Yazı İçi 468×60

Dələduzluğa görə 12 il müddətinə azadlıqdan məhrum edilmiş “Real” MTK-nın sahibi İlham Qasımov barəsində yeni detallar aşkarlanıb.

Yeniçağ.Az xəbər verir ki, İlham Qasımovun tikinti biznesinin çiçəklənməsində və onun uzun müddət cəzasız qalmasında xüsusi rolu olan məmurların kimliyi tədricən üzə çıxır.

Mətbuatda yayılan məlumatda Qasımovun tikinti sektorunda mövqeyinin möhkəmlənməsinə yardım göstərən və onun layihələrinə “yaşıl işıq” yandırılmasını təmin edən əsas fiqur Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rafael Mehrəliyevdir. Qeyd olunur ki, Qasımov bu himayədarlıq üçün Mehrəliyevə ümumilikdə 3,7 milyon manat rüşvət verib:

“Dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə 12 il azadlıqdan mərhum edilən “Real” MTK-nın faktiki sahibi İlham Qasımovla bağlı AzToday.az-a daha bir maraqlı məlumat daxil olub.

Həmin məlumatda bildirilir ki, keçən il Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Qasımovla bağlı keçirilən məhkəmə prosesində iş adamı və “Real” MTK-nın direktoru olan bacısı oğlu Sahil Cahangirli lahiyələrin təsdiqlənməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə 3 milyon 700 min manat rüşvət verdiklərini bildirmişdi.

Məsələ ilə bağlı AzToday.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, iş adamı İlham Qasımov zamanında Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinə milyonlarla manat rüşvət verib. Həmin rüşvət əsasən “Real” MTK-nın tikdiyi binaların layihələrinin təsdiqi üçün ödənilib. İnformasiya mənbəmizin iddiasına görə, iş adamı İlham Qasımovun Bakı şəhər İcra Hakimiyyətindəki əsas havadarı, hazırda Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri vəzifəsini tutan Rəfael Mehrəliyev olub. İş adamının tikdirdiyi binalara görə, milyonlarla manatı məhz Rafael Mehrəliyev vasitəsi ilə BŞİH-ə çatdırdığı iddia olunur.
Departament rəhbərinin İlham Qasımovla münasibətlərinin isti olması o həddə çatıb ki, iş adamı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinə tikdirdiyi binalardan birində mənzil hədiyyə edib. Həmçinin iş adamı İlham Qasımovun keçmiş MTN generalları ilə probleminin çözülməsində də Rafael Mehrəliyevin rolunun olduğu deyilir. Mehrəliyevin iş adamına havadarlıq etdiyi və buna görə hər il ondan bəzi aidiyyatı qurumların adı altında külli miqdarda haqq aldığı gəzən söz-söhbətlər arasındadır.

Məlumatda deyilir ki, İlham Qasımovla bacısı oğlu Sahil Cahangirli son izahatlarında milyonlarla məbləğdə rüşvətin Rafael Mehrəliyevə verdiklərini yazıblar. Lakin sonra Sahil Cahangirli və İlham Qasımov müxtəlif bəhanələrlə bu izahatlarından boyun qaçırıblar. Mənbəmiz bildirir ki, Rafael Mehrəliyevin BŞİH-də iş adamlarından müxtəlif məqsədlər üçün külli miqdarda pul aldığını paytaxtdakı iş adamlarının çoxusu bilir. Hələ keçmiş MTN naziri Eldar Mahmudovun dövründə Bakı Şəhər İcra Hakimiyyətində “at oynadan” Rafael Mehrəliyevin bu işlərdən böyük varidat topladığı da məlumatda əksini tapıb”. (http://www.infoaz.org/new/index.php/az/muesahib/52022-color-black-rafael-mehr-liyev-is-adam-ilham-qas-movdan-3-7-milyon-manat-ruesv-t-al-b).

İlham Qasımovla bağlı əldə olunan daha bir vacib məlumat onun özünü təmizə çıxartmaq üçün azadlıqdakı ailə üzvlərini mümkün olan bütün səlahiyyət sahiblərinin qapılarına salmasıdır. Lakin dələduz iş adamının belə cəhdləri onun cinayətlərində bu və ya başqa dərəcədə iştirak etmiş doğmalarının məhbəsə aparan yollarını daha da qısaldır:

“Bu arada xüsusi olaraq qeyd olunmalıdır ki, İlham Qasımov böyük pullar hesabına mətbuatda özünün günahsız olduğunu sübut etdirməyə cəhdlər edir. Anası, bacısı və həyat yoldaşı, həmçinin onu müdafiə edən vəkillər dayanmadan dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətlər edərək, İlham Qasımovun günahsız olduğunu, sifarişlə həbs olunduğunu və səhhətində problemlərin yarandığını bildirirlər. Sanki iş adamı mələk kimi saf, vətənini və dövləti sevən iş adamı olubdur. Halbuki, məhkəmə proseslərində iş adamı dolayısı ilə Gülağa Tənhanı aldatdığını etiraf edərək, onun pulunu qaytarmağa hazır olduğunu bildirib.

Belə ki, İlham Qasımov Ağır Cinayətlər Məhkəməsinin qərarından verdiyi Apelyasiya şikayətinə əsasən keçirilən son məhkəmə iclasında açıq şəkildə bildirmişdi ki, tanınmış iş adamı Gülağa Tənhadan 19 milyon vəsait həqiqətən alınıb. Ancaq xərclənməsindən xəbəri olmayıb. Vəsaitləri “Real” MTK-nın direktoru olan bacısı oğlu Sahil Cahangirli və şirkətin baş mühasibi Ədilağa Hüseynov xərcləyiblər. AzToday.az-a İlham Qasımovu yaxından tanıyan iş adamlarından birinin dediyinə görə, tikinti sahəsində fəaliyyət göstərən hər kəs yaxşı bilir ki, “Real” MTK-nın əsl sahibi İlham Qasımov olub və onun icazəsi, göstərişi olmadan heç kəs bir qəpiyi nə xərcləyə, nə də kiməsə verə bilməzdi. Göründüyü kimi əslində, İlham Qasımov son məhkəmə iclaslarında günahını boynuna almaqla bərabər, həm də Gülağa Tənhaya dəymiş ziyanı ödəmək istədiyini belə açıq-aşkar deyib.

Maraqlıdır ki, iş adamı atdığı 19 milyonu indi geri qaytarmaqla cəzadan qurtulacağını düşünürsə yanılır. Çünki hər hansı bir şəxs aldadılıbsa və qarşı tərəfə dəymiş ziyan ödənilsə belə günahkar layiq olduğu cəzasını çəkməlidir. İlham Qasımov aldığı pulları qaytarmamaqla yanaşı haray-həşir salaraq, Gülağa Tənhanın və Baş Prokurorluğun idarə rəisi Müqəddəs Sultanovla birləşərək, əmlakını ələ keçirtmək istədiyini deyir. Özünün bildirdiyi kimi 100 milyon dollarlıq əmlakı ola-ola şantaj yolu tutaraq, maddi və mənəvi ziyan vurduğu adamların haqqını qaytarmır. Belə bir adam “MTN işi”ndə Akif Çovdarov başda olmaqla MTN bandasından verdiyi pulları tələb edir. Görünür, Akif Çovdarov iş adamının xislətinə bələd olduğu üçün ondan vaxtaşırı pul alırmış…

AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, İlham Qasımov etdiyi dələduzluqların nəticəsində həbsə atılacağını bildiyindən dəyəri 100 milyon dollarla ölçülən əmlaklarını qohumlarının adına keçirib. Amma iş adamının bu kələyi istintaqda məlum olub. Bu səbəbdən onun bəzi qohumlarının adına olan əmlaklara həbs qoyulub. İş adamı nəyin bahasına olursa-olsun adına olan əmlaklarının məhkəmə qərarı ilə satılmasından narahat olduğu üçün məhkəmə-hüquq sistemi üzərində böyük təzyiq qura bilib. İlham Qasımov bu usulla hələlik, istədiyinə nail olur… Onun həyat yoluna baxdıqda da görmək olur ki, iş adamının belə məsələlərdə xüsusi təcrübəsi var… Ümumiyyətlə, İlham Qasımovun necə bir iş adamı olduğu da istintaq tərəfindən araşdırılmalıdır.

Mətbuatda yayılan məlumatlara inansaq, İlham Qasımovun yaxınlarının adına olan aşağıdakı əmlakları var:

İş adamının anası Cəfərova Gözəl Məhəmməd qızının adına Bakı şəhəri, Nərimanov rayonu, Əbdülvahab Salamzadə küçəsi 62 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Gözəl Cəfərova “Mil Düzü” MMC-də 100%, “Almaz-94” müstəqil kiçik müəssisəsində 55% paya sahibdir.

Qasımovun ikinci həyat yoldaşı olan Kəmalə Qasımova (Abbasova) da böyük varidatın sahibəsidir. Mərdəkan Qəsəbəsi Ə.Rəhimov küçəsi, döngə 1, 9 saylı yaşayış evi, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 1405 saylı bağ evi, Səbail rayonu Salyan şossesi, 32 saylı torpaq sahəsi, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşən qeyri – yaşayış binası, 90 UB 110 dövlət nömrə nişanlı “VAZ – 2124” markalı avtomobil, 10 MB – 499 dövlət nömrə nişanlı M – 21 Volqa markalı avtomobil, 90 FS – 894 dövlət nömrə nişanlı “Catby Cabrio” markalı avtomobil, 90 KS 896 dövlət nömrə nişanlı “Panter Kalista” markalı avtomobil İlham Qasımovun həyat yoldaşlarından biri olan Qasımova Kəmaləyə məxsusdur.

İlham Qasımovun qızı Asiman Abdiyeva isə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 774 v saylı bağ evinin, 10 GB 010 dövlət nömrə nişanlı, “İnfiniti QX 56” markalı avtomobilin, 90 SP 094 dövlət nömrə nişanlı “Hyundai Sonata” avtomobilinin, 90 KS 895 dövlət nömrə nişanlı “Opel Speedster” avtomobilinin sahibəsidir.

Bundan başqa İlham Qasımovun oğlanlarının adına da çoxlu sayda var-dövlət, külli-miqdarda qiymətləndirilən obyektlər mövcuddur” (http://www.aztoday.az/news/1160.html).

Bundan başqa, Qasımovun ətrafında cərəyan edənləri diqqət mərkəzində saxlayan media onun vaxtından əvvəl azadlığa çıxmaq cəhdlərinin nəticə verəcəyinə şübhə ilə yanaşır:

“İlham Qasımovun vəkili çox gözəl bilir ki, həm Real MTK, həm də “Sahil – D” Kompani MMC İlham Qasımova məxsusdur. Dələduz iş adamını müdafiə edən vəkil hətta saytlarda belə bir məlumat yayıb ki, guya İlham Qasımova qarşı irəli sürülmüş ittihamla razı deyil. İlham Qasımov heç bir mənzili təkrarən satmayıb.
Ataların gözəl bir deyimi var: “Axsaq atın kor nalbəndi olar”. Daha sonra vəkil məhkəmənin mülki qaydada getdiyini söyləyir. Yəqin hörmətli vəkil unudur ki, mülki iş Ağır Cinayətlər üzrə İşlər Məhkəməsində deyil, mülkü qaydada baxılır. Biz də öz növbəmizdə İlham Qasımovun vəkilinə bəzi vacib məqamları çatdırmağı borc bilirik.

Eldar Mahmudov və Akif Çovdarovun tikinti dələduzu olan İlham Səfəralı oğlu Qasımov Azərbaycan Respublikası CM- nin 178. 3.2, 308.2 və 313 –cü maddəsilə təqsirləndirilib. Cinayət işi üzrə ittiham aktının 3-cü cildində göstərilir:

“Müəyyən olunmuşdur ki, İlham Qasımov 03 mart 2005 – ci il tarixində dövlət qeydiyyatına alınmış “RRR” mənzil tikinti kooperativinin təsisçilərindən biri olmaqla 30 noyabr 2008 – ci il tarixindən həmin MTK-nın sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirtmə məqsədilə, qeyd olunan MTK tərəfindən Bakı şəhəri, Nobel prospekti 189a ünvanında tikinti aparılan birgirişli, 16 mərtəbəli, çoxmənzilli yaşayış binasının 5 -ci mərtəbəsində yerləşən ikiotaqlı, ümumi sahəsi 96,5 kv. metr olan 22 saylı mənzili 02 may 2008-ci il tarixində Rzayeva Rəna Turxan qızına məxsus olmasına baxmayaraq, 06 iyun 2008 – ci il tarixində göstərilən mənzili yenidən 72.375 manata Hüseynova Kəmalə Həsən qızına qanunsuz olaraq satmışdır. 2008 -ci ilin iyun ayından 2012 – ci ilin aprel ayınadək olan müddət ərzində hissə – hissə olmaqla, sonuncudan 53.566 manat məbləğində pul vəsaitini özünün faktiki rəhbərlik etdiyi “MTK – Real”ın Bakı şəhəri, Nərimanov rayonu X. Şuşinski küçəsi 21 ünvanında yerləşən ofisində alaraq, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, mənzilin Kəmalə Hüseynovaya satılması barədə saxta “rəsmi sənəd”ləri “RRR” MTK-da faktiki olaraq sədr vəzifəsində işləmədiyi halda həmin tikinti kooperativinə heç bir aidiyyatı olmayan qohumu Məmmədov Nizami Cahangir oğlunun adından 06 iyun 2008-ci il və sonradan öz adından 06 iyun 2009-cu il tarixli alqı- satqı müqaviləsi tərtib edərək, özünün adından olan müqavilələri kooperativin sədri kimi imzalamaqla, hər iki müqaviləni MTK – nın möhürü ilə təsdiq edib, Kəmalə Hüseynovaya məxsus 53.566 manat pulu dələduzluq yolu ilə ələ keçirtmişdir.

Bundan başqa, 07 yanvar 2005- ci il tarixində dövlət qeydiyyatına alınmış “MTK” – Real mənzil- tikinti kooperativinin təsisçisi olmaqla, kooperativin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən şəxs kimi qeyd olunan MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X. Şuşinski küçəsi 955 saylı məhəllədə inşa olunan ikigirişli 20 mərtəbəli yaşayış binasının I blok, 19-cu mərtəbəsində olan ikiotaqlı 79-2 saylı mənzili 14 aprel 2011- ci il tarixli 204 No-li müqavilə ilə Muradov Ziya Sahib oğluna satmış, onun atası Muradov Sahib Ağaisa oğlundan 76.800 manat almasına baxmayaraq, həmin mənzili 27 aprel 2012-ci il tarixində yenidən 117.900 manata Məmmədov Kamal Yüzbaşı oğluna qanunsuz olaraq satmışdır. Tamah məqsədilə İlham rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilin Kamal Məmmədova satılması barədə saxta rəsmi sənədləri eyni tarixli 205 No-li müqavilə və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını tərtib edib, həmin sənədləri kooperativin sədri vəzifəsini formal olaraq icra edən Davudova Günay Səfər qızına imzalatmışdır”.

Qeyd edək ki, iş üzrə şahid qismində dindirilmiş Davudova Günay Cəfər qızı ifadəsində göstərmişdir ki, 2009-cu ildə İlham Qasımov onu MTK-ya icraçı direktor təyin etmişdir. O, 2012-ci ilin oktyabr ayınadək həmin vəzifədə çalışmışdır. O, formal olaraq kooperativin icraçı direktoru olmuş, İlham Qasımov tərəfindən ona təqdim olunan müqavilə və sənədləri imzalamışdır. Günay Davudova bildirmişdir ki, İlham Qasımovun icazəsi olmadan o, heç bir qərar qəbul etməmişdir. Çünki İlham Qasımov möhürü həmişə özündə saxlayırmış.

İlham Qasımovun oğlu Lətif Qasımov ifadəsində bildirib ki, atası İlham Qasımov bütün sadalanan əmlakların tək sahibidir, lakin o, bütün əmlakları yaxın qohumların adına saldırıb. Eldar Mahmudov və Akif Çovdarovun tikinti dələduzu olan İlham Qasımov təkcə dələduzluqları ilə tanınmır. “Xalaqızlar” macərası ilə ətraf aləmdə tanınan iş adamının şəxsi həyatı haqqında əldə etdiyimiz maraqlı məqamları hələlik açıqlamırıq. Elə Türkiyənin Taraviya otelində İlham Qasımovun iş ortağı ilə kef çəkən həmin xanım haqqında da bəzi məqamları hələlik ki, bağlı saxlayırıq. Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmədə isə İlham Qasımovun dələduzluğu ilə bağlı məhkəmə prosesi davam edir. Yəqin ki, İlham Qasımovun dələduzluqları ilə özlərinə varidat toplayan xalaqızı həyat yoldaşları Arifə Qasımova, Kəmalə Qasımova, qızı Asiman Abiyeva da öz layiqli cəzalarını alacaqlar”(http://www.milletinsesi.az/postview/post/35247).

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 80
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."