İntiharlar niyə artır? – Ekspert fikri

Müəllif: Redaktor

Editor

Son zamanlar ölkəmizdə intiharların sayı artıb. Biz də bunun səbəblərini bilmək üçün araşdırmalara başladıq. İntihar şüur yerindəykən özünü öldürməyə deyilir. İntihar qarşısı alına bilinəcək ölümdür. İntiharın səbəbləri kimi daha çox zorakılıq, ağır sosial-iqtisadi durum, ailə münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddət və psixi pozuntular göstərilir. Yetkin insanlarda olduğu kimi gənclərdə də depressiya vacib risk altına dınlara görə daha yüksəkdir.

İntihar səbəbləri müxtəlif olduğu kimi, üsulları da fərqlidir. Hətta bir neçə müddət bundan öncə intihar edənlərə tənqidlə yanaşan, intiharlar əleyhinə təbliğat aparan tanınmış psixoloq Dəyanət Rzayev də intihar etdi.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan sosial-psixoloq Naib Niftəliyev deyir ki, intiharlarla bağlı kifayət qədər araşdırmalar aparıb:

– “İnsanlar həm obyektiv, həm də subyektiv səbəblərdən intihar edirlər. Açıq demək lazımdır ki, buna səbəb birbaşa maddi-iqtisadi çətinliklərin, müəyyən sosial gərginliklərin artması ilə əlaqəlidir. Bunların hamısı üst-üstə düşür deyə sonda emosional partlayış baş verir. İntihar məqsədli şəkildə özünə qəsddir və özünü öldürmək niyyəti ilə həyata keçirilən bir addımdır. Aydın məsələdir ki, bu məsələdə təsadüfi hal ola bilməz. Səbəblər kifayət qədər aydın görünür. Bu prosesi aradan qaldırmaq üçün cəmiyyətin özündə sosial tarazlığı, gərginliyi və bərabərliyi aradan qaldırmaq üçün adekvat addımlar atılmalıdır. Əks halda, hər hansı bir tövsiyyənin, intiharla bağlı fikrin hallandırılması özü də bir piara xidmət edir. Çox vaxt psixoloqlar, sosioloqlar, digər ictimaiyyətçilər, intihar məsələsini təhqiq edən insanlar da əsas məsələdən diqqəti yayındırırlar və ya bəzən də müxtəlif şüarlar səsləndirirlər. Əslində, bunun özü dolayısı ilə intihara yönəltməkdir. Bu, odun üstünə benzin tökməyi xatırladır”.

Psixoloq Aidə Nəbiyevanın sözlərinə görə, son dövrlər insanların psixoloji durumunda dəyişikliklər baş verdikcə, intiharlara meylin sayı da artır:

– “Fikrimcə, intiharı daha çox işıqlandırmaq insanlarımızı meyilləndirir. Tarixən böyük intihar xəbərləri yayılanda, həmin ölkədə intiharların sayı dayanmadan artırdı. İntihar bir növ reklam sayılır. İntihar xəbərlərinin yayılması insanları hardasa şüuraltı buna sövq edir. Düşünsək, deyirlər ki, sosial-iqtisadi durum çətindir, bəli, mən də razıyam. 1941-45-ci ildə də sosial-iqtisadi durum çətin olub. Ancaq o zamanlar kütləvi intiharlar baş vermirdi. Son dövrlər insanlar sosial şəbəkələrə daha çox qapanıblar. Orada da intiharların başvermə səbəblərindən çox danışıldığından insanlar bir balaca sıxıntı görən kimi çıxış yolunu intiharda görürlər”.

Sosioloq Cavid İmamoğlu isə qeyd etdi ki, ümumiyyətlə, intihar sosial fenomen olaraq, bütün dünyada ölüm variantlarından biri olaraq genişlənib:

– “ABŞ-da hazırda ölümün ikinci səbəbi intihardır. Hal-hazırda tək Azərbaycanda deyil, bütün dünyada intiharın yaşı qocalmaq əvəzinə cavanlaşıb. Əvvəllər yalnız keçid dövrünə aid intihara cəhd olunurdusa, indi demək olar ki, bütün yaş dövrlərini əhatə edir. Təbii ki, Azərbaycanda da intihar elmi səviyyədə tam araşdırılmamış mövzudur. Bu, artıq ölkə səviyyəsində də ciddi problemdir. İntiharın klassik səbəbləri iki cür olur: Birincisi, daxili faktorlar (intiharın baş verməsi üçün şəxsin özü ilə bağlı), ikincisi isə xarici faktorlar (ölkədəki yoxsulluq dərəcəsi, işsizliyin artması, kreditləşmə, borclanma və s…). İnsanın şəxsiyyəti formalaşmayanda, möhkəmləşməyəndə dərhal bu cür intihar növləri baş verir. İntiharların səbəbləri üzrə əhali qrupları ayrı-ayrı araşdırılmalıdır”.

Son olaraq onu da qeyd edək ki, Azərbaycanda 1 ay ərzində 54 nəfər intihara cəhd edib, 40 nəfər ölüb. İntihar edənlərdən 3-ü uşaq, 13-ü yeniyetmə, 38-i gənc (14-ü qadın, 40-ı kişi) olub.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır