“Təəssüf ki, müxalifət daxilində əməkdaşlıqla bağlı addımlarımız cavabsız qalıb”.

Müsavat Partiyasının başqanı Arif Hacılı Yeniçağ.Az-a açıqlamasında ölkənin müxalifət düşərgəsində inteqrasiya prosesi və onun mümkün nəticələrindən danışıb:

“Müxalifət daxilində inteqrasiya prosesləri davamlı olaraq getməsə də, bizim bununla bağlı təkliflərimiz qüvvədədir və zaman-zaman bu məsələyə qayıdılır. Biz ölkədə dünyəvi dövlətin qurulması, demokratik cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyət göstərən siyasi qüvvələrlə əməkdaşlığa hazır olduğumuzu bildirmişik. Yenə deyirəm, əməkdaşlıqla bağlı təkliflərimiz qüvvədə qalır. Digər təşkilatlar bu təkliflərə müsbət yanaşsalar, o zaman müzakirələr intensivləşəcək.

Qeyd edim ki, ötənilki referendum dövründə, eləcə də ondan sonra bir sıra təşkilatlarla vahid mövqedən çıxış etmək üçün səy göstərdik və bunun da müəyyən nəticəsi oldu. Ümid edirəm ki, əldə olunan nəticələri inkişaf etdirə bilərik.

Son dövrlərdə hansısa formatların yaradılmasına o qədər də maraq göstərilmir. Lakin 2018-ci ildə prezident seçkiləri keçirilməlidir və eyni zamanda, gələn il həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Ona görə də gələn il siyasi proseslərin aktivləşəcəyi və siyasi qüvvələr arasında əməkdaşlığın daha da aktuallaşacağı gözlənilir”.

Hacılı onu da qeyd edib ki, müxalifət daxilindəki əsas siyasi qüvvələr əməkdaşlıq məsələsinə eyni dərəcədə müsbət yanaşsaydılar, o zaman vəziyyət də indikindən fərqli olardı. Müsavat başqanı özünü müxalifətdaxili inteqrasiyadan kənar saxlayan təşkilatın AXCP olduğunu inkar etməyib:

“Müsavatın xoşməramlı təşəbbüslərinə adekvat reaksiya göstərilsəydi, yəqin ki müxalifətin əməkdaşlıqla bağlı vəziyyəti indikindən qat-qat yaxşı olardı. Bir daha qeyd edirəm ki, demokratik cəmiyyət quruculuğu uğrunda fəaliyyət göstərən siyasi təşkilat və ictimai birliklərlə əməkdaşlığa hazır olduğumuzu dəfələrlə bildirmişik. Ancaq təəssüf ki, hələlik ciddi bir əməkdaşlıq mərkəzinin yaradılmasına, eyni zamanda, bəzi məsələlərdə eyni mövqedən çıxış etməyə yönələn addımlarımız cavabsız qalıb”.

Müsavat başqanının fikrincə, hakimiyyətin siyasi fəaliyyətə yaratdığı məhdudiyyətlər cəmiyyətin fədakarlığı sayəsində aradan qalxa bilər:

“İqtidar müxalifəti siyasi sistemin tərkib hissəsi saymır. Hakimiyyət ölkənin siyasi qüvvələrinə bərabərhüquqlu rəqabət şəraiti yaratmaq barəsində nəinki düşünmür, əksinə, müxalifətin sıradan çıxarılmasına cəhd göstərir. Hətta bu yanaşma dövlət başçısı səviyyəsində dilə gətirilir, bununla bağlı fikir bildirilir. Belə bir vəziyyətdə hakimiyyətin ölkədə real siyasi proseslərə meydan verəcəyinə ümid bəsləmək sadəlövhlük olardı.

Ancaq Azərbaycan cəmiyyəti fəallaşarsa və müxalifətə sözü yox, fəaliyyəti ilə dəstək verərsə, ölkədə siyasi vəziyyət dəyişə bilər. O baxımdan düşünürəm ki, cəmiyyətin fədakarlığı sayəsində gələn il ölkədəki siyasi vəziyyət dəyişəcək”.

A.Zeynalov
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."