!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran gülləbaranında 3 iz: Molla rejimi kimi qurban verəcək?

!Reklam – Yazi

Xəbər verildiyi kimi, İran parlamentində atəş səsləri eşidilib. Məlumata görə, parlamentə 3 silahlı daxil olub, iki nəfər yaralanıb. “Tasnim” xəbər agentliyinin verdiyi məlumata görə, dünən axşam saatlarından bəri bir qrup etirazçı parlamentin qarşısına toplaşıb. İnsidentin hazırda davam etdiyi bildirilir.

Bəzi yerli qaynaqlar parlamentdə girov götürülənlərin olduğunu bildirir. Baş verən bu insidentdən bir müddət sonra Ayətulla Xomeyninin türbəsinə də atəş açılıb. Bu olay görəsən İranda başa çatan prezident seçkilərinə etiraz ola bilərmi?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Yenicag.az-a açıqlamasında bildirdi ki, İrandakı olay prezident seçkilərinin nəticələrilə bağlı hadisə deyil:

“Hadisə yenicə baş verib. Odur ki, səhnə tam aydınlaşmayıb. İranda əvvəllər də bu tip terror hadisələri olub. Düzdür, parlament binası və Xomeyninin türbəsinə bu şəkildə hücumlar olmayıb. Amma ayrı-ayrı vaxtlarda İranın müxtəlif məscidlərində partlayışlar baş verib. Bir neçə il bundan əvvəl Məşəddə İmam Rza məqbərəsində partlayış olmuşdu. Hətta Xomeyninin məqbərəsinə yaxınlaşaraq orada aksiya keçirtməyə cəhd edənlər olub. Son hadisənin gedişaatından görünür ki, planlaşdırılmış aksiyadır. Çünki eyni zamanda, həm məqbərəyə hücum olunub, həm də parlamentə. Adətən, bu tip olaylarda hadisəni törədənlər qismində “İran xalq mücahidləri”nin adı hallanır. Lakin Suriya və İraqda İranın son zamanlar fəallıq nümayiş etdirməsi və Əsəd rejimini müdafiə etməsi vəziyyətə bir qədər fərqli yanaşaraq fərqli düşünməyə imkan verir. Ehtimal etmək olar ki, bu terroru törədən dəstə Suriyada İrana qarşı olan qüvvələrdən ibarət olan qrupdur. Məsələn İŞİD-in həmin olayda əli ola bilər. Ya da Səudiyyə Ərəbistanının Suriyada dəstəklədiyi təşkilatlardan hansısa biri onu törədib. Lakin başqa bir versiya da istisna deyil. Əvvəlki illərdə də bu kimi hadisələri İran hakimiyyətinin özünün qəsdən törətdiyini bildirirdilər. Bir sıra məlumatlara görə hakimiyyət dairələri ölkədə vəziyyət gərgin olanda, müəyyən etiraz dalğası qalxan ərəfədə, prosesin qarşısını almaq üçün bu kimi az xəsarətli hadisələr törədiblər. Odur ki, İranda baş verən son olayla bağlı üç iz axtarılmalıdır. Yəni hadisəni “İran Xalq Mücahidləri” təşkilatı, İŞİD və yaxud Suriyada fəaliyyət göstərən İrana qarşı olan qüvvələr və İran hakimiyyətinin özü törədə bilər”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

846
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv