"Azərbaycan hərb yolu ilə torpaqları bir aya işğalçılardan azad edə bilər"

Müəllif: Redaktor

Editor

Azər Verdiyev: “Ermənistan iqtidarı öz xalqını uçuruma aparır və bunu artıq o ölkənin ictimaiyyəti anlayır”

Həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini ildən-ilə gücləndirir, onu dünya dövlətlərinin etibarlı tərəfdaşına çevirir. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə ölkəmizin haqlı mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsinə də öz müsbət təsirini göstərir. Elə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd edilən məsələyə toxunan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, keçən il bizim beynəlxalq əlaqələrimiz daha da genişlənib. Dövlət başçısı deyib ki, Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır: “Xüsusilə son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə bizim nümunəmiz əlbəttə ki, daha çox diqqət cəlb edir və bizə daha böyük rəğbətlə yanaşırlar. Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaratdı. Bu qrup artıq fəaliyyətə başlayır. Bu, bizim böyük uğurumuzdur. Son illər ərzində bizim fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul etmişdir”.

Çıxışı zamanı Dağlıq Qarabağ probleminə də geniş yer ayıran Azərbaycan Prezidenti bildirib ki, problemin həlli yolları bəllidir: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir – status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq”.

Dövlət başçısı aprel döyüşlərinə də toxunaraq diqqətə çatdırıb ki, 2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur: “Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik. Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur”.

Əslində Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Dağlıq Qarabağ problemi ilə bağlı fikirlərini işğalçı Ermənistana bir xəbərdarlıq mesajı kimi də dəyərləndirmək olar. Bəs görəsən Azərbaycan Prezidntinin işğalçı ölkəyə ünvanladığı xəbərdarlıq mesajından Ermənistan rəhbərliyi nəticə çıxaracaqmı? Əks təqdirdə İrəvanı hansı nəticələr gözləyir? Eləcə də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin getdikcə güclənməsi, ölkəmizin etibarlı tərəfdaşa çevrilməsi bu proseslərə hansı formada təsir göstərə bilər?

Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, siyasi təhlilçi Azər Verdiyev də deyir ki, Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin xəbərdarlıq mesajlarından nəticə çıxarmağa məhkumdur. Onun sözlərinə görə, növbəti bir aprel döyüşü bu ölkənin məhvi demək olar: “Bilirsiniz, Ermənistanda vəziyyət başqa cürdü. O dövlət müstəqil deyil və iqtisadiyyatı tamamilə çökmüş durumdadır. Bundan başqa hökümətə terrorçular rəhbərlik edir. Belə bir rejimlə hansı danışıqları aparmaq olar ki? Hesab edirəm ki, Ermənistan iqtidarı öz xalqını uçuruma aparır və bunu artıq o ölkənin ictimaiyyəti anlayır”.

Azər Verdiyev problemin həlli istiqamətində hər an dönüş baş verə biləcəyini də istisna etmir: “Dağlıq Qarabağ probleminin həllində hər an dönüş ola bilər. Ümumiyyətlə, Azərbaycan hərb yolu ilə torpaqları bir aya tamamilə işğalçılardan azad edə bilər. Ancaq biz sülh ölkəsiyik. Eyni zamanda biz BMT-nin 4 qətnaməsinin icrasını gözləyirik. Hesab edirəm bu il dönuş olacaq”. Azərbaycanın uğurlu xarici siyasəti və beynəlxalq səviyyədə qurulan əlaqələrə gəlincə İctimai Birlik sədri deyib ki, bu baxımdan 2016-cı il uğurlu olub: “Bütün bunların göstəricisidir ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Ümumiyyətlə, ötən il beynəlxalq münasibətlər sistemin olduqca ziddiyətli proseslər baş verdi. Böyük güclərin toqquşan maraqları Yaxın Şərqdə onsuz da səngiməyən gərginliyi daha da artırdı. Ancaq Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Ölkədə “Mültikultralizm İli” elan olundu. “Multikulturalizm İli” çərçivəsində bir neçə beynəlxalq konfrans həyata keçirildi. Bundan başqa xarici siyasətdə ölkəmiz inanılmaz uğurlara imza atmış oldu. Prezident İlham Əliyevin şəxsi nüfuzu, siyasi müdrikliyi isə ötən il özünü daha açıq şəkildə biruzə verdi”.

Azər Verdiyevin sözlərinə görə, ayrı-ayrı ölkələrlə qurulan ikitərəfli əlaqələr Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirilməsinə də öz müsbət təsirini göstərdi: “Azərbaycanın yürütdüyü xarici siyasət kursu olduqca sistematik və nümunəvidir. Hətta bəzən bir çox ölkələr bizim xarici siyasəti model olaraq qəbil edib öz ölkələrində tətbiq edirlər. Eyni zamanda ölkəmiz investorlar üçün kifayət qədər cəlbedicidir. Bu faktor həm də ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişafı üçün zəmin yaratmış olur. Hesab edirəm ki, 2017-ci il də ölkəmiz üçün olduqca uğurlu il olacaq. Eyni zamanda qeyri-hökumət təşkilatlarının xarici tədbirlərdə iştirakı məsələsini də dövlətin nəzarətə götürməsini və dəstək olmasını gözləyirəm. Əminəm ki, biz bu il torpaqları işğaldan azad etməyə müvəffəq olacağıq. Çünki Azərbaycan Silahlı Qüvvələri buna qadirdir”.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır