həmin il onu da adları çəkilən şəxslərlə birgə həbs etdilər, lakin 2 ildən çox həbsdə saxladıqdan sonra o, azadlığa çıxdı.

 

Azərbaycanda “vurulan” nazirlərdən biri də Əvəz Ələkbərov hesab oluna bilər. 1999-cu ildə sələfi Fikrət Yusifovun yerinə təyinat alan Əvəz Ələkbərov 2006-cı ilə qədər maliyyə naziri postunda çalışdı.

Əvəz Ələkbərov müsahibələrinin birində hakimiyyətdaxili qruplaşmaların qurbanı olaraq vəzifədən kənarlaşdırılmasına belə eyham vurub:

“Mənim vəzifədən çıxarılmağımda müəyyən insanların rolu oldu. Amma mən onlar haqqında heç bir açıqlama vermək istəmirəm. O adamlar cənab prezidentlə mənim arama girdilər. Mən bunu vəzifədən ayrılmamış hiss etmişdim. Vəzifədən çıxmağımı isə televiziyadan eşitdim. Azərbaycan hökümətinin gördüyü işləri, iqtisadi inkişafın səmərəliliyi, maliyyə bazarının inkişafı, xarici  investisiyanın Azərbaycana gətirilməsi məsələsi, makroiqtisadi mühitin qorunması məsələsini  və digər problemləri xarici mütəxəssislərlə müzakirə edərkən, mən televiziyada eşitdim ki, vəzifədən çıxarılmışam”.

 

2006-cı ildə vəzifəsi ilə vidalaşanlardan biri də əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev idi. O, bu vəzifəyə 1996-cı ildə təyin olunmuşdu.

10 illik nazir fəaliyyətindən sonra Əli Nağıyevi yeni bir vəzifə gözləyirdi. Amma nazir postundan bu vəzifəyə düşmək hardasa Əli Nağıyevin üçün xoş bir təəssürat bağışlamazdı.  Sabiq nazir 2006-2011-ci illərdə Azərbaycanın Belarusdakı səfiri olub.

Məlumat üçün bildirək ki, bəzi versiyalara görə, Əli Nağıyev 2005-ci il ssenarilərində rol oynamağa çalışan şəxslərdən biri olub. Yəni, o da Əli İnsanov və Fərhad Əliyevlə birgə guya, hakimiyyət çevrilişinə imza atmaq niyyətində olub… Lakin onun haqqındakı bu iddialar öz təsdiqini tapmayıb…

 

Təhsil sistemini vaxtaşırı təndiq hədəfinə gətirən Misir Mərdanovun da adını “vurulanlar” siyahısına əlavə etmək olar. 1998-ci ildən 2013-cü ilin aprelinə kimi təhsil naziri olan Misir Mərdanov ən çox tənqid edilən hökumət üzvlərindən biri olub. Onun dövründə təhsildə uğurlu islahatların aparılmaması, müəllimlərin rüşvətxorluğu, təhsil sferasındakı korrupsiya aparatının işlək mexanizmi çoxunun yadından çıxmayıb.

Misir Mərdanov özü də açıqlamalarında bu problemləri dəfələrlə qabartmaqla etiraflar edib. Mətbuata hazırda elə də açıq olmayan Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

 

Milli Ordudakı “dedovşina”, korrupsiya, özbaşınalıq Səfər Əbiyevə qarşı güclü arqumentlərin ortaya çıxmasına imkan verirdi. 1995-c ildən 2013-cü ilin oktyabr ayına kimi Müdafiə Nazirliyinə rəhbərlik edən general Səfər Əbiyev ordudakı problemlər, əsasən də əsgər ölümlərinə görə böyük ictimai qınaq obyektinə çevrilmişdi.

İllərdən bəri ona qarşı həm mətbuatın, həm də cəmiyyətin hücumları nəhayət ki, öz nəticəsini verdi.

Prezident İlham Əliyev 2013-cü ilin 22 oktaybrda imzaladığı sərəncamla Səfər Əbiyevi vəzifəsindən azad etdi.

Elə eyni gündə əmək və əhalinin  müdafiəsi naziri Füzuli Ələkbərov da oturduğu kresloya əlvida deməli oldu. Ölkə başçısının digər sərəncamı ilə Füzuli Ələkbərov vəzifəsindən uzaqlaşdırıldı.

2013-cü ilin yanvar ayında İsmayıllıda əhalinin kütləvi etirazına səbəb olan hadisələrdən sonra Füzuli Ələkbərovun karyerasının qara günləri başladı. Özü də Füzuli Ələkbərov oğlu Vüqar Ələkbərovun güdazına getdi desək, yanılmarıq. Belə ki, Vüqar Ələkbərovun İsmayıllıda camaatı təhqir etməsi çox pis qarşılanmışdı. Məhz bundan sonra Füzuli Ələkbərov üçün çox problemi günlər oldu və  nəticədə o, vəzifəsindən getdi.

Prezident İlham Əliyevin vəzifədən kənarlaşdırdığı şəxslərdən biri də sabiq rabitə naziri Nadir Əhmədov olub. Nadir Əhmədov 1997-ci ildən  2004-cü ilədək hökumətdə rabitə naziri postunda əyləşib.

 

Prezident son olaraq, milli təhlükəsizlik naziri Eldar Mahmudovu və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu vəzifəsindən uzaqlaşdırdı.

Cəmiyyət, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti