!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanla təbiətin harmoniyasını sevənlər – Çölçülər nəyə xidmət edir?

!Reklam – Yazi

Dünyadakı bir çox futuroloji nəzəriyyələrə görə hamımızın doğma evi olan Yer planeti sürətlə sonuna doğru yaxınlaşır. Əvvəl axır gələcək olan sonun sürətlə gəlməsinin səbəbi isə təbii ki, insanların ideal bir özünütənzimləmə mexanizminə sahib olan dünyaya mümkün təsirləridir.

Pessimistlərdən fərqli olaraq pozitivist nəzəriyyə tərəfdarları belə hesab edirlər ki, indiki mərhələnin özündə belə labüd sonu ləngidəcək, insanların daha harmoniyalı yaşamını təmin edəcək addımlar atmaq mümkündür. Bu baxımdan texnologiyanın sürətlə inkişaf etdiyi, insanın mənəvi-ruhi-psixoloji sisteminin yüzdə doxsan miqdarında rəqəmsallaşdığı müasir dünyada bir sıra pozitiv subkulturalar meydana çıxmaqda və hər gün daha çox insanı özünə cəlb etməkdədir. Sosiologiya, futurologiya və kulturologiya kimi elm sahələrində subkultura dedikdə mövcud olan mədəni sistemin əlahiddə əlavəsi rolunda çıxış edən düşüncə və yaşam tərzi nəzərdə tutulur. Başqa sözlə desək, subkultura mövcud mədəni sistemə alternativ təşkil etsə də onunla bütün əlaqələri qırıb atmır. Məşhur sosioloq O.Qluşkovaya görə, Submədəniyyət çoxluğun mədəniyyətindən öz dəyərlər sistemi, danışıq jarqonu, davranış mədəniyyəti və geyimi ilə fərqlənməyə çalışır.

Əslində müxtəlif ölkələrdə müxtəlif formalarda meydana çıxan bu cür subkulturalar onu yaşam tərzi kimi irəli sürənlərin yeni kəşfi olmayıb əksər hallarda toplumun-xalqın keçmiş yaşamından qaynaqlanır. Bu mənada tanınmış rejissor və televiziya menecmenti olan Eltən Qədimbəylinin fikir olaraq irəli sürdüyü çölçülük subkulturası da gen kodlarımız baxımından bizə elə də yad deyil. Azərbaycanlıların etnogenezində başlıca rol oynamış türk tayfalarının tarixin müəyyən dönəmində “Böyük Çöl mədəniyyəti”nin daşıyıcıları olduğu hər birimizə məlum olan bir həqiqətdir. Bu baxımdan çölçülük subkulturası da xeyli dərəcədə Böyük Çöl mədəniyyətindən təsirlənmişdir. Məsələnin maraqlı tərəflərindən biri bu subkulturanı formalaşdırmağa çalışan insanlar sırasında hələ dünyaya baxışı tam formalaşmamış gənclərin deyil, cəmiyyətdə kifayət qədər uğur qazanmış, dünyagörüşü kifayət qədər oturuşmuş olan şəxslərin – ziyalıların meyl etməsindən ibarətdir. Bu subkulturanın “fikir babası” adlandıra biləcəyimiz Eltən bəyin özü Azərbaycanda rejissorluq və televiziya menecmenti sahəsində kifayət qədər ciddi uğurlara imza atmış, Azərbaycanın bir sıra regionlarında televiziyaların qurulmasını uğurla həyata keçirmiş bir şəxsdir. Bu mənada çölçülüyü sadəcə olaraq gəncliyin keçici həvəsi kimi qiymətləndirmək də yanlış olardı.

İdeya olaraq meydana çıxdığı andan bəri tanış olduğum bu subkulturanın bugünəqədərki inkişaf xətti gözlərimin qarşısında baş verib. Eltən bəy ilə tanışlığımız illər öncəsinə dayanır. İlk tanıdığım dövrdən – 2007-ci ilin sonlarından bəri bu insanı daim yeni axtarışlar içərisində olan birisi kimi tanımışam. Bir zamanlar “Cənub” Regional Televiziyasının qurulması zamanı birgə fəaliyyətimiz, orada televiziya layihələrinin, xüsusən bugünkü çölçülüyün ilk forması kimi meydana çıxmış Eltən bəyin aparıcısı olduğu “Səyyah” layihəsində redaktor kimi fəaliyyətim bu insanın daim ideya axtarışında olduğunu müşahidə etməyimə səbəb olmuşdu. Nəhayətindən çölçülüyü ideya və yaşam tərzi olaraq özü üçün tam qətiləşdirən Eltən Qədimbəylinin irəli sürdüyü bu subkulturanın bəlkə də ən mühüm cəhəti onun alternativ yaşam tərzi axtarışında olan insanları cəmiyyətin mədəni-kulturoloji baxımdan inkişafı üçün müsbət addımlar atmağa motivasiya etməsidir.

Bəs artıq informasiya axınında tez-tez gözümüzə dəyməyə başlayan “çölçü axınları”, “çöldə yaşam öyüdləri”, “çölçü yaşam biçimi” ifadələrinin gerçək mahiyyəti nədən ibarətdir və “çölçü” dediyimiz bu insanlar hansı yaşam tərzini seçirlər? İlk növbədə aydınlaşdırmalı olduğumuz məqam ondan ibarətdir ki, çölçülük sağlam həyat tərzini, milli irsə sahib çıxan modern düşüncəni təbliğ edən bir subkulturadır.

Çölçülərin birləşdiyi “Çölçü klubu” yaradıcı insanların, elm adamlarının və işgüzar insanların klubudur. 2015-cı ildə rejissor Eltən Qədimbəyli tərəfindən əsası qoyulan çölçülüyü həm də ekstremal turizm, eko turizm, vəhşi təbiətdə sağ qalma üçün fiziki və psixoloji hazırlıq treninqlərinin sintezindən yaranan yeni bir turizm cərəyanı da adlandırmaq mümkündür. Bu yanaşmanın kökündə turizmin təkcə əyləncə, istirahət baxımından deyil, yeni bilik, bacarıqlar əldə etmək baxımından da maksimal dərəcədə effektlli olması tələbi prinsipial yer tutur. Buna görə də, Çölçü klubunun təşkil etdiyi çölçü axınlarından, komanda ruhunun formalaşdılması turlarından insanlar geriyə, adi turlarda olduğu kimi sadəcə xoş təəssüratlarla deyil, həm də yeni biliklər, bacarıqlara yiyələnərək qayıdırlar.

Müşahidələrimiz çölçülərə məxsus aşağıdakı cəhətləri xüsusiləşdirməmizə imkan verir. İlk növbədə bu subkulturanın daşıyıcıları məqsədlərinə doğru irəliləməkdə israrlı görünürlər, başqa sözlə ifadə etsək çölçü “qalib gəlmək üçün ayağa qalxmaların sayının yıxılmaların sayından cəmi bircə dəfə artıq olmalıdır” prinsipi ilə yaşayır. Pozitiv yaradıcı ideya olan çölçülük həm də standartları aşmağa və şablonlardan kənara çıxmağı əsas prinsip kimi müəyyənləşdiriyi üçün gənclər üçün cəlbedicidir. Yeniliyə daim açıq olan çölçülüyə görə fərdi inkişafın yeganə yolu yenilənməkdədir.
Diqqətlə nəzər yetirdiyimiz zaman görürük ki, çölçülük ideya olaraq həm də kollektivçilik ruhunu aşılamaqdadır, lakin bu kollektivçilik fərdin fərdi sərhədlərini sıxışdırmır.

Çölçülük Çölçü ən çətin vaziyyətlərdə də belə sağ qalmaq, bütün ümidlərin kəsildiyi yerdə belə ancaq özünə inanıb, ancaq özünə güvənib ayaqda qalmağı təşviq etdiyi üçün cəlbedicidir. Gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması üçün müxtəlif layihələrin gerçəkləşdirildiyi müasir dövrdə çölçülük subkulturası daha aktual mövqe əldə etmiş olur. Çünkü bu subkultura daşııcıları həm fizioloji həm də ruhi sağlam həyat tərzi keçirməli, zərərli vərdişlərdən, zəhərlərdən kənar olmağa çalışmalı, zərərli, zəhərli fikirlərdən də kənar olmağı bacarmalıdırlar.

Maraqlı məqamlardan biri də odur ki, çölçü subkulturasında insanlar dini, irqi, milli mənsubiyyətinə, sosial durumuna, cinsinə görə və yaşına görə bölünmür. Çölçü fəlsəfəsində hər bir insanın dəyəri, qiyməti həmin insanın bacarığı və yaşadığı topluma verdiyi dəyər və xeyirlə ölçülür. Bu subkulturanın daşıyıcılarının insanları bölməməsi geyim tərzində də təzahür edir. Çölçü geyim tərzi azadlıq və təbiətə yaxınlığı ilə seçilməklə yanaşı və eyni zamanda geyim tərzində və aksesuarlarda dəbə uyğunluğun yox, sadəliyi və praktikliyin önə çəkildiyini nümayiş etdirir.
Çölçülər dindən və siyasətdən uzaq, siyasi proseslərə maraq göstərməyən insanlardır və demək olar ki əksərən yaradıcı peşələrin sahibləri – rəssamlar, yazıçı və şairlər, aktyorlar, rejissorlar, bəstəkarlar, müğənnilər, jurnalistlər, dizaynerlər, fotoqrfalar eləcə də elm və biznes sahasində çalışan insanılardır.

Çölçülük istər sənət, istər elm, istər biznes sahəsində yenilikçi, mövcud olanla kifayətlənməyən, mövcud olanı dəyişməyə istedadı, biliyi və həvəsi olan, yeniliklər yaratmağı həyatının gündəminə çevirə bilən insanların bir yerdə toplayan yeni bir subkulturadır. Çölçülük insana öz keçmişini bilməyi, keçmişindən öyrənməyi, faydalanmağı və keçmişini özündə yaşatmağı öyrədir.

Maraqlıdır ki, bu subkultura daşıyıcılarının özünəməxsus qadağalar sistemi də formalaşıb. Məsələn, çölçülər hər kəsin dini – vicdan azadlığına hörmətlə, siyasi baxışlarına dözümlü yanaşsalarda bir araya toplandıqda dini və siyasi mövzularda fikir mübadilələrinin aparılması yasaqlanıb.

Bunun müxtəlif səbəbləri ola bilər, ancaq çölçülərin özlərinin dediyinə görə siyasi baxışlar və dini mənsubiyyət hər kəsin öz şəxsi işi olduğundan və hər kəsdə fərqli ola biləcəyindən onlar heç zaman bir birlərinin dini, siyasi mənsubiyyəti ilə maraqlanmır, bu baradə danışmırlar. İnsanların cinslərə bölünməsinə qarşı olduğu kimi, millətlərə, xalqlara bölünməsini, xüsusən də steriotiplər əsasında bölünmədən irəli gələn ayrı-ayrı millətlərin nümayəndələrinə fərqli münasibətləri də çölçü doğru hesab etmir. Çölçü hesab edir ki, insanların qiymətləndirilməsi və onlara münasibətin dininə, milli mənsubiyyətinə, irqinə görə müəyyənləşdirilməsi kimi hallar qeyri-insani yanaşmadır və insanın qiymətləndirilməsinin bircə ölçü vahidi ola bilər – bu isə həmin insanın yaşadığı cəmiyyət üçün faydalılığıdır.

Çölçülərin ideyalarını təbliğinin başlıca tribunasına çevrilməkdə olan Qafqaz TV-də və bir sıra internet portalları üzərindən yayımlanan “Çöldə yaşam öyüdləri” tele-layihəsinin başlıca məqsədi isə toplumda tanınmış insanların uğur hekayələrinin və çölçülük subkulturasına baxışının cəmiyyətə çatdırılmasıdır. Burada fərqli olan odur ki, çölçü dili ilə ifadə etsək insanlar hər zaman “beton cəngəlliklərdə” oturub təbiət haqqında danışırlar. Çölçülər isə düşünürlər ki, doğru olanı təbiətdə oturub beton cəngəlliklərdə məskunlaşmış sivilizasiyalı cəmiyyətin gələcəyi haqqında danışmaqdır. Bu təkcə danışmaq deyil, həm də təbiətin bizdən nəyi istədiyini, nəyi gözlədiyini düşünərək danışmaqdır.

Çölçülərin şəxsən mənim diqqətimi çəkən ən mühüm özəlliklərindən biri də öz dil üslubarına formalaşdırmağa çalışmaları, alınma sözlərdən maksimum imtina edib onları milli ruhumuzdan qaynaqlanan sözlərlə əvəz etməyə çalışmalarıdır. Bundan əlavə çölçülər mənim müşahidə etdiyim qədəri ilə milli döyüş sənətininin təbliğini də göz önündə tuturlar. Ən əsası isə bir gün yenidən dünya texnologiya və texniki imkanlarsız qalsa təbiətdə sağ qalmağın yollarını və vərdişlərini insanlara təbliğ etməyə çalışırlar.

Bu mənada büsbütün müsbət və pozitiv məqsədlərlə dolu olan, insanları aqressiv münasibətlər sistemindən çıxarıb harmonik münasibətlər sisteminə uyğunlaşdırmağa çalışan çölçü subkulturası daşıyıcıların saf niyyətlərinin hər zaman çağlaması və çölçü subkulturasının tarixdə müsbət rolu ilə seçiləcək bir axın olması arzusu ilə…

Elnur Kəlbizadə
Tarix üzrə fəlsəfə doktoru

Yenicag.az

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv