!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevdən inqilabi addım: Hədəfdə icra başçıları var

!Reklam – Yazi
1452416756_ilhamnkBölgələrdə son günlər baş verənlərin pərdəarxası geniş ictimaiyyət üçün tam bəlli olmasa da, bir həqiqət üzə çıxdı. Bir sıra hallarda rayon icra hakimiyyətləri başçılarının fəaliyyəti nöqsanlarla doludur. Unutmaq olmaz ki, etiraz edən insanlar ilk növbədə yerli məmurlara qarşı ittihamlar səsləndirirlər. 
Prezident Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, harın məmurlar vətəndaşların problemlərini yerindəcə həll etmirlər. Bütün bunlar ölkə rəhbərini təcili tədbirlər planı hazırlamağa sövq edir. Dövlət başçısı çevik və operativ idarəetmə mexanizmi yaratmaqda israrlıdır.
Rayonların birləşdirilməsi ilə yanaşı, bir sıra RİH başçılarının vəzifədən azad ediləcəyi, bəzilərinin isə həbs ediləcəyi varinatı da istisna edilmir.
Yenicag.az xəbər verir ki, Avropa.info saytının ekspert qrupu  bu istiqamətdə atılacaq addımlar barədə ekspertlərin fikrini dinləyib və respondentlər ölkə rəhbərinin gözlənilən addımlarını gerçək inqilabi islahat kimi dəyərləndiriblər.
Proseslər onu  göstərir ki, regional idarəetmənin təkmilləşdirilməsi qarşıdakı illərdə ölkəmiz üçün daha aktual olacaq. Lakin proses davam edir və yaxın zamanlarda kadr siyasətində  daha sanballı gedişatın şahidi olacağıq. Siyasi elita ölkədəki gərgin mühitin yumşaldılması və bəzi icra başçılarının zülmü səbəbindən çox qəzəbli olan kənd rayonlarındakı əhalinin rəyini nəzərə alaraq,  harınlamış RİH başçılarına qarşı ciddi tədbirlər görməyi planlaşdırır. Xüsusilə kənd rayonlarındakı əhaliyə zülm edən, insanları müstəqilliyimizə küsdürən RİH rəhbərləri cəzalandırılacaqlar. Qəzəb toplumu yaradan əsas aktyorlar məhz onlardır. Odur ki, onların ölkə rəhbəri tərəfindən ciddi tənbeh ediləcəyi ehtimalı böyükdür. 
Nazirlər Kabinetinin son toplantısında da İlham Əliyev mühüm mesajlar vermiş oldu. Onun çıxışı və məmurlara ünvanlanmış “təmiz işləyin” tapşırığını xatırlatması iqtidarın ciddi bir prosesə hazırlaşdığına dair iddiaların ortaya çıxmasına səbəb olub.  Avropa.infonun ekspert qrupu hesab edir ki, yaxın günlərdə sistemdaxili təmizlənməyə start veriləcək və bir qrup icra başçısı iş başındaca həbsə alınaraq, böyük və hay-küylü siyasi kampaniyanın əsas “qəhrəmanları” olacaqlar. İstisna deyil ki, onları iş otaqlarında qandallayıb, tv-lərin və digər KİV-lərin çəkilişini təmin etməklə, ölkədə hay-küylü təmizləmə kampaniyasına start veriləcək.
Avropa.info-ya daxil olan məlumata görə, hazırda bir sıra harın RİH başçılarının siyahısının tərtib olunması və tamamlanması prosesi gedir.
Burada bir həqiqəti də unutmaq olmaz. Kənd rayonlarına rəhbərlik edən  bəzi RİH başçıları mentalitetdən irəli gələn incəlikləri dərk edə bilmirlər. Ölkədə  ictimai rəy söyüşə son dərəcə  qədər həssasdır,  əhali ilə söyüş dilində danışmaq olmaz.  Hazırkı şəraitdə, ölkədəki  vəziyyət bəzi yerli məmurların əxlaqa zidd davranışı ilə kataklizmlə sonuclana bilər. Tarixdə söyüşün narazılıqlar üçün vəsilə olduğunu sübut edən faktlar da kifayət qədərdir.  Xalqın mentalitetində təhqirə cavab vermək elementləri mövcuddur.  Yerli məmurlar bəzi hallarda ölkə başçısının qərarlarını sabotaj edirlər.
Əgər bir neçə rayonda “söyüş inqilabı” baş verərsə, bu, siyasi proseslərə birbaşa təsir göstərə bilər. 
 
Ehtimal etmək olar ki, narazılıqların püskürməsinin dalğavarı bütün ölkə boyunca yayılmasında maraqlı olan xarici qüvvələr də var.  Əgər, onların hədəfində qarşıdan siyasi elitanın nüfuzunu azaltmaq durursa, “söyüş inqilabı”nın miqyasının genişlənə biləcəyini də ehtimal edə bilərik. 
İstənilən halda baş verənlər onu deməyə əsas verir ki, artıq RİH başçılarının önəmli bir hissəsinin işdən getmək zamanı gəlib.
Əldə etdiyimiz  məlumatlara görə, ölkə rəhbəri öz vətəndaşları ilə bu dərəcədə qeyri-insani davranışlara son qoymayan RİH başçılarını cəzalandırmaq qərarına gəlib. Hadisələrin axarını növbəti məmurun söyüş söyəcəyi günə qədər təxirə salmaq mümkün deyil.  Prezident bu məsələdə israrlıdır və Avropa.info-ya daxil olan məlumata görə, yaxın günlərdə əksər rayonlarda yerli rəhbərliyi dəyişdirmək qərarına gəlib. Ehtimal etmək olar ki, vətəndaşların problemini həll etmək istəməyən bəzi  RİH başçıları yalnız işdən qovulmaqla xilas ola bilməyəcəklər.
 
Qeyd edək ki, bir neçə gün öncə Hesablama Palatası Azərbaycanın bəzi rayonlarında yeyinti faktlarını sübut edən sensasion sənəd ortaya qoydu. Hesabatda  Mingəçevir, Xaçmaz, Səbayel və sairə rayonlarda büdcə vəsaitlərinin təyinatının dəyişdirilməsi, artıq ödənişlərə yol verilməsi ilə bağlı sanballı faktlar ortaya qoyulmuşdu. Bütün bu amillər baş verəcək prosesi daha da sürətləndirir.
Avropa.info-nun ekspert qrupu

www.yenicag.az

888
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv