terrorYeniçağ.Az son bir il ərzində ölkəmizdə və dünyada baş verən ən yadda qalan hadisələri oxucularına təqdim edir:

  • 4 Yanvar 2016. Səudiyyə Ərəbistanı: “İran diplomatları iki günə ölkədən çıxmalıdır”

Səudiyyə Ərəbistanı İran diplomatlarına ölkəni tərk etməyə iki gün vaxt verib. Bu, Səudiyyə Ərəbistanının tanınmış Şiə ruhanisini edam etməsindən sonra əmələ gələn qalmaqalla əlaqələndirilir.

Səudiyyə hökuməti bəyan edib ki, İranla diplomatik əlaqələri kəsib.

İran Səudiyyə Ərəbistanını regionda gərginliyi artırmaqda ittiham edib.

Səudiyyə Ərəbistanı və İran, regionun əsas Sünni və Şiə gücləridir və həm Suriyada, həm də Yəməndə əks tərəfləri
dəstəkləyirlər.

Tehranda Səudiyyə səfirliyinin qarşısında keçirilən aksiyada binaya od vurulub. Polis etirazçıları hadisə
yerindən uzaqlaşdırıb.

Ruhani Şeyx Nimr yanvarın 2-də terror ittihamı ilə edam edilən 47 nəfərdən biri olub.
Şeyx Nimr 2012-ci ildə Ərəb Baharı zamanı ölkədə hökümət əleyhinə aksiyaların aparıcı qüvvəsi idi, amma bu, onun
həbsinə səbəb olmuşdu.

Bundan əvvəl də Səudiyyənin bölgədə əsas rəqibi sayılan İran xəbərdarlıq edib ki, şiə ruhanisinin edamı “Səudiyyə
Ərəbistanına baha başa gələ bilər”.

  • 22 mart. Brüsseldə partlayışlar: ən azı 31 adam həlak olub

Belçika paytaxtındakı aeroport və metro stansiyasında baş verən silsilə partlayışlar nəticəsində ən azı 31 nəfər həlak olub, yerli media xəbər verir.

Hücuma görə məsuliyyəti İslam Dövləti (İD) adlanan qruplaşma öz üzərinə götürüb.

Şəhər merinə istinad edən mətbuat Avropa İttifaqının inzibati binaları yaxınlığında yerləşən Maelbeek metro stansiyasında baş vermiş partlayış nəticəsində ən azı 20 nəfərin öldüyünü bildirir.

Zaventem hava limanında isə qoşa partlayış 11 nəfərin ölümünə bais olub, daha 81 nəfər isə yaralanıb, Belçikanın səhiyyə naziri deyib.

Aeroportdakı partlayışlar yerli vaxtla 08:00-də baş verib. Bundan bir saat keçmiş partlayış metro stansiyasını silkələyib.

Hökumət insan tələfatı olduğunu təsdiqləyir. Hərçənd ki, bu barədə rəsmi rəqəmlər açıqlanmayıb.

Bundan əvvəl Belçikanın RTBF televiziya kanalı xəstəxanalardakı mənbələrə istinadən 10 adamın həlak olduğunu və 30 nəfərin yaralandığını xəbər verir.

Binada olan adamlar evakuasiya edilib və bütün uçuşlar təxirə salınır. Brüsselə gələn təyyarələr başqa hava limanlarına istiqamətləndirilir.

Brüssel aeroportu xüsusi qərar qəbul olunana kimi bağlıdır, Eurocontrol Avropa dispetçer xidməti elan edib.

Belçika prokuroru Fredere Van Leeuw hər üç partlayışın “terror hücumu” olduğunu deyib. Prokurorluğun anti-terror bölməsi cinayət işi qaldırıb, prokuror administrasiyasından bildiriblər.

  • 27 mart. Pakistanda partlayış: taliblər məsuliyyəti öz üzərinə götürüb

Pakistanın Lahor şəhərində azı 70 adamın ölümünə bais olmuş bazar günü törədilən partlayış üçün məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb.

Yerli informasiya vasitələri həlak olanların azı 29 nəfəri uşaq olduğunu bildirirlər.

Taliban-ın qolu sayılan Jamaat-ul-Ahrar qrupu bildirib ki, hücum bilərəkdən Pasxa gününü qeyd edən xristianları hədəfə alıb.

Hücum zamanı azı 300 nəfər xəsarət alıb. Rəsmilər bildirib ki, ölənlərin sayının artması gözlənilir.

Partlayış bazar günü səhər şəhərin mərkəzində Gülşən-e-İqbal parkı yanındakı avtomobil duracağında, uşaq oyun meydanı yaxınlığında baş verib.

Burada Pasxa bayramını qeyd etmək üçün toplaşmış çoxlu yerli xristian ailələri olub.

Son məlumatlara görə, həlak olan və yaralananlar arasında çoxlu qadın və uşaq olub.

Polis komissarının müavini Məhəmməd Usmanın sözlərinə görə, partlayış intiharçı tərəfindən həyata keçirilib.

Bölgə hakimiyyəti üçgünlük matəm elan edib.

Lahor Pakistanın ən liberal və varlı şəhərlərindən biridir. Şəhər baş nazir Nəvaz Şərifin siyasi güc bazasıdır və son illər burada nisbətən az terror aktı müşahidə olunur.

  • 2-5 aprel döyüşləri

Dağlıq Qarabağ münaqişəsi aprelin əvvəlindən etibarən təkcə Azərbaycan və Ermənistanın deyil, həm də Rusiya və Qərbin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

Qoşunların təmas xəttində demək olar ki hər gün atışmalar müşahidə olunurdusa bu dəfə atəşkəs elan olunandan 22 il sonra ilk dəfə ən iri həcmli döyüşlər baş verib.

Azərbaycan hərbi qüvvələri erməni hərbi qüvvələrinin müdafiə xəttini qırıb bir neçə strateji yüksəklik və yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.

Talış kəndi ətrafında-Naftalan və Goranboy rayonlarına təhlükə yaradan yüksəkliklər, həmçinin Seysulan məntəqəsi, Füzuli rayonu istiqamətində “Lələ təpə” yüksəkliyi ələ keçirilib.

Təmas xəttində 2-5 aprel tarixlərindəki döyüşlər vəziyyəti kökündən dəyişdi: əvvəlki llərdən fərqli olaraq indi üstünlük Azərbaycan tərəfindədir. İndi cəbhə bölgəsinə geri qaytarılan ərazilərdən nəzarət etmək mümkündür.

  • 12 iyun. “Orlando” gey-klubda atışma: 50 nəfər olub

ABŞ-ın Florida ştatı Orlando şəhərində geylərə xidmət göstərən Pulse gecə klubunda atışma baş verib.

Klubda atışma nəticəsində “50 nəfər” ölüb və “fövqəladə vəziyyət” elan olunub, şəhər meri Buddy Dyer deyib.

Rəsmilərin bildirdiyinə görə, Omar Mateen adlı silahlı girov götürdükdən sonra öldürülüb.

Daha 53 nəfər Pulse gecə klubunda atışmada yaralanıb.

İnsan itkisi meyarına görə ABŞ-da son illərin ən qanlı hadisəsinə çevrilmiş Orlando gey gecə klubunda atışmanı polis “terror aktı” adlandırıb.

Rəsmilərin sözlərinə görə, qətllər ideoloji zəmində törədilib, eyni zamanda hücum edən şəxsin hansısa bir xüsusi qrupla bağlı olmasına dair məlumat yoxdur.

Orlando polisinin məlumatına görə, polis əməkdaşları Pulse klubuna atəş açıldıqdan 3 saat sonra daxil olublar və nəticədə, girov götürmüş hücum edən şəxs öldürülüb.

  • 23 iyun. Böyük Britaniyada AB ilə bağlı referendum keçirildi

Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyənləşdirən referendumun nəticələri məlum olub, bu haqda BBC məlumat yayıb.

Səsvermədə iştikar edən seçicilərin 52 faiz Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. 46 milyon 501 min 241 seçiciin 72 faizi səsvermədə iştirak edib.

Bakı vaxtı ilə saat 13.00-da Britaniyanın baş naziri Devid Kemeron referendumun rəsmi nəticələri ilə bağlı bəyanatla çıxış edəcək.

Xatırladaq ki, iyunun 23-də Britaniyada keçirilən referndumda seçicilər iki sualdan birini cavablandırıb: Birləşmiş krallıq Avropa İttifaqının üzvü olmalıdırmı? Birləşmiş Krallıq Avropa İttifaqından çıxmalıdırmı?

Məlumata əsasən, referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçib. Bu rəqəm Britaniya üçün rekord sayılır.

  • 28 iyun. Atatürk hava limanına hücum: 41 ölü, 239 yaralı

İstanbulun beynəlxalq Atatürk hava limanında atəş və bomba hücumu nəticəsində azı 41 nəfər həlak olub, 239 insan yaralanıb, rəsmilər bildirir.

İstanbul bələdiyyə rəhbəri ölənlərdən 13-nün xarici vətəndaşlar, qalanların isə türklər olduğunu bildirib.

Basqınçılar çərşənbə axşamı terminalın içində və kənarda atəş açmağa başlayıblar və polisin onlara atəş açmasından sonra özlərini partladıblar, rəsmilər bildirir.

Məlumata görə, xəsarət alanlar arasında xarici vətəndaşların da olduğu bildirilir.

  • 14 iyul. Nitsa teraktı

Fransanın Nitsa şəhərində baş verən hücum zamanı azı 84 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb, Fransa Daxili İşlər Nazirliyinin yaydığı ilkin məlumatda deyilir.

Fransa prezidenti Francois Hollande bildirib ki, Bastiliya günü hücumunda yaralanmış 50 nəfər hazırda “həyat və ölüm arasındadır”.

Onun sözlərinə görə, hücumdan sağ çıxmış insanlar da həyatlarının sonunadək travma daşıyacaqlar.

Hadisə şəhərin dənizkənarı bulvarında Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbir zamanı, yerli vaxtla saat 22:30-da baş verib. Yük maşını bayram fişənginə tamaşa edən minlərlə insan izdihamı içərisində 2 kilometrə qədər irəliləyib.

Şahidlərin bildirdiyinə görə, sürətli yük maşını daha çox insanı vurmaq üçün bilərəkdən dolanbac xətt üzrə hərəkət edib.

Polisin yük maşınının içindən silah və qumbaralar aşkar etdiyi bildirilir.
Sürücü güllələnib, yük maşınına baxış kerilərkən ordan qumbara və silah aşkar edilib. Maşında 31 yaşlı Tunis əsilli Nitsa sakininin sənədləri tapılıb, Agence France-Presse agentliyi xəbər verir.

  • 15 iyul. Türkiyədə hərbi çevriliş cəhdi

Türkiyədə dövlət çevirlişinə cəhd — 2016-cı ilin 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş hadisə. Cəhdin məqsədi Türkiyədə hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytı və TRT-də yayımlanan bildirişdə ordu idarəçiliyə əl qoyulduğunu bildirdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanının, TRT dövlət kanalının, hakim partiyanın Ankaradakı qərargahı zəbt olundu.Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar girov alındılar. Prezidentin baş katibi də əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.

Küçələrə tanklar yeridildi. Ölkənin hava limanları, nəqliyyat ötürücüləri nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.

Çevriliş cəhdi nəticəsində ümumilikdə 240 nəfər şəhid olub, 1 535 nəfər isə yaralanıb.

  • 24 avqust. İtaliyada zəlzələ: yüzlərlə adam həlak olub

24 avqust İtaliyanın mərkəzində güclü zəlzələ baş verib.

Yeraltı təkanlar nəticəsində İtaliyanın mərkəzindəki Amatriçe, Peskara-del-Tronto, Akkumoli və Arkuata şəhərlərində bir çox bina çöküb.

Məlumata görə təbii fəlakət ən azı 270 nəfərdən çox insanın ölümünə səbəb olub. 400-dək adamın xəstəxanalara yerləşdirildiyi bildirilir. 2 mindən artıq adam evsiz qalıb.

Ən çox ziyan çəkmiş 200-dən çox sakinini itirən Amatriçe şəhəridir. İtaliyanın baş naziri Matteo Renzi burda keçirilən matəm mərasiminə qatılacağını bildirib.

Ərazidə işləyən fövqəladə xidmətlərin qrupları ötən gündən bəri dağıntılar altında qalan sağ adam tapmayıblar və belə bir ehtimal getdikcə azalmaqdadır. Hökumət yoxa çıxanlar tapılana kimi xilasetmə əməliyyatlarının davam etdiriləcəyini bildirir.

Zəlzələ nəticəsində ölənlərin xatirəsini yad etmək üçün İtaliyada bir günlük matəm elan olundu. Ölkə boyunca dövlət bayraqları endirildi.

  • 2 sentyabr. Özbəkistan prezidenti İslam Kərimov vəfat edib

Özbəkistanın ilk prezidenti İslam Əbdülqənioviç Kərimov 78 yaşında vəfat edib.

Mərhum prezident İslam Kərimov Səmərqəndin mərkəzində yerləşən Registan meydanında təşkil edilən vida mərasimindən sonra dəfn edilib.

Məlumata görə, İ. Kərimov Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında dəfn olunub.

Onun cəsədini qohumları və vətəndaşlar meydandan məzarlığa çiyinlərində aparıblar.

İ. Kərimovu son mənzilə aralarında xarici nümayəndə heyətlərinin də olduğu minlərlə insan yola salıb.

Dəfn mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun ölümü ilə bağlı dünən rəsmi məlumat yayıb.

Ölkədə 3 günlük matəm elan olundu.

Qeyd edək ki, İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, keçmiş SSRİ-də Özbəkistan Kommunista Partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. İ.Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.

  • 8 oktyabr. Yəməndə ərəb koalisiyasının zərbəsi

Səudiyyənin rəhbərlik etdiyi koalisiya Yəmənin Sana şəhərində yas mərasimini bombalayıb.
Məlumatına görə, hücum zamanı 104 nəfər ölüb, 535 nəfər yaralanıb.

“Al Masirah” telekanalı bildirir ki, Səudiyyə qırıcılarının hücumu zamanı 140 nəfər şəhid olub, yaralıların sayını isə 450-dən çoxdur.

“Conflict News” xəbər verir ki, hücum zamanı şəhər meri Əbdülqədir Hilal da var. Məlumata görə, mərasim ölkənin sabiq daxil işlər nazirinin atasının adına təşkil olunubmuş.

  • 8 noyabr. Donald Tramp ABŞ-ın prezidenti seçildi

ABŞ-da 58-ci prezident seçkilərində səsvermə başa çatıb.

Hesablamalar D.Tramp-ın Viskonsində də qələbə qazandığını, beləliklə 276 səs topladığını göstərdi.

Beləliklə, Donald Trump ABŞ-ın prezidenti seçildi!

Tramp nəticələr bilinəndən sonra tərəfdarları qarşısında çıxış edib. O, prezident kimi diqqət yetirəcəyi məsələləri xatırladıb. Tramp rəqibi Klintonun artıq onu təbrik etdiyini bildirib və əlavə edib ki, Hillari Klinton dövlət xadimi kimi ABŞ üçün çox işlər görüb.

  • 26 noyabr. Kubanın əfsanəvi lideri Fidel Kastro öldü

Noyabrın 25-i, yerli vaxtla saat 22:29-da Kuba inqilabının lideri Fidel Castro 90 yaşında vəfat edib.

Bu haqda onun qardaşı Raul Castro məlumat verib.

Xəbəri Kubanın dövlət televiziyası yayıb.

Fidel Castro 1976-cı ildən 2008-ci ilə qədər Kuba dövlətinin rəhbəri olub.

Səhhəti ilə bağlı 2008-ci ildə bütün səlahiyyətlərini qardaşı Raul Castroya verib.

  • 15 dekabr. Xəzərdə estakada aşıb, 10 neftçi itkin düşüb

15 dekabr, səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

SOCAR-dan verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

  • 19 dekabr. Berlində yük maşını Milad yarmarkasına çırpılıb

Berlində izdihamlı Milad yarmarkalarının birinə yük maşınının çırpılması nəticəsində 12 nəfər həlak olub, daha 48 nəfər xəsarət alıb.

Almaniya mediası hadisə yerindəki polis əməkdaşlarına istinadən bildirir ki, açıq havada qurulan bazara hücum edildiyini göstərən əlamətlər var.

Hadisə İkinci Dünya Müharibəsindən xatirə kimi saxlanmış Kaiser Wilhelm kilsəsinin xarabalıqları yaxınlığında baş verib.

Reuters agentliyi yazır ki, hadisə ötən iyulda Fransanın Nitsa şəhərində ağır yük maşınının bulvarda gəzişən izdihamın üstünə sürülməsini xatırladır.

Bastiliya günündə 86 nəfərin ölümü ilə nəticələnmiş hücumu Tunis əsilli bir kişi törətmişdi.

Bu hücum üçün məsuliyyəti öz üzərinə İslam Dövləti adlandırılan qruplaşma götürmüşdü.

Xəbər verilir ki, Berlindəki hadisə yarmarkada Milad hədiyyələri alış-verişinin şıdırğı vaxtında baş verib.

  • 19 dekabr. Rusiyanın Türkiyədəki səfiri sui-qəsd nəticəsində həlak olub

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində dünyasını dəyişib.
“Bu gün Rusiya diplomatiyasının faciəvi günüdür. Ankarada rəsmi tədbirdə ağır yaralanan səfir Andrey Karlov dünyasını dəyişib”, deyə M.Zaxarova bildirib.

Son məlumata əsasən, səfirə atəş açan şəxs öldürülüb. İnsidentdən dərhal sonra hadisə yerinə Türkiyənin daxili işlər naziri Süleyman Soylu gəlib.

Ankarada Müasir İncəsənət Mərkəzində rəsm sərgisinin açılış mərasimində Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd olub.

İnsident fotosərginin açılışı zamanı baş verib.

Təsdiqlənməmiş məlumatlara görə, silahlı hücumdan sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünyasını dəyişib.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 88
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."