yenicag.az

“İlham Əliyevin Belçika səfəri strateji əməkdaşlıq sazişini yenidən gündəmə gətirdi” – Rufiz Qonaqov

“İlham Əliyevin Belçika səfəri strateji əməkdaşlıq sazişini yenidən gündəmə gətirdi” – Rufiz Qonaqov

Müəllif: Redaktor

Editor

 

Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya səfəri bir neçə mühüm görüşlə yadda qaldı. Ölkə başçısı fevralın 6-da Brüsselə səfəri zamanı  Avropa İttfaqının prezidenti Donald Tusk, Avropa İttifaqının baş komissarı Jan-Klod Yunker, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və digər vitse-prezident, o cümlədən qurumun xarici siyasət məsələlərinə cavabdeh Federika Mogerin, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb.

Bundan başqa səfər çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.

Demək olar ki, bütün görüşlərdə Prezident İlham Əliyev Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Eyni zamanda ölkə başçısı ilə görüşən avropalı rəsmilər Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyevin Belçika səfərini şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov hesab edir ki, ölkə başçısının Belçika səfəri mühüm əhəmiyyət kəsb edir: “Nəzərə alsaq ki, Avropa İttifaqının mərkəzi qərargahı da Belçikada yerləşir, səfərin əhəmiyyəti bizə daha aydın olur. Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqının rəhbərliyi bir sıra ikitərəfli görüşlərə başlayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Qərb münasibətləri bu gün cənab Prezident tərəfindən çox məharətlə davam etdirilir. Azərbaycan xarici siyasətində balanslı və tarazlaşdırılmış siyasət aparır. Sözsüz ki, Azərbaycanın xarici ölkələrlə münasibəti bərabərhüquqlu və qarşılıqlı maraqlar əsasında qurulub. Bütün beynəlxalq təşkilatlar Azərbaycanla qarşılıqlı əməkdaşlıq şəraitində işləyirlər. Azərbaycan heç bir təşkilatdan asılı deyil və üzərinə götürdüyü öhdəlikləri də milli maraqlarına uyğun olaraq yerinə yetirib”.

Rufiz Qonaqovun sözlərinə görə, Prezidentin Belçika səfərində Azərbaycan-Avropa Birliyi arasında təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq imkanları bird aha müzakirə edilib: “Azərbaycanın ərazi bütövlüyü avropalı siyasilər tərəfindən birmənalı şəkildə dəstəkləndi. Dağlıq Qarabağ münaqişəsilə bağlı status-kvonun dəyişdirilməsinin vacibliyi vurğulandı. Hesab edirəm ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq çərçivəsində təhlükəsizlik məsələlərinə ciddi önəm verəcək. Eyni zamanda Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaxşılaşması və yaxınlaşması istiqamətində ciddi addımlar atılacaq.

Eyni zamanda Avropa İttifaqı Azərbaycanla iqtisadi əməkdaşlıq məsələlərində olduqca maraqlıdırlar. Azərbaycan həm öz yaxın qonşuları, həm də beynəlxalq təşkilatlarla öz maraqlarına uyğun olaraq balanslı, tarazlaşdırılmış əməkdaşlıq edir. Bu mənada cənab prezidentin Belçika səfəri sözsüz ki, mühüm əhəmiyyət daşıyır. Prezidentin Belçika səfərindən öncə Avropa İttifaqının nümayəndələri Bakıya səfər edib ölkə başçısı ilə görüşmüşdülər.  Azərbaycan Avropa Birliyi ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Gələcəkdə Avropa Birliyi ilə iqtisadi əlaqələrinin daha da genişlənməsi və s. əməkdaşlıq məsələləri üzrə real razılıqlar əldə oluna bilər. Həmçinin TANAP və dəmir yol layihələri üçün investisiya cəlb etmək mümkün ola bilər. Xatırlatmaq lazımdır ki, ötən il fevral ayının 29-da Bakıda Cənubi-Qaz Dəhlizi üzrə Məşvərət Şurasının ikinci toplantısı keçirilmişdi. Həmin toplantıda 7 dövlətin rəsmiləri iştirak edirdilər və onlar yekun sənədə imza atdılar. Cənubi-Qaz Dəhlizi layihəsini tam dəstəkləyən Avropa Birliyi ilə yeni sıx əlaqələrimiz var və bu əlaqələr yüksələn xətt üzrə davam etməkdədir”.

Yeniçağ.az

 

 

 

Rufiz Qonaqov bildirdi ki, ölkə başçısının Brüsselə səfəri Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişi yenidən gündəmə gətirib: “Avropa İttifaqı Azərbaycan qazının əsas alıcılarından biri olaraq ölkəmizin iqtisadi partnyoru sayıla bilər. Görüşlərdə də “Cənubi Qaz Dəhlizi” layihəsi üzərində xüsusi dayanılırdı. Avropanın enerji təhlükəsizliyi üçün bu layihə olduqca vacibdir.  Bakı-Tiflis-Qars dəmir yolu layihəsi də Azərbaycan və Avropa İttifaqı ölkələri üçün çox vacibdir. Təsadüfi deyil ki, president İlham Əliyev Brüsseldəki görüşlərində bu layihənin əhəmiyyətindən bəhs etdi və Azərbaycana tranzit ölkə statusunun verilməsi müzakirələrdə vacib məsələ kimi qoyuldu”.

 

Sonda Rufiz Qonaqov qeyd etdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı maraqlara cavab verən formatda əməkdaşlıq etmək niyyətindədir. Çox güman ki,  yaxın vaxtlarda tərəflər arasında əməkdaşlığın qurulması üçün real addımların şahidi olacağıq”.

 

BMAM mətbuat xidməti

 

 

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti