www.sinerjipro.net

SinerjiProWide
Reklam

uuAzərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Tələbələrin universitetdaxili intizam qaydaları” layihəsi tələbələrin və universitet əməkdaşlarının müzakirəsinə verilib.

Universitetdən verilən məlumata görə, Təhsil Nazirliyinin müvafiq qaydaları nəzərə alınmaqla hazırlanan sənəd layihəsi ADİU-da təhsil alan bütün tələbələrin universitet daxilində ümumi davranışını və tədris prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.

Qaydaların məqsədi tələbələr arasında tədris intizamını möhkəmləndirmək və onlarda tədris prosesinə şüurlu yanaşmanı formalaşdırmaqdır. Bu qaydalar universitetə daxil olduğu andan etibarən bütün tələbələr üçün məcburidir.

Sənədə görə, universitet binasında məşğələ zamanı dəhlizlərdə ucadan danışmaq, səs-küy salmaq, zəngdən sonra auditoriyaya girmək, dərs zamanı auditoriyanı tərk etmək, mobil telefonlardan istifadə etmək, kitabxanalarda oxuculara mane olacaq səviyyədə danışmaq, qadağan olunmuş yerlərdə siqaret çəkmək, spirtli içkilər içmək və ya spirtli içki içərək universitet binasına daxil olmaq, dəhlizləri və auditoriyaları zibilləmək qadağan edilir.

Bu qaydalara görə, tələbələrə başqalarına qarşı kobudluq və hörmətsizlik etdikdə, başqalarını narahat edəcək şəkildə ucadan danışdıqda, qışqırdıqda, səs-küy saldıqda, ətrafın təmizliyinə riayət etmədikdə xəbərdarliq ediləcək. Dərs vaxtı auditoriyada mobil telefonlardan istifadə etdikdə, universitet daxilində icazəsiz olaraq elan və digər yazılı məlumatlar yaydıqda, başqalarına qəsdən sözlə və hərəkətlə sataşdıqda, imtahanlarda köçürməyə cəhd etdikdə isə tələbələrə töhmət veriləcək.

Qaydalara görə, universitet daxilində siyasi və dini təbliğatla məşğul olan, intizam qaydalarının pozulması ilə bağlı aparılan təhqiqata mane olan, universitetdən aldığı və ona aid olan sənədi istifadə üçün başqasına verən və başqasına aid olan sənədi özü üçün istifadə edən, universitet daxilində və xaricində şəxslərin şərəf və ləyaqətini alçaldan şifahi və ya yazılı fəaliyyət göstərən, universitetdə spirtli içki içən və ya universitetə içkili vəziyyətdə gələn, universitetdə qadağan olunmuş yerlərdə siqaret çəkən, imtahanlarda köçürən və ya köçürməyə şərait yaradan, buraxılış işləri, dissertasiya və s. yazılışında müəllif hüquqlarını kobud şəkildə pozan, dil, irq, milli mənsubiyyət, din və məzhəb kimi əlamətlərə görə qütbləşmələr yaradacaq fəaliyyət göstərən tələbəyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilir.

Sənəddə, həmçinin universitet əməkdaşları və tələbələrinə hədə-qorxu gələn, zor tətbiq edən, bilərəkdən universitetin nüfuzuna xələl gətirən tədbirlər keçirən, iclaslar, mitinqlər və nümayişlər təşkil edən, təbliğatlar aparan, universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir edən, universitetdə oğurluq edən, universitetin bina və inventarlarını yararsız hala salan və informasiya sisteminə ciddi zərər vuran, imtahanlarda hədə-qorxu gələrək köçürən, bilərəkdən öz əvəzinə başqasının imtahan verməsinə şərait yaradan və ya başqasının əvəzinə imtahan verən, imtahan suallarını hər hansı qeyri-qanuni yolla əldə edən, universitetə aid olan hər hansı bir sənəddə dəyişikliklər edən və ya imzanı saxtalaşdıran, universitetin informasiya bazasına girərək özünün və ya başqasının lehinə qanunsuz əməliyyatlar aparan, universitet əməkdaşlarını rüşvət, hədiyyə, tapşırıq və başqa yollarla ələ almaq məqsədi daşıyan davranışlara yol verən tələbələrin universitetdən xaric edilməsi nəzərdə tutulur.

Layihə sənədinin müzakirəsi sentyabr ayınadək davam edəcək. Sənəd universitetin Elmi şurasında təsdiqlənib yeni tədris ilindən qüvvəyə minəcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."